Düşünürəm ki, çoxlarına gələcəkdə yaşayacağı hadisələri bilmək maraqlıdır. Hər insan bunu etiraf etməsə də, xüsusilə qadınlar tez-tez falçılara, ekstrasenslərə müraciət edir. Mən də oxuculara maraqlı olacağını düşünərək, ekstrasenslə söhbətləşmək qərarına gəldim. Necə deyərlər, fala inanma, faldan da qalma… Bu dəfə müsahibim uzun müddət Rusiyada fəaliyyət göstərmiş, hazırda Bakıda çalışan ekstrasens Aqil Məhərrəmovdur.
Musavat.com saytının suallarına cavab verən Aqil Məhərrəmov ilə söhbətə ölkəmizdə ekstrasenslərə olan münasibətdən başlayırıq:
- Hələ də Azərbaycanda ekstrasenslərə qeyri-ciddi peşə sahibləri kimi baxırlar və ya falçılarla ekstrasenslər fərqləndirilmir. Bu cür münasibət nədən irəli gəlir?
- Bu sahə bəzi ölkələrdə təsdiq olunub. Bizim kimi müsəlman ölkələrinin çoxu isə ekstrasensləri ciddi qəbul etmir. Ekstrasenslərlə falçılar arasında fərqlər çoxdur. Falçılar ancaq hansısa vasitə ilə fala baxırlar, onlar dəqiq məlumat verə bilmirlər. Ümumi sözlərdən istifadə edirlər. Ekstrasenslər isə gözə, insanın aurasına baxaraq dəqiq məlumat verə bilirlər. Falçı o energetik auraya daxil ola bilməz. Azərbaycanda İslam dini dərin kök saldığı üçün insanlar ekstrasensləri ciddi qəbul etmir. Quran ayələrində “gələcəyi görmək mümkün deyil” kimi fikirlər yoxdur. Orada yazılıb ki, magiya ilə məşğul olmaq olmaz. Hər ekstrasens də magiya ilə məşğul olmur.
- Görücülük qabiliyyətinizin olduğunu nə zaman dərk etdiniz?
- 13 yaşımda iki ay yatıb, ayılmamışam. Əlimdə onun faktiki sübutu da var. Respublika Xəstəxanasında məni 6 ay müalicə ediblər, sənədlərim də hazırda xəstəxanadadır. O hadisədən sonra beynim adi insanlardan 15-20% daha güclü işləyir, çox şeyi hiss edirəm. Məsələn, hamilə qadın da olacaq pis şeyləri tez hiss edir, çünki hissləri açıq olur. Travma almış insan da həssas olur. Biz digər insanlardan fərqliyik, lakin görücülüyü vergi adlandırmaq olmaz, bu yanlış fikirdir.
- Sizə qadınlar, yoxsa kişilər daha çox müraciət edir? Əsasən istəkləri nədən ibarət olur?
- Çox qəribədir ki, son zamanlar kişilər daha tez-tez müraciət edir, işlərində problem olduğunu bildirirlər. Kişilərin gəliş səbəbi işlə, maddi sıxıntı ilə bağlıdır.
- Bəs qadınlar..?
- Qadınlar müxtəlif səbəblərə görə mənə üz tuturlar. Hər yaş qrupunun öz tələbi olur. Gənc xanımlar əsasən ailə qurmaq üçün müraciət edirlər. Hazırda Azərbaycanda yaxşı insanla ailə qurmaq problemdir, elə insanı tapmaq çətindir. Orta yaşlı insanlar isə övladları və ailə həyatları üçün gəlirlər.
- Ekstrasenslər nələri görə bilmir və ya o haqda məlumat verə bilməz?
- Ölüm tarixi barədə məlumat verə bilmərik. Bizim də öz qaydalarımız var. Trans deyilən bir sistem var, ektrasens o sistemə çatanda şəkillər görür. Rəngli şəkillər 30% təşkil edir, onu demək olar, digərləri barədə isə məlumat vermək olmaz. Alın yazısı deyilən bir sistem də var, o insan həyatının 20%-ni təşkil edir. İnsan birini öldürürsə, bu, alın yazısı deyil, şəxsi seçimidir. Allah günah saydığı şeyləri insanın alnına yazmır, insan verdiyi qərarlarla həyatını yönləndirir.
- Hansı məsələlərlə bağlı edilən müraciətləri qəbul etmirsiniz?
- Pisliklə bağlı məsələlərə əməl etmirəm. Məsələn, biri vəzifəyə keçmək istədiyini deyir. Mən onu vəzifəyə gətirsəm, digərinə pislik etmiş olacağam, amma bu işi edirəm. Bəzən isə deyirlər ki, filankəs balama əməl etdi, övladım öldü. Elə et ki, onun da balası ölsün. Bunu etmirəm...
- O zaman bir az da şou-biznesdən danışaq. Sənət adamları barədə səsləndirdiyiniz fikirlər çox zaman öz təsdiqini tapıb. İndi şou-biznes əhlinin aqibəti barədə nə deyə bilərsiniz?
- Şou-biznes var, indi..?
- Demək olar ki, yoxdur...
- Maddi çətinliklər onlara da təsir edib, hamısı qış yuxusuna gediblər. Ona görə də, onlar haqda danışmağa dəyməz. İlhamə Quliyeva rəhmətə getdikdən sonra şou-biznes tamamilə öldü.
- İlhamə Quliyeva demişkən, xalq artisti vəfat etsə də, haqqında söz-söhbətlər tükənmir. Onun ölümü barədə nə deyə bilərsiniz? Çünki sui-qəsd ehtimalı olduğu da iddia edilir. Oğlunun onun ölümündə rolu varmı?
- Qalmaqallı məsələlər barədə danışmaq istəmirəm. Onu deyə bilərəm ki, İlhamə Quliyevanın ölümündə oğlu Orxan Nadirovun günahı yoxdur.
- Keçək, digər sənət adamlarına... Məsələn, yaxın zamanlarda xalq artisti Flora Kərimovanı nələr gözləyir?
- Flora xanımda ciddi xəstəlik görürəm, son zamanlar əsəbləri çox gərginləşib, müalicə alsa, yaxşı olar. Özündən çox başqalarını düşünür. Energetikasında başqa adamların fikrini görürəm. Fikir eləməsin, bir az özünü düşünsün.
- Müğənni Aygün Kazımova...
- Aygün xanım mənim dediyimi təkzib etsə də, bir müddət sonra özü telekanalların birində baş verənləri etiraf etdi. Mən demişdim ki, müqavilə bağlayanda ehtiyatlı olsun, onu aldadacaqlar. Özü də etiraf etdi ki, “Snoop Dogg” layihəsində külli miqdarda pulunu mənimsəyiblər, o da evini, maşınını satıb. Demişdim ki, səs tellərində problem yaranacaq. O açıqlamamdan sonra da Türkiyəyə müalicəyə getdi. Ona qarşı gözəl münasibətim var, sadəcə yalan danışan insanları sevmirəm, Aygün xanım da yalan danışır. Bu ilin axırında Aygün xanımın həyatında sevgi olacaq, münasibəti 3 il çəkəcək, sonra isə ayrılacaqlar. Aygün xanım uşaq kimidir, tez inanır, alışır-yanır, tez də münasibətdən soyuyur...
- (Stolun üstündə dəsmala bükülmüş kartları işarə edərək) Kartlarınız yanınızdaykən bəlkə kart açaraq, sənətçilərin gələcəyindən xəbər verəsiniz?
- Olar, amma kart açdığım zaman şəkil çəkməyə icazə vermirəm, söhbət də etmək olmaz. Aygün xanımla davam edirəm. Hələlik Aygün xanımı yaxşı heç nə gözləmir, bu aralar gördüyü işlər uğursuz olacaq. Lakin bir neçə ay sonra partlayış edəcək, deyə bilərəm ki, Aygün yenidən qayıdır.
- İyunun 18-də Nabranda konsert proqramı ilə çıxış edəcək...
- Konsert uğursuz olacaq. Növbəti iki aydan sonra yolu açılacaq. Ona külli miqdarda pul gələcək, bu, hədiyyə də ola bilər. Bundan sonra həyatı yaxşılığa doğru dəyişəcək. Son günlər ekstrasens yanında olub, onun adına görülən iş var. Aygün xanıma əməliyyat da görürəm, amma ölməyəcək.
- Namiq Qaraçuxurlu...
- Meyxanaçılar və aparıcılar barədə danışmıram. Öz şəxsi fikrimdir.
- Müğənni Faiq Ağayev...
- Faiq Ağayevə cadu ediblər, ona görə də sənətində inkişaf yoxdur. Ona qarğış ediblər, üzərində ağırlıq var. Öz səhhətində problemlər olacaq, depressiya, gərginlik yaşayacaq. Ümumiyyətlə, Faiq Ağayevdə irəliləyiş görmürəm. Anasının səhhətində də problem olacaq.
- Müğənni Röya Ayxan...
- Röya böyük biznesə başlayır, amma gizlədir. Biznesi uğurlu olacaq, külli miqdarda pul qazanacaq. Röyanın həyatında bir şəxs görürəm, ifaçı onunla ailə qurmaq istəyir, amma fikrini dəyişsə, daha yaxşı olar. Onu ailədə görə bilmirəm, keçmişlə gələcək arasında qalıb. Keçmişini buraxsa, yaxşı olacaq. Son zamanlar özünü çox istəməyə başlayıb, bir az sadə olsa, yaxşı olar. İlk evliliyinin dağılmasına səbəb öz səhv addımları olub. Röya uzaq səfərə gedəcək, Türkiyəni nəzərdə tutmuram. Oradan qayıdandan sonra hər şey həyatında yaxşılığa doğru dəyişəcək. Hazırda isə Röya barədə yaxşı heç nə görmürəm. Röyanın fəxri ad alacağını demişdim. Ümumi götürəndə isə Röya yaxşı insandır, qəlbi təmizdir.
- Müğənni Günay İbrahimli...
- Günay haqda dediklərim həmişə çıxır. Yenə başını bəlaya salır, tezliklə homoseksualla işbirliyinə başlayacaq. Lakin işbirliyi Günaya zərbə olaraq bitəcək. Günay maddi sıxıntılar çəkir. Hazırda ona evlilik təklifi edilib, amma Günay hələ qərar verməyib. Günayın sənəd problemi olacaq. Yetərincə ağlı olsa da, səhv addımlar atır. Düzgün seçim etsə də, axırda münasibətləri pozur. Ona məsləhət görürəm ki, yüz ölçüb, bir biçsin...
- Hazırda teleaparıcı Samirə Mustafayeva ilə Vaqif Aydınoğlunun ayrılması gündəmdədir. Onların aqibəti necə olacaq?
- Şəxsi məsələləridir, bu haqda danışmaq istəmirəm. Onu deyə bilərəm ki, tezliklə barışacaqlar. Mən sizə sual verə bilərəm?
- Əlbəttə...
- (Kartları qarışdırıb, yenidən açır). Hamının gələcəyini öyrənməyə çalışırsınız. Bir az da sizdən danışacağam, görüm yazacaqsınız? (Gülərək, yazacağımı təsdiq edirəm) Son vaxtlar sizə iş təklifi olub. Niyə qəbul etməmisiniz?
- Özümü əlavə iş görməyə hazır hiss etmirdim...
- Məncə, qəbul edə bilərdiniz. Səhhətinizlə bağlı problemlər yaşayacaqsınız, qanınzı analiz etdirin. Yoxsa, uzun müddət xəstəlikdən əziyyət çəkəcəksiniz, buna görə işdən ayrılacaqsınız.
- Bir dəfəlik deyin ki, öləcəyəm də...
- Ölməyəcəksiniz. Atanızın qohumu olan qadın sizə cadu etmək istəyir, amma alınmır. Cadunuz yoxdur. Ev almaq barədə plan qurursunuz, amma bu, tezliklə olmayacaq. Yaxın zamanlarda külli miqdarda əlinizə pul gələcək. Bir də tezliklə toy görürəm, o toyda iştirak edən yaxın qohum qadınlardan biri rəhmətə gedəcək. Qorxunuz var, məscidə gedib, qorxunuzu götüzdürün. İndi inanmayan baxışlarla mənə baxa bilərsiniz, dediklərim çıxdığı zaman edəcəyiniz zəngi gözləyirəm...
- Mənim barəmdə bu qədər mənfi fikirlər kifayətdir. Bir az da sosial məsələlərdən danışaq... İnsanları ən çox maraqlandıran suallardan biri də 3-cü devalvasiyadır. 3-cü devalvasiya gözlənilirmi?
- Siyasət, sosial məsələlər, məmurlar haqda danışmıram. Yalnız onu deyə bilərəm ki, 3-cü devalvasiya gözlənilmir. Mənə belə suallar verməyin, sonra başım ağrıyır...
- Dediyinizdən belə başa düşdüm ki, gördüyünüz işə, dediyiniz sözə görə tez-tez təhlükə ilə qarşılaşırsınız...
- Əlbəttə qarşılaşmışam. Bir məşhur haqda dediklərimdən sonra iki insan məni izləyirdi. Hətta məni öldürmək də istəyirdilər. Dəfələrlə məni ölümlə hədələyiblər. Amma mən yenə də sözümü demişəm.
MilliYol.Az
Digər xəbərlər
loading...