Azərbaycan millisinin sabiq atleti Layeş Abdullayeva şok açıqlamalar verib
Yenicag.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, efiopiyalı marafonçu Azərbaycanda başına gələnlərdən söz açıb.
Azərbaycan millisinə 2009-cu ildə türk məşqçinin dəvəti ilə gəldiyini deyən 26 yaşlı atlet ona Azərbaycan Atletika Federasiyası tərəfindən verilən vədlərin yerinə yetirilmədiyini qeyd edib:
"Yarışlarda qalib gələcəyim halda, mənə yaxşı maaş, ev, bahalı maşınlar vəd elədilər. Ancaq heç birini görmədim. Mənə mükafat kimi verilən pulumu oğurladılar, aldadıb dopinqə məcbur etdilər. İndi hamıya məsləhət görürəm ki, bu vədlərə inanmasınlar".
Məsələ burasındadır ki, Layeşə aylıq 300 dollar, yaxşı nəticə göstərəcəyi halda isə 1000 dollar maaş vəd olunub. Milliləşdirilmiş atlet Avropa üzrə gümüş medal qazansa da, o, cəmi 150 dollar maaş ala bilib:
"8 aydan sonra məşqçimdən soruşdum ki, niyə mənə 1000 dolları vermirlər, federasiya prezidentinə şikayət edəcəyimlə hədələdim. Bunu deyən kimi pulu cibindən çıxarıb mənə verdi. Deməli, elə üçüncü aydan pulu cibində saxlayırmış".
Ancaq idmançı bundan sonra da Azərbaycanın maraqları uğrunda yarışmaqda davam edib. Layeşin sözlərinə görə, 2012-ci il London Olimpiadasında məşqçisi ona həb verib. Onun sözlərinə görə, 2011-ci ildə Stokholmda zədələnməsinə baxmayaraq, ona yarışmaq əmri verilib. Məşqçisi Mitin Sesak ona yaxınlaşaraq ağzını açmasını istəyib və dilinin üstünə bir həb qoyub. İdmançı ondan bunun nə olduğunu soruşanda isə məşqçi deyib ki, "qorxanda sənə kömək edəcək, güclü olacaqsan".
Layeş dərman qutusunun üstünü oxuyub, "tribulus testosterone" yazıldığını görüb və internetdə onun əks göstəriciləri barədə informasiya əldə edib. Öyrənib ki, bunun bir mənfi nəticəsi də sonsuzluq imiş:
"Bu, məni çox qəzəbləndirdi. Daha yaxşı həyat uğrunda çarpışırdım, ancaq gələcəkdə uşağa qalmaqla bağlı problem istəmirdim. Amma onların vecinə deyildi".
Layeş bu hadisədən 4 il sonra Azərbaycanı tərk edib. 2013-cü ildə hökumət ona bir yarışmanı udduğuna görə 25 min dollar veribmiş. Ancaq iddiasına görə, Azərbaycan Atletika Federasiyasının prezidenti həmin pulun 7 min dollarını götürüb və bundan sonra ona maaş verməyi də dayandırıb. "Azərbaycan üçün əlimdən gələni etdim. Çox çalışdım, yaxşı qaçdım, ancaq sonda mənimlə zibil kimi davrandılar", - deyə Abdullayeva bildirib.
Qeyd edək ki, 1500, 3000, 5000 və 10000 m məsafələrə qaçışda yığmamızın şərəfini qorumuş atlet 2009-cu ildə Azərbaycan vətəndaşlığını qəbul etmişdi. O, millimizin heyətində Avropa çempionu (U-23, 5000 m və 10000 m) adını qazanıb. Həmçinin qitə və dünya çempionatlarında, İslamiadada komandamızın aktivinə müxtəlif əyarlı medallar yazdırıb. London-2012-də də ölkəmiz adından çıxış edib.
MilliYol.Az
Digər xəbərlər
loading...