Avropa mətbuatı Kadırov Çeçenistanının heç bir federal qanuna tabe olmayan müstəqil dövlət kimi davrandığını yazır
Çeçenistan lideri Ramzan Kadırov mətbuatın kino dili ilə ifadə edilsə, neqativ obrazlarından biri sayılır. Xüsusilə Qərb qəzetləri onu klassik şərq tiranları ilə müqayisə etməkdən yorulmurlar.
“Öz respublikasında Stalin terrorunu əsdirməklə kifayətlənməyən Kadırov nüfuzunu bütün Rusiya ərazisinə yaymağı bacarıb”, - İsveçrənin “Le Temps” (“Lötam”) qəzetinin siyasi icmalçısı Emmanuel Qrinşpan yazır.
“Vaxtilə Çeçenistanın müstəqilliyi uğrunda savaşan bu 40 yaşlı personaj öz təsir və nüfuzunu rəhbərlik etdiyi respublikanın hüdudlarından kənara yaymağa müvəffəq olub. Onun 20-30 min insandan təşkil olunan şəxsi mühafizə qvardiyası Suriya və Ukrayna Donbasında qan tökməklə ad çıxarıb. Bu adam tez-tez Yaxın Şərqə səfər edərək sünni dünyasında Rusiya diplomatiyasının mərkəzi rolunu oynayır və Suriyanın bərpasını maliyyələşdirir”, - məqalədə qeyd olunub.
Müəllif gənc yaşlarında rus dilində güclə danışan Kadırovun Çeçenistanda idarəçiliyi əlinə alana qədər sərt yoldan keçdiyini yazır.
“İlkin vaxtlarda (Kadırovun hakimiyyətə gəldiyi ilk dövrlər nəzərdə tutulur-red.) o, Kremlin millətçi qanadının nifrətini qazanmışdı. Onlar onun separatçıların tərəfində vuruşmasını və əlini rus qanına batırmasını bağışlaya bilmirdilər.
Lakin hazırda siyasi elitadan heç kəsin ondan Moskvanın Çeçenistana ayırdığı pulları hara xərclədiyini soruşmağa cürəti çatmır. İndi Kadırov Rusiyanın 10 populyar siyasətçisindən biri hesab olunur”, - Qrinşpan gəlinən vəziyyəti təsvir edir.
Yazı müəllifi bu cür yüksəlişin prezident Putinin xeyir-duası ilə baş verdiyini bildirib. Kadırov isə öz növbəsində vassal kimi ağasına sədaqətini möhkəmliyini hər zaman və hər yerdə nümayiş etdirir:
“Putin qorxu gücü ilə Çeçenistanda müstəqillik əhval-ruhiyyəsini basdırılmasına görə bu adama minnətdar olmalıdır. Kadırovun hər yanda Putinə sədaqətini car çəkməsi onun feodal mahiyyətini üzə çıxarır.
Çeçen rəhbər Vladimir Putinin ömürlük prezident seçilməsini tələb edir və hər yerdə onun üçün ölümə belə getməyə və ya onun düşmənlərini aradan götürməyə hazır olduğunu bildirir.
Jurnalist Anna Politkovskaya, hüquq müdafiəçisi Nataliya Estemirova və müxalif siyasətçi Boris Nemtsov onun yaxın ətrafında olan çeçenlər tərəfindən öldürülüb. Müxalifət indi də onların qətlinin Kadırov tərəfindən sifariş edildiyini düşünür”.
Müəllif Kadırovun Rusiyadakı təsiri və mövqeyi ilə əlaqədar ekspert rəylərinə müraciət edib.
“Ramzan Kadırov bölgələr içərisində tam suverenliyə malik yeganə rəhbərdir. O, dəfələrlə dövlətdə yalnız Vladimir Putini saydığını nümayiş etdirib”, - Beynəlxalq böhran qrupunun Rusiya və Şimali Qafqaz üzrə proqramının rəhbəri Yekaterina Sokiryanskaya bildirir.
Sokiryanskaya bölgədəki təhlükəsizlik orqanlarına şəxsən və yalnız Kadırov tərəfindən nəzarət olunduğunu sözlərinə əlavə edib.
Kadırovun federal siyasi həyatında qazandığı çəki o dərəcədə böyükdür ki, indi ölkədə ancaq Putin-Kadırov tandeminin gücündən danışılır. Məqalədə iki şəxsin birliyini “Faust müqaviləsi” ilə müqayisə edənlərin sayının çox olduğunu vurğulanır.
Lakin Kadırovun dövlətə deyil, yalnız Putinə sədaqət nümayiş etdirməsi ekpertləri başqa proqnozlar söyləyməyə vadar edir.
“Putin və Kadırov arasında şəxsi ittifaq hələ ki, tam qüvvəsi ilə fəaliyyətdədir. Lakin əgər imperator və ya onun rejimi dəyişsə bu ittifaq pozulacaq və yenidən müstəqillik məsələsi gündəmə gələcək”, - Moskva Karnegi mərkəzinin eksperti Aleksandr Baunov bildirir.
Keçmiş rus oliqarxı Mixail Xodorkovski isə Kadırovu hər an nəzarətdən çıxa biləcək “Qolem” (yəhudi mfologiyasında öz yaradıcısından qaçan yırtıcı-red.) personajı ilə müqayisə edib.
Yekaterina Sokiryanskaya isə bu cür ssenarinin yanlış olduğunu qeyd eidb. Onun fikrincə, Kadırovun rejimi Kremlsiz uzun müddət dayana bilməz.
“Bu adamın düşmənlərinin siyahısı dostlarınkından qat-qat çoxdur. Onun Yaxın Şərq liderləri ilə əlaqələrini sıxlaşdırması lazım gəldikdə həmin ölkələrə sığınmaq üçün gedə bilməsi ehtimalını ortaya çıxarır”, - Emmanuel Qrinşpan məqalədə qeyd edir.
MilliYol.Az
Digər xəbərlər
loading...