Naxçıvanda 17 il daxili işlər naziri postunu tutan general-leytenant Əhməd Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasından sonra muxtar respublika polisində yüksək vəzifə tutanlar arasında kütləvi təmizləmələr aparılır
Bu barədə Naxçıvandakı mənbələrdən virtualaz.org-a məlum olub. Mənbələrimiz deyir ki, işdən çıxarılanlar keçmiş daxili işlər nazirinə sadiq idarə rəisləri, digər yüksək vəzifəli polis zabitləridir.
Bundan əvvəl Əhməd Əhmədovun işdən çıxarılmasından sonra Naxçıvan polisində kütləvi həbslər barədə məlumat yayılmışdı. Virtualaz.org xəbər verir ki, həbslərin aparıldığı barədə Naxçıvanda mənbələri olan “AzPolitika.info” portalı iddia edir.
Naxçıvan daxili işlər nazirinin işdən uzaqlaşdırıldığı və ev dustağı edildiyi haqda xəbərlər hələ bir neçə həftə əvvəl yayılmışdı. Bu xəbərlər əvvəlcə təkzib olunurdu, lakin iyulun 28-də Ali Məclisin sədri Vasif Talıbovun Əhməd Əhmədovun işdən azad edilməsinə dair sərəncamı yayılıb.
Bildirilir ki, Əhməd Əhmədov faktiki olaraq bir ay əvvəldən nazir vəzifəsindən uzaqlaşdırılmışdı və onun fəaliyyəti məhdudlaşdırılaraq ev dustağı edilmişdi. Bunun ardınca isə Naxçıvan polisində Əhmədovun kadrlarının kütləvi təmizlənməsi prosesi başlayıb. Naxçıvan DİN-in onlarla yüksək vəzifəli zabiti, o cümlədən DİN Baş Cinayət Axtarış İdarəsinin, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, DİN-in 7-ci İdarəsinin rəisləri həbs olunub.
Onlar iki həftədən çox Naxçıvan DTX-nin təcridxanasında saxlanılıb. Həmin şəxslərə qarşı mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və sair ağır ittihamlar irəli sürülüb. İddialara görə bəzilərinin rüşvət almasına dair sübut kimi gizli çəkilişlər ortaya qoyulub. Saxlanılanların bir qismi Naxçıvan ərazisini tərk etməmək şərtilə sərbəst buraxılıb, bir qismi hazırda ev dustaqlığındadır, istintaq davam edir. İşdən çıxarılanlar arasında Ə.Əhmədovun qardaşı və onlarla yaxın-uzaq qohumu da var.
Lakin Naxçıvanda keçmiş daxili işlər nazirinə yaxın polis zabitlərinin saxlanıldığı və barələrində cinayət işinin qaldırıldığı haqda məlumat rəsmi qaynaqlar tərəfindən hələ təsdiqlənməyib. Virtualaz.org-un mənbələri də həbslərin aparıldığını təsdiqləmir.
Hazırda MR polisi yenidən demontaj olunur. Nazir səlahiyyətlərini icra edən general-mayor Səbuhi Novruzov rayon polis idarələrinin, DYP şöbələrinin, DİN idarələrinin rəislərini dəyişir, yeni komandanı iş başına gətirir. Ehtimallara görə Naxçıvanın yeni daxili işlər naziri də Səbuhi Novruzov olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...