Seyyid Həsən Amuli: “İran və Azərbaycan bir millət-iki dövlətdir”
“Biz öz torpaqlarımızın izzətini necə istəyiriksə, Azərbaycan üçün də o cür izzət və başucalığı istəyirik”.
Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyyid Həsən Amuli deyib.
“Azərbaycanın problemlərini öz problemimiz bilirik. Hazırda Ərdəbildə Əhli-beyt məktəbinin güclənməsində Səfəvilərin rolu ilə bağlı konfrans keçirilir. Səfəvilər Azərbaycan və İranın müştərək tarixidir. Azərbaycanın mədəniyyəti, tarixi, bizim tariximizlə birdir və ayrıla bilməz. İran və Azərbaycanın bir çox müştərək tarixi şəxsiyyətləri var. Bu özü iki ölkənin əməkdaşlığında və bir-birinə dayaq olmasında çox təsiredici amilə çevrilə bilər”, - deyə Həsən Amuli söyləyib. O bildirib ki, hər iki ölkə öz tarixi şəxsiyyətlərinə sahib çıxmalıdır: “Azərbaycan və İran bir millət-iki dövlətdir. İran və Azərbaycan Arazın iki qoludur. Mənşəyi, əsli və kökü birdir. Bu, tələb edir ki, iki ölkə arasında əlaqələr daha da inkişaf etsin. Şükürlər olsun, getdikcə əlaqələr daha da yaxşılaşır”.
Dağlıq Qarabağ problemindən danışan H. Amuli qeyd edib ki, hazırda Qarabağın işğalda olmasından istifadə edən Rusiya Azərbaycan və Ermənistana istədiyi təzyiqi göstərir: “Ermənistan Qarabağa görə Rusiyaya möhtacdır. Amerika da, İsrail də elə Rusiya kimi, bu vəziyyətdən istifadə edirlər. Dağlıq Qarabağ problemi hazırda regional bir problem deyil, böyük dövlətlərin maraq dairəsinə çevrilib”.
Ayətullah Seyyid Əli Xameneyinin nümayəndəsi 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun uğurlarından da danışıb və bildirib ki, Azərbaycan ordusu bu döyüşlərdə özünü çox yaxşı göstərdi: “Bu, bizim hamımızı sevindirdi. Ordu gərək durmazdı, irəliləyib daha çox əraziləri işğaldan azad edərdi. Hazırda elə bir zaman gəlib çatıb ki, bir dövlətin öz taleyini həll etməsinə imkan vermirlər. Amerika və Rusiya digər dövlətlərin, əsasən də kiçik dövlətlərin taleyini həll etməkdə maraqlıdır. Amerika Dağlıq Qarabağdakı qondarma hökumətə yardım edir. Qondarma rejim BMT-də rəsmən tanınmır, lakin Amerika onlara viza verir”.
H. Amuli ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsindəki rolunu tənqid edib və bəyan edib ki, Dağlıq Qarabağın azadlığı Minsk qrupu ilə baş tutmayacaq: “Artıq 20 ildən çoxdur ki, müzakirə aparılır, bu qədər uzun müzakirə olar?! Azərbaycan və Ermənistan özləri problemi həll etmək istəsələr də, bu, mümkün olmayacaq. Çünki Rusiya istəmir buradan geri çəkilsin. Necə ki, Amerika və İsrail İŞİD-in çox güclənməsini və tam məhv olmasını istəmir. İŞİD nə qədər ki, bölgədə var, Amerika İraqı da, İŞİD-i də, Suriyanı da idarə edəcək. Ona görə, Qarabağ problemi Rusiya və Amerikanın əlinə düşmüş yağlı bir tikədir. Dağlıq Qarabağın həlli prosesi nə qədər uzanırsa, onun Azərbaycana qaytarılması bir o qədər çətin olur”.
H. Amuli Dağlıq Qarabağda referendum keçirilməsi məsələsinə də toxunub və deyib ki, ermənilərin çirkin planlarından biri də referendumun keçirilməsidir: “Azərbaycan xalqı və hökuməti referenduma heç bir halda razı olmamalıdır. Harada görünüb ki, bir məmləkətin torpağı üçün referendum keçirilsin? Bu, ona oxşayır ki, bir nəfər gəlsin və Bakı üçün referendum keçirilməsini istəsin. Buna icazə verilməməlidir. Bakı da Azərbaycanındır, Qarabağ da”.
Seyyid Həsən Amuli əlavə edib ki, İran qonşu ölkə olaraq Qarabağ probleminin həlli üçün çox səy göstərib: “Ali rəhbər Ayətullah Xamenei deyib ki, Qarabağ torpağı uğrunda ölən şəxslər şəhiddir”.
MilliYol.Az
Digər xəbərlər
loading...