İranın xüsusi xidmət orqanı (SEPAH) ilə əməkdaşlıqda ittiham olunan Ağcabədi rayon sakini, 1976-cı il təvəllüdlü Ağamir Ağamirovun kassasiya şikayətinə baxılıb
Virtualaz.org saytının xəbərinə görə, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə A.Ağamirovun kassasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Ağamir Ağamirova aid hissəsi dəyişdirilib. A.Ağamirovun ittiham oldunduğu Cinayət Məcəlləsinin 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməyib.
Məhkəmə Ağamir Ağamirovu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) madddəsi ilə təqsirli bilib və ona 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağamir Ağamirov və Hafiz Vəliyev ömürlük azadlıqdan məhrum ediliblər.
Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayəti veriblər. Onlar müdafiə etdikləri şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.
İstintaq sənədlərinə görə, 2013-cü il mayın 11-də Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Bərdə sakini Hafiz Vəliyevi saxlayıblar. Axtarış zamanı onun üzərində noutbuk və fləş-kart aşkar olunub. Hafiz Vəliyevə məxsus “KİA Sorento” markalı avtomobildə 9,46 qram heroin, onun Bakının Nərimanov rayonu, Qədirbəyov küçəsində kirayə götürdüyü mənzildə isə fotoaparat, mini-videokamera, fləş-kart, qələm formasında səsyazan qurğu tapılıb.
2003-cü ilin oktyabrında Hafiz Vəliyev Riyazi Bəhmənin tapşırığı ilə İstanbula uçub, orada kafelərin birində SEPAH zabiti onu İran xüsusi xidmət orqanlarının digər əməkdaşı Əhməd Qaffari ilə tanış edib. Həmin adam özünü Həmid Bəhrami kimi təqdim edib. Bunun səbəbi o olub ki, SEPAH Riyazi Bəhməni Rusiyaya ezam edib, o isə yeni əməkdaşı Hafizlə tanış edib. Bir müddət sonra Əhməd Qaffari Bakıya gəlib və Hafiz Vəliyev onunla əməkdaşlığa başlayıb. O, müxtəlif dövlət strukturlarını izləyib və informasiya bazası yaradıb.
İstintaqın gedişində Hafizin verdiyi ifadə əsasında Ağcabədi rayonundan olan Ağamir Ağamirov da həbs edilib.
A.Ağamirov həbs olunana qədər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində baş müşavir işləyib.
Digər məhkum Hafiz Vəliyevin vəkili Fərid Həsənov virtualaz.org saytına açıqlamasında bildirib ki, müvəkkilinin kassasiya şikayətinə iyulun 13-də Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun sədrliyi ilə baxılıb. Ömürlük məhkum H.Vəliyevin cəzası 15 ilə endirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...