Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət büdcəsindən 2015-2016-cı illərdə Sumqayıt şəhər Səhiyyə şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib
Palatadan "Qaynarinfo"ya verilən məlumata görə, Sumqayıt şəhər Səhiyyə şöbəsinin və tabeliyindəki 23 səhiyyə müəssisələrinin strukturunda müxtəlif təyinatlı 585 ədəd çarpayı və ümumilikdə 3312,5 ədəd tibbi və qeyri tibbi ştat vahidləri təsdiq edilib.
Sumqayıt şəhər Səhiyyə şöbəsi Sumqayıt şəhərinin 339,0 min nəfər əhalisinə stasionar və ambulator tibbi xidmət göstərməsi üçün tabeliyində olan 9 xəstəxana, 10 ambulator poliklinika müəssisəsi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası, mərkəzləşdirilmiş mühasibatlıq və mərkəzi avtomaşın qarajı ilə birlikdə fəaliyyət göstərib. Auditin əhatə etdiyi dövrdə səhiyyə xərclərinə ümumilikdə 30,3 mln.manat məbləğində vəsait xərc edilib.
Sumqayıt şəhər Səhiyyə şöbəsinin tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində 2015-ci ilin əvvəlinə təsdiq olunmuş ştatlardan 103,5 vahid vahid və ya 3,1%-i 2016-cı ilin əvvəlinə isə 119,5 vahid və ya 3,6%-i vakant olmuş, onlardan müvafiq olaraq 2015-ci ildə 68,25 vahidi, 2016-cı ildə 77,25 vahidi xəstəxanalarda bir oklad işləyən işçilərə əvəzçilik üzrə verilib. Şöbənin tabeliyində fəaliyyət göstərən xəstəxanalarda çarpayıların illik işləməsi 340 gün Doğum evlərində isə 300 gün proqnozlaşdırlmışdır. Çarpayı günlərinin icrası 2015-ci ildə 77,7%, 2016-cı ildə 81,5% olub.
Ərzaq və dərman xərcinin icrası zamanı xəstəxanalar üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci 2015-ci ildə 0,5 - 4,0 manatadək, 2016-cı ildə 0,3 - 6,9 manatadək, ərzaq xərci isə müvafiq olaraq 5,6 - 6,2 manatadək və 4,8 - 6,0 manatadək fərqli olmuşdur. Xəstəxanalarda ərzağın menyularda göstərilən miqdardan az verilməsi, menyularda xəstə sayının çox göstərilməsi səbəbindən artıq vəsait ödənişinə yol verilmiş, müvafiq Qərarla təsdiq edilmiş normalarda nəzərdə tutulmayan ərzaq məhsullarının alımasına vəsait xərc edilmişdir.
Eyni zamanda, xəstəlik tarixlərindəki təyinat vərəqələrinə işlənilmədən, təsdiqedici sənəd olmadan dərman silinmiş, stasionar müalicədə istifadəsi nəzərdə tutulmuş dərman preraratları imtiyazlı reseptlər əsasında ambulator müalicə alan xəstələrə verilmişdir.
“Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələblərinə əməl edilsə də, Maliyyə hesabatlarının tərtibi zamanı bəzi nöqsanlara yol verilmiş, “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın tələbləri gözlənilməmiş, sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı və cari təmiri üçün xərc edilmiş vəsait kapitallaşdırılmış məsrəflər kimi uçota alınmyaraq xərcə silinmişdir.
Hesablama Palatasının Kollegiyası Sumqayıt Şəhər Səhiyyə şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla Qərar qəbul etmiş, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti Sumqayıt Şəhər Səhiyyə şöbəsinə, eyni zamanda auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
MilliYol.Az
Digər xəbərlər
loading...