2017-ci ilin ilk yarısı üzrə dövlət büdcəsinin gəlir və xərclərinin aylar üzrə icrasının dövlət büdcəsinin kassa icrası barədə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən təqdim edilən aylıq hesabatların təhlili göstərir ki, dövlət büdcəsi yanvar ayında profisitlə, fevral, mart, aprel, may və iyun aylarında isə defisitlə icra edilib
MilliYol.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının təhlilində qeyd edilib.
Sənəddə vurğulanıb ki, ən böyük defisit 499,9 mln. manat olmaqla mart ayında yaranıb. Hesabat dövründə gəlirlər üzrə ən böyük icra 1,43 mlrd. manat olmaqla aprel ayında,
xərclər üzrə isə 1 mlrd. 721,1 mln. manat olmaqla mart ayında olub. Xərclərin 2017-ci ilin yanvar-iyun ayları üzrə proqnoz və icra göstəricilərinin təhlili göstərir ki, mart və iyun ayları istisna olmaqla digər aylarda proqnoza riayət edilib. Bununla belə, cari ilin mart ayında xərclər proqnozlaşdırılmış məbləğdən 1,8 faiz bəndi çox icra edilib ki, bu da 2016-cı ilin müvafiq göstəricisindən 1,7 faiz bəndi çoxdur.
2017-cı ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə ümumilikdə 7 mlrd. 724 mln. 834,1 min. manat məbləğində vəsait daxil olub ki, bu da “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunu ilə müəyyən edilmiş 16,255 mlrd. manat məbləğində illik proqnozun 47,5%-nə ,“2017-cı il dövlət büdcəsinin gəlirlərinin, xərclərinin və kəsirinin maliyyələşdirmə mənbələrinin rüblər və aylar üzrə bölgüsü”nə uyğun 7 mlrd. 551,761 mln. manat məbləğində yarımillik proqnozun 102,3%-nə bərabər olub. 2017-ci ilin altı ayı ərzində dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə (31 mlrd. 310,6 mln. manat) nisbəti 24,7% təşkil etməklə əvvəlki ilin analoji göstəricisini 1,7 faiz bəndi üstələyib.
2017-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri 8 mlrd. 193,7 mln. manat məbləğində icra edilib. Bu, il üçün nəzərdə tutulmuş büdcə xərclərinin 48,5%-nə, “2017-ci il dövlət büdcəsi xərclərinin rüblər və aylar üzrə bölgüsü” üzrə altı ay üçün proqnozlaşdırılmış xərclərin isə 100,2%-nə bərabərdir. Hesabat dövründə icra edilmiş xərclərin məbləği 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 1 mlrd. 372,2 mln. manat və ya 20,1% çoxdur. Qeyd edək ki, cari ilin 6 ayı üzrə nəzərdə tutulmuş vəsaitin məbləği ötən ilin müvafiq göstəricisindən 359,4 mln. manat və ya 4,2% az olsa da, 2017-ci ilin ilk yarısında icra edilmiş vəsait 2016-cı ilin müvafiq göstəricisindən çox olub.
Hesabat dövrü üçün büdcə xərclərinin nəzərdə tutulmuş (48,39%) və faktiki icra (48,48%) səviyyələri arasında fərq 0,1 faiz bəndi təşkil edib.
Bu dövr üzrə dövlət büdcəsinin xərclərinin ÜDM-də xüsusi çəkisi 26,2% təşkil edib.
MilliYol.Az
Digər xəbərlər
loading...