Masallı rayonu Xalıcallı kənd sakini Quliyev Vidadi Mahmud oğlu özünü sahibkar kimi təqdim edərək, ölkədə aranı qarışdırmaqda maraqlı olan bəzi mətbuat orqanlarında böhtan xarakterli məlumatlar yayıb. Vidadi Quliyevin böhtana kampaniyasına nəinki rayon rəhbərliyi, hətta Heydər Əliyev Fondu da salınıb.
O, iddia edir ki, Qarğalıq bələdiyyəsinin əhatə etdiyi ərazidə, Xallıcallı kəndində yerləşən və 1932-ci ildən fəaliyyət göstərən 61,42 ha sututarı özəlləşdirməkdə rayon rəhbərliyi ona mane olur.
Məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyətindən aldığımız məlumatda bildirilir ki, Vidadi Quliyev bələdiyyənin nəzdində olan bu ərazini qanunsuz zəbt edərək, orda balıq yetişdirməklə məşğul olub. Bu müddət ərzində o, dövlətə heç bir vergi ödəməyib. Sututarın zəbt edilməsi əhalinin kənd təsərrüfatı və heyvandarlıq fəaliyyətinə zərər vurub. Vidadi Quliyev əhalinin kəskin narazılığına baxmayaraq, sututarı özəlləşdirmək qərarına gəlib. Onun bu qanunsuz istəyi kənd əhalisinin haqlı narazılığına səbəb olub. Bu göldən 4 kəndin vətəndaşları yararlanırlar. Vətəndaşlar aidiyyəti qurumlara şikayət ediblər, məsələ araşdırılıb və Quliyevin qanunsuz hərəkətinin qarşısı alınıb. Bundan sonra o, Masallıda sabitliyi pozmaq istəyən bəlli qüvvələrin təhriki ilə ölkədə çaxnaşma yaratmaqda maraqlı olan mətbuat orqanlarına müraciət edərək, böhtan kampaniyasına başlayıb.
Quliyev rayon rəhbərliyinin ünvanına böhtanlar atmaqla yanaşı, Heydər Əliyev Fondunun da nüfuzuna zərbə vuracaq məlumatlar yayır. O, iddia edir ki, ondan fond adından 40 min manat tələb ediblər.
Qısa araşdırmalardan sonra bəlli oldu ki, Quliyev Rusiyada yaşayır. O, özünü Rusiyada Azərbaycan əleyhinə yaradılan milyarderlər qrupunun üzvü kimi də təqdim edir. Hətta 2013-cü ildə Masallıya gələrək milyarderlər ittifaqının təbliğatı ilə də məşğul olub. Ancaq yerli əhalinin sərt etirazları ilə qarşılaşıb və yenidən Rusiyaya qaçıb. Bundan sonra isə Masallıda sabitliyi pozmaq istəyən bəlli qüvvələrlə əlaqə yaradaraq, onlarla birgə fəaliyyət göstərib.
Əməkdaşımızın rayon İcra Hakimiyyətindən aldığı məlumata görə, hazırda hüquq-mühafizə orqanları gölün zəbt edilməsi və qanunsuz şəkildə özəlləşdirilməsi ilə bağlı araşdırma aparır.
Kənd camaatı əmindir ki, araşdırmalar obyektiv aparılacaq və 4 kəndin yararlandığı göl yenidən vətəndaşların istifadəsinə veriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...