Almaniyanın kansleri Angela Merkelin prezident İlham Əliyevlə görüşündən sonra Rusiya ilə bağlı dediyi fikirlər ciddi fikir dartışmalarına səbəb olub. Xüsusilə də Almaniya liderinin Rusiyanı Qarabağ məsələsinin həllində “xilaskar” statusunda göstərməsi, Qarabağ münaqişəsinin “açarı”nın Moskvada olması barədə mövqeyi anlaşılmazlıq doğurub.
Kansler qeyd edib ki, Rusiya münaqişənin nizama salınmasında açar rolunu oynayır: “Biz Rusiya hökumətini, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrləri kimi Amerika, Fransanı Dağlıq Qarabağ münaqişəsinin həllində dəstəkləmək üçün burada öz əlaqələrimizdən istifadə edəcəyik”.
Düzdür, prezident Əliyevlə 2015-ci ilin yanvarındakı görüşündə də xanım Merkel Rusiyanın rolundan bəhs etmişdi. Ancaq o zaman kansler Kremli daha çox neqativ planda təqdim ertmişdi. “Mən düşünürəm ki, Rusiya bu məqamda müəyyən rol oynayır. Mən, sadəcə olaraq, bunu qeyd etmək istərdim. Düşünürəm ki, Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər”, - deyə Merkel atəşkəsin pozulmasının arxasında hansı qüvvənin dayandığını dünyaya nişan vermişdi. Ancaq üstündən bir il keçəndən sonra, özü də Rusiya ilə Qərbin ziddiyyətləri yenə mərhələyə adladığı, üstəlik, Almaniya özünün tərəfdaşlarının siyahısından şimal qonşumuzun adını çıxardığı bir dönəmdə Merkel Putinə xoş gələn mövqe sərgilədi.
Bəzi müşahidəçilər hesab edir ki, əslində bununla kansler Rusiya ilə gərgin münasibətləri olan Türkiyəni qıcıqlandırmaq niyyətində də ola bilər. Xüsusilə də Qarabağ məsələsinin həllində Türkiyə amilinin mühüm əhəmiyyət kəsb etdiyi barədə müzakirələrin fonunda A.Merkelin Bundestaqın qərarından sonra Türkiyə-Almaniya münasibətlərində yaranmış gərginliyin qarşılığında Rusiyanın statusunu önə çəkməsi maraqlı nüansdır.
Bəzi müşahidəçilər isə daha uzaqgedən nəticə çıxararaq Qərbin Qarabağdan əlini çəkdiyini, ona görə də Avropa Birliyinin aparıcı ölkəsinin Rusiya faktorunu irəli çəkdiyini təxmin edirlər. Bu mənada ehtimal olunur ki, dünyanın yenidən qeyri-rəsmi şəkildə bölüşdürülməsi prosesində Azərbaycan Rusiyanın “pay”ına düşüb. Özü də Almaniya ATƏT sədri olduğu bir dönəmdə Berlindən Qarabağ məsələsinin həllində ciddi addımlar gözlənilirdi. Elə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin aprel döyüşlərindən sonra Almaniyada toplaşaraq ATƏT sədri ilə məsələni müzakirə etməsi də təsadüfi deyildi. Hətta Rusiyanın “Kazan sənədi”nə alternativ olan 7 bəndlik sənədin Almaniya tərəfindən hazırlandığı iddiaları da var idi. Lakin indi yaranmış müəmmalı vəziyyətdə heç bir vasitəçi ölkə məsuliyyəti üzərinə götürmür. Üstəlik, Rusiya münaqişənin həllindən faktiki olaraq imtina etmiş kimi görünür, yalnız “narahatlığını” ifadə etməklə və tərəflərə “gedin, öz aranızda razılaşın” çağırışı etməklə işini bitmiş sayır.
Belə olduğu halda Merkelin əminliklə “Rusiyadakı açarı” nişan verməsinin alt qatında nələr dayanır?
Politoq Şahin Cəfərli “Yeni Müsavat”a dedi ki, Angela Merkelin Qarabağ münaqişəsində Rusiyanın “açar” rolunu vurğulaması onun bu ixtilafın mahiyyətinə bələd olduğunu göstərir: “Yadınızdadırsa, xanım Merkel 2015-ci ilin yanvarında Azərbaycan prezidenti ilə görüşdən sonra da Rusiyanın münaqişədəki roluna diqqəti cəlb edərək baş verən atəşkəs pozuntularında Rusiyanın barmağı olduğuna işarə vurmuşdu. Problemin yaradıcısının Rusiya olduğunu, tərəflərdən birinin - Ermənistanın Moskvanın iradəsi çərçivəsində hərəkət etdiyini, eyni zamanda Azərbaycanın da Rusiya ilə kifayət qədər isti münasibətlər qurduğunu, Rusiyanın həm Azərbaycan, həm də Ermənistana silah satdığını, ümumiyyətlə, hər iki ölkənin Moskvanın sözünü dinlədiyini həm Berlində, həm də digər Qərb paytaxtlarında çox yaxşı bilirlər. Bu gün münaqişənin həlli prosesində dominant rol məhz Rusiyaya məxsusdur. Əslində münaqişənin tarixinə nəzər yetirsək, hər zaman belə olub. Qərb müəyyən mərhələdə, 1999-cu ildə ATƏT-in İstanbul sammiti ərəfəsində bu məsələdə təşəbbüsü ələ almaq istəmişdi, lakin Ermənistan parlamentində baş verən qanlı terror hadisəsi göstərdi ki, Rusiya Qərbin bu tip təşəbbüslərinin gerçəkləşməsinə imkan vermək niyyətində deyil”.
Ş.Cəfərli bildirdi ki, həmin hadisədən sonra Qərb bu məsələni tamamilə Rusiyanın öhdəsinə buraxdı: “Vasitəçi ölkələr arasında bu gün ən aktiv və təşəbbüskar tərəfin Rusiya olduğu ortadadır. Təsadüfi deyil ki, aprel döyüşlərindən sonra atəşkəs məhz Rusiyanın səyləri ilə bərpa olundu. Həm Ermənistan, həm də Azərbaycan Kremlin çağırışı ilə öz nümayəndələrini Moskvaya göndərdilər və atəşkəs barədə yenidən razılığa gəldilər. Qərb Moskvanın hər iki münaqişə tərəfinə real təsir mexanizmlərinə sahib olduğunu görür və bundan elə də narahat deyil. Əksinə, onlar Rusiyanın bu məsələni öz üzərinə götürməsindən məmnun görünür, çünki ABŞ və Avropanın kifayət qədər problemləri var və Qarabağ məsələsi ilə məşğul olmağa elə də həvəsli deyillər”.
Politoloq hesab edir ki, Qərb Qarabağ ixtilafının çox mürəkkəb bir problem olduğunu və həll yolu tapmağın elə də asan olmayacağını yaxşı anlayır: “Həll prosesinin hazırkı mərhələsi uğursuzluqla nəticələnərsə, bu, ABŞ və Fransadan çox, məhz Rusiyanın uğursuzluğu kimi qiymətləndiriləcək. Ona görə də Qərb hələlik bu məsələyə aktiv müdaxilə etmək istəmir. Postsovet məkanında Qərb üçün prioritet ölkələr Ukrayna və Gürcüstandır. Düşünürəm ki, hazırkı mərhələdə Qərb bu məkanda Rusiyaya qarşı yeni cəbhə açmaq niyyətində deyil. Qeyd etmək lazımdır ki, Azərbaycan özü də birmənalı strateji seçim etməyib və Rusiya ilə Qərb arasında balanslı siyasət yeritməyə davam edir. Qərbin Azərbaycana Gürcüstandan fərqli yanaşmasının səbəblərindən biri də budur”.
Lakin Ş.Cəfərli bir məqamı xüsusi vurğuladı. Onun sözlərinə görə, baş verənlər heç də o demək deyil ki, Qərb Azərbaycanı Rusiyanın ağuşuna atır: “Əksinə, istər ABŞ, istərsə də Avropa Birliyi postsovet məkanını Rusiyanın nüfuz dairəsinə aid ərazi kimi tanımır və bu regiona müdaxilələr edirlər. Sadəcə olaraq, bəzi istiqamətlərdə bu müdaxilələr fəal, bəzi istiqamətlərdə isə passivdir. İndi dünyanın yenidən bölüşdürülməsi deyə bir proses getmir, çünki supergüc ABŞ Rusiyanı bərabərhüquqlu tərəf və ya 2-ci qütb kimi qəbul etmir. Yalta-Potsdam dövrü çoxdan arxada qalıb”.
Qeyd edək ki, Rusiya və Ermənistan arasında kollektiv təhlükəsizlik üzrə Qafqaz regionunda hava hücumundan vahid müdafiə sisteminin yaradılması haqqında sazişin məhz bu ərəfədə, Qarabağ cəbhəsində gərginliyin pik həddə qalxdığı, hər an böyük savaşın başlanacağı barədə gözləntilərin olduğu dövrdə gündəmə gətirilməsi də təsadüfə bənzəmir. Bu, “açar”ın Rusiyada olduğu barədə iddialara şübhələri daha da artırır.
Ş.Cəfərli Rusiya ilə Ermənistan arasında birləşmiş regional hava hücumundan müdafiə sisteminin yaradılmasından bəhs edərkən bildirdi ki, müqavilə əslində Azərbaycana təhlükədir: “2015-ci ilin noyabrında Rusiya prezidenti Vladimir Putinin bu haqda rəsmi tapşırığı olub və həmin ilin dekabrında Rusiya ilə Ermənistan müdafiə nazirləri bu barədə saziş imzalayıblar. Bu, Rusiyanın MDB daxilində birləşmiş HHM sistemi yaratmaq planının bir hissəsidir. Rusiya komandanlığının məqsədi MDB daxilində HHM (Hava Hücumundan Müdafiə) sistemlərinin regional prinsip əsasında inteqrasiyasına hesablanıb ki, bu regional sistemlər (Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz) Rusiyanın nəzarətində vahid HHM sistemini əmələ gətirəcək. Yəni söhbət əslində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məkanında vahid hava hücumundan müdafiə sisteminin yaradılmasından gedir. Bu saziş Rusiya və Ermənistan parlamentlərində ratifikasiya olunaraq qüvvəyə minəcək. Sistem Rusiya tərəfindən idarə olunacaq. Bu, Ermənistan hava məkanının tamamilə Rusiyanın nəzarətinə keçməsi deməkdir. Rusiya-Ermənistan müttəfiqliyinin güclənməsi əlbəttə ki, Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Bu amil işğalçını cəsarətləndirməklə Qarabağ münaqişəsinin həllini daha da çətinləşdirir. Məsələnin ən önəmli tərəfi ondan ibarətdir ki, Ermənistan Rusiya ilə hərbi-siyasi müttəfiqlik yaratmaqla öz təhlükəsizliyini təmin edib. Azərbaycan isə bu gün nə ikitərəfli, nə də çoxtərəfli əsasda hər hansı təhlükəsizlik təminatına malik deyil. Bu, Azərbaycanın müstəqilliyinin qorunması baxımından ciddi risklər yaradan bir durumdur. Azərbaycan öz təhlükəsizlik problemlərini həll etmək məsələsi üzərində çox ciddi şəkildə düşünməlidir”.
Elə “açar”lı Rusiyanın himayədarlığının məntiqi nəticəsidir ki, işğalçı Ermənistan həyasızlığını davam etdirir. Belə ki, Ermənistan “DQR”in “prezident”i Bako Saakyanın 2020-ci ilədək öz vəzifəsində qala biləcəyi haqda siyasi qərar qəbul edib (avropa.info). Məlumata görə, Saakyanın “prezident” postunda vəzifə müddəti gələn ilin yayında bitir. Əgər “DQR”də “seçkilər” keçirilsə, Saakyan bu “seçkilərdə” iştirak edə bilməyəcək. Ancaq Ermənistan hakimiyyəti və “DQR” hesab edir ki, konstitusiya gələcəkdə dəyişdirilə bilər. Bundan əlavə, separatçıların prezident idarəçiliyindən parlament idarəçiliyinə keçəcəyi düşünülür. Bu dəyişiklik isə 2020-ci ildən sonra qüvvəyə minəcək. Qarabağ separatçıları arasında gərginliyin artdığı dövrdə Sərkisyan Saakyanla bağlı seçimini edib. Ancaq dünya birliyi hələ ki başqa ölkənin daxili işlərinə burnunu soxan Ermənistan rəhbərliyinə reaksiya verməyərək sülh nağıllarını danışmaqdadır.
Bu arada Çexiya prezidenti Miloş Zeman İrəvan səfəri zamanı prezidentlərin növbəti görüşü üçün Praqanın ev sahibliyini təklif edib. Bundan əvvəl Praqada prezidentlərin iki dəfə görüşü olub. Ancaq nəzərlərin daha çox Rusiyaya dikildiyi bir ərəfədə, Vyanadan sonra Praqanın növbəti ev sahibi statusunda çıxış etməsi heç də inandırıcı görünmür. Üstəlik də Avropa “açar”ın Moskvada olduğunu iddia edirsə...
MilliYol.Az
Digər xəbərlər
loading...