Xarici valyuta riskləri və zəif əməliyyat mühiti Azərbaycanın bank sektorunun inkişafına maneə yaradan əsas amillər olaraq qalır
"APA-Economics" xəbər verir ki, bu barədə "Moody`s" beynəlxalq reytinq agentliyinin bu gün açıqladığı hesabatda deyilir.
Hesabatın müəllifi olan "Moody`s"in vitse-prezidentinin köməkçisi Mariya Malyukova bildirir ki, ümumi daxili məhsul istehsalının və kreditlərə tələbatın azalması, inflyasiyanın sürətlənməsi bu il də bankların kreditləşməsinə əngəl törətməkdə davam edəcək.
"Moody`s"in proqnozuna əsasən, bu il Azərbaycanda ümumi daxili məhsul istehsalı 1% azalacaq, 2018-ci ildə isə artacaq.
"Aktivlərin keyfiyyətinin zəif olması bankların rentabelliyinə və kapitallaşmasına neqativ təsir edir. 2016-cı ilin sonunda bank sektorunun kredit portfelinin 30%-i problemlidir. Halbuki 2015-ci ildə bu göstərici 16% olub. Bu il də problemli kreditlərin ümumi portfeldə çəkisi yüksək olaraq qalacaq. Buna səbəb qeyri-qənaətbəxş bazar şəraitinin olmasıdır", - deyə M. Malyukova qeyd edib.
Mütəxəssis əlavə edib ki, banklar tərəfindən yaradılan ehtiyatlar itkilərin örtülməsi üçün kifayət etmir.
"Moody`s" hesab edir ki, bir çox banklar bu ili də zərərlə başa vuracaq: "Kredit itkiləri və valyuta riskləri bankların kapitalına təzyiq göstərməkdə davam edəcək".
M. Malyukova hesab edir ki, tənzimləyici qurum olan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankların əlavə kapitallaşmasını tələb edə bilər.
Qeyd edək ki, hazırda tənzimləyicinin bankların məcmu kapitalına dair minimal tələbi 50 mln. manat səviyyəsində müəyyənləşib.
MilliYol.Az
Digər xəbərlər
loading...