Kirill Cavlax
regnum.ru.25.07.2017
İraq baş naziri Heydər əl-Abadi bu il iyulun 9-da Mosulun terrorçulardan azad edildiyini şəxsən elan etmək üçün bu şəhərə gəlib. Hələ 2016-cı ilin oktyabrından başlanan əməliyyat qələbə ilə yekunlaşıb. İraq ordusu, kürd könüllü yığması və “əl-Həşd əş-Şəabi” dəstələri şəhəri 2014-cü ilin iyunundan ələ keçirmiş İŞİD-i Mosuldan vurub çıxarıblar. İran bu qələbədə aşkar rol oynayıb. İslam respublikası prezidenti Həsən Ruhaninin sözlərinə görə, “çətin iqtisadi durum və sanksiyalar rejiminə baxmayaraq, İran İraq xalqına yardım edib”.
İİKK “əl-Qüds” özəl bölməsi komandiri Qasim Süleymani İran xüsusi xidmətlərinin Suriya və İraqda müharibələrdə fəal iştirakını təsdiq edib və Mosulun azad edilməsi üzrə əməliyyatda beynəlxalq koalisiyanın cüzi rolunu vurğulayıb. Tasnim News agentliyi generalın sözlərini xəbər verir: “Hizbullah”ın İraq və Suriyadakı böyük roluna görə ona xüsusi təşəkkür etməliyəm”.
İraqda terrorçuların darmadağını Suriyanın cənub-qərbində təhlükəsizlik zonalarının yaradılması haqda Rusiya, ABŞ və İordaniya arasındakı sazişin qüvvəyə minməsi ilə üst-üstə düşüb. Atəşkəs rejimi Suriyanın üç əyaləti – Dərya, əl-Kunəytra və Suvəydaya yayılıb.
Astana “dalan”ından çıxış yolu varmı?
Bu il mayın 4-də Astanada Rusiya, Türkiyə və İran Suriyada təhlükəsizlik zonaları yaratmaq haqda razılığa gəlib. Lakin sözdən o yana getmək baş tutmayıb. Qazaxıstan paytaxtındakı son görüşdə Ankaranın mövqeyinə görə təhlükəsizlik zonalarının sərhədlərini razılaşdırmaq mümkün olmayıb. Danışıqlara paralel olaraq Suriya ərazisində bu zonaların tətbiqinin başqa ssenarisi işlənib.
“Al-Monitor” nəşri mayın axırında İordaniyada Rusiya və ABŞ təmsilçilərinin gizli danışıqları haqda məlumat verib. Dərc edilmiş məlumata əsasən, görüşdə Suriyanın cənubunda təhlükəsizlik zonaları yaratmaq üzrə Moskva, Vaşinqton, Əmman və Təl-Əvivin əməkdaşlıq mövzusu müzakirə olunub. Bu xəbərin rəsmi təsdiqi və ya təkzibi gəlməyib. Lakin iyulun 7-də Vladimir Putin və Donald Trampın görüşündən sonra Rusiya və ABŞ xarici siyasət idarələri başçıları Suriyanın cənub-şərqində barışıq haqda ABŞ, Rusiya və İordaniya arasında razılığın əldə edildiyini təsdiqləyiblər. Moskva bu qərarı Suriya müharibəsindəki əsas müttəfiqi İransız qəbul edib. İran Suriyada artıq yeddinci il sürən vətəndaş müharibəsinin dayandırılması üzrə ABŞ niyyətlərinin səmimiliyinə şübhə edir. İİR XİN mətbuat katibi Bəhram Qasimi bildirib: “Suriya Respublikasında atəşkəs haqda Rusiya-Amerika sazişinin effektivliyi haqda danışmaq hələ tezdir. Atəşkəs Astanada haqqında danışılan rayonlar daxil olmaqla Suriyanın bütün ərazisinə yayılsa, saziş səmərəli olacaq”.
Təl-Əvivdə də Rusiya-Amerika sazişinə şəkklə yanaşıblar. İsrail baş naziri Benyamin Netanyahu bildirib ki, Suriyanın cənubunda ABŞ və Rusiya arasında razılaşdırılmış atəşkəs rejiminə etiraz edir. Onun fikrincə, bu, İranın bölgədə iştirakını möhkəmləndirəcək. İsrail müdafiə naziri Avigdor Liberman qeyd edib: “İsrail Putinlə Tramp arasındakı razılaşmadan asılı olmayaraq Suriyada tam azad fəaliyyət hüququnu özündə saxlayır”.
Associated Press Vladimir Putinlə Donald Trampın görüşündə əldə edilmiş razılaşmanın mənası şərh edilən təfərrüatlı məqalə buraxıb. Materialda deyilir: “Barışıq İran hərbi iddiaları və islam respublikası qüvvələrinin uzunmüddətli iştirakına nisbətdə İordaniya və İsrail əndişələrini aradan qaldırmaq iqtidarındadır”.
Böyük Britaniyanın İordaniya səfiri Evard Okden Suriya tənzimlənməsində Rusiyaya mühüm rol ayırır. Associated Press diplomatın sözlərini misal gətirir: “Aydındır ki, ruslar Suriya rejimi, iranlılar və “Hizbullah”a basqı etməyə məcburdurlar ki, onlar əldə edilmiş razılaşmanın ruhuna hörmət etsin, həmçinin təhlükəsizlik zonalarının yaradılmasına mane olmasın, buna yardım etsinlər”. İordaniya məmuru razılaşmanın strateji hədəfinı sıradakı kimi izah edib – beynəlxalq birlik, bölgə ölkələri və İordaniya Tehrandan Beyruta qədər nəqliyyat dəhlizinin yaradılmasına dözməyəcək.
Astana prosesinin tutarsızlığının daha bir sübutu Qahirədə Misirin vasitəçiliyi ilə Rusiya Müdafiə Nazirliyi təmsilçiləri və mötədil müxalifət arasında sazişin imzalanması oldu. Şərq Qutada təhlükəsizlik zonasının yaradılması haqda razılaşmaya nail olunub. “Xalq diplomatiyası” müxalif hərəkatın katibi Mahmud Əfəndinin sözlərinə görə, zonaya müşahidəni İranın iştirakı olmadan Amerika və Rusiya tərəfi təmin edəcək. Sazişi “Cəbhət ən-Nusra”ya bağlı olan “Cəyş əl-İslam” da təsdiq edib. Yada salmaq lazm gəlir ki, 2016-cı ilin mayında məhz Rusiya BMT-də “Əhrar əş-Şam” və “Cəyş əl-İslam”ı terrorçu qruplaşma kimi tanımağı təklif edib. Lakin ABŞ, Fransa və Böyük Britaniya Rusiya təşəbbüsünün qabağını alıb.
Suriyada iktərəfli formatda sərhədlər üzrə təhlükəsizlik zonaları qərarı Astana danışıqlarının iflasından xəbər verir. Özü də Moskva sazişin iki zamini – İran və Türkiyəsiz qərar qəbul edib.
Tehran-Beyrut nəqliyyat dəhlizi
Suriyada baş verənlərin dəqiq təyinini Al-Monitor-un icmalçısı Əli Haşim verib. O, Suriya səhrası uğrunda mübarizəni “Yaxın Şərqin qəlbi uğrunda müharibə” adlandırıb. Suriyanın cənub-qərbində və Şərq Qutada müəyyən edilmiş təhlükəsizlik zonaları İranın Suriya və Livan üzərindən Aralıq dənizi bölgəsinə birbaşa dəmiryolu salmaqda mümkün cəhdlərini faktiki olaraq mühasirəyə alır. Üstəgəl, İsrail öz sərhədlərini potensial xarici təhdidlərdən qorumağa imkan verən “bufer zona” əldə edir.
Tehran hələlik rəsmi səviyyədə Suriya yönündə Moskva və Vaşinqtonun yaxınlaşmasına mənfi münasibət bildirməyib. Lakin İran ekspertləri artıq Rusiya və ABŞ-ın razılaşmasına cavab kimi İranın atmalı olduğu mümkün addımları hesablayırlar. Yaxın Şərq üzrə İran eksperti Mustafa Nəcəfinin İİKK keçmiş başçısı Möhsün Rzainin “Təbnak” analitik informasiya resursunda çıxan məqaləsi ilk siqnal olub. O, xəbərdarlıq edib: “Suriyanın cənub-qərb hissəsi İran və “Hizbullah” üçün ən önəmli ərazidir. Ola bilsin, İran qüvvələri və “Hizbullah”ın Suriyada altıillik iştirakının baş səbəbi məhz bu rayona nəzarət olub. Buna görə də İranın Suriya ərazisinin bu hissəsindən sıxışdırılması və İran iştirakının çıxdaş edilməsi çarəsiz nəticələrə malik ola bilər”.
İsrail Milli Təhlükəsizlik Şurasının keçmiş sədri Yakov Amidror iranlı analitikin sözlərini təsdiq edir. “The Washington Examiner” israilli generaldan sitat gətirir: “İsrailin strateji hədəfi iranlılar və “Hizbullah”a Suriyada buraxılış meydançaları qurmağa imkan verməməkdən ibarətdir. İranın Suriya ərazisində İsrailə qarşı istifadə oluna biləcək infrastruktur inşası İran-İraq və Suriyanı vahid nəqliyyat dəhlizində birləşdirməyə, həmçinin Suriyaya mal tranzitinə starta imkan verər ki, bu da İranla İsrail arasında müharibəni qaçılmaz edər”.
ABŞ Sakit okean donanmasının keçmiş komandanı, admiral Ceyms Layonsun "The Washington Times”-da dərc edilmiş məqaləsi Amidrorun sözlərinin təsdiqi olub. Amerika admiralı Mosul və Rakkada İŞİD-in qaçılmaz, ABŞ və İsrail qarşısında yeni çağırışlar qoyan məğlubiyyətindən danışır. Hərbçi xəbərdarlıq edir: “İranın Rusiyanın dəstəyi ilə Şərq Aralıq dənizi bölgəsinə İran-İraq-Suriya quru körpüsünü möhkəmləndirmək hesabına öz nüfuzunu genişləndirmək cəhdləri birbaşa problemdir. Bu cür addım şiə rejimini Aralıq dənizinin cənub sahillərinə çıxaracaq. Tehranın Bağdad, Beyrut və Dəməşqdə Yəməndəki siyasi oyunla birgə üstünlük təşkil etməsi Ərəbistan yarımadasının mühasirəsinə şərait yaradacaq və Hörmüz, Bab əl-Mandəb boğazları daxil olmaqla strateji su marşrutları üçün təhlükə olacaq”.
Layonsun fikrincə, ABŞ-ın əsas hədəfi “şiə ayparası”nın genişlənməsini önləməkdir. Hərbçi təklif edir: “ABŞ-ın təməl strategiyası İrana Tehrandan Livana şiə quru körpüsü salmaq imkanına yol verməməyə əsaslanır. Buna görə də İraq Kürdüstanında 2017-ci il sentyabrın 25-ə planlaşdırılan referenduma dəstək strategiyamızın açar ünsürü olmalıdır. Dövlət katibi Reks Tillerson İraqı saxlamaq cəhdiylə buna qarşı çıxış edir. Lakin Suriya kimi İraq da artıq dağılıb. Bu iki dövlətdən heç biri I dünya savaşının başlandığı sərhədlərdə bərpa edilməyəcək. Aydındır ki, 1916-cı il Sayks-Piko sazişi puça çıxıb. Bizim strategiyamız son hesabda İraq Kürdüstanı ilə birləşə biləsi Suriya Kürdüstanına dəstəyi ehtiva etməlidir”.
SAXAL Baş Qərargah rəisi, genaral-polkovnik Hadi Ayzenkot amerikalı həmkarından uzağa gedib. General iyulun 5-də Knessetin xarici işlər və müdafiə üzrə Komitəsində çıxış edərək İranla mübarizəni terrorçu qruplaşmaların məhv edilməsindən daha yuxarı tutub. “Əsri-İran” sərkərdənin sözlərini misal gətirir: “İŞİD-in məhv edilməsindənsə İran nüfuzunun məhdudlaşdırılması və İranın Suriyadan çıxarılması İsrailin təhlükəsizliyi üçün daha önəmlidir”.
Nə qədər qəribə olsa da, Bəşər Əsəd və İrana nisbətdə İsrailin mövqeyi İsrailin maraqlarına ziddir. Əsəd rejiminin çöküşü halında Təl-Əviv (Fars körfəzi monarxiyalarının dəstəklədiyi) terrorçu qruplaşmalarla mübarizədən Təl-Əvivlə mübarizəyə keçə biləsi ərəb dünyası ilə təkbətək qalacaq.
Tehran Suriyada ABŞ-Rusiya alyansına nə ilə cavab verəcək? İranlı analitik Nəcəfinin fikrincə, Kremllə Ağ Ev arasında strateji razılaşma əldə ediləcəyi halda manevr üçün İranın az variantı qalır. Hazırda İran nüfuzu Suriyanın cənub-qərb və şimal-qərb rayonlarına yayıldığından təhlükəsizlik zonalarının yaradılması İranı və İranyönlü gücləri bu əraziləri tərk etməyə məcbur edəcək. Onları Rusiya və ya Amerika hərbçiləri əvəzləyəcək. Ekspert hesab edir: “İranın Suriyanın şərqində İŞİD yaraqlılarının əldə saxladığı Dəyr əz-Zor rayonunda nüfuzu gücləndirmək üçün öz qüvvəsindən yararlanması lazımdır. İraqın qərb sərhədləri tərəfdən daxil ola biləcək Xalq səfərbərlik qüvvələri bu əməliyyatda İran güclərini dəstəkləyəcək. Dəyr əz-Zorun azad edilməsi üzrə böyük miqyaslı əməliyyata başlamaq lazımdır. Bu əyaləti ələ keçirmək İrana siyasi çəkini və Suriyada strateji üstünlüyü dəfələrlə artırmaq imkanı verəcək. Bundan başqa, bu bölgədəki qələbə İranın Suriyada iştirakını haşiyəyə çıxarmağın qarşısını alacaq”.
O, ikinci addım kimi Astana prosesinin iki aktoru – İran və Türkiyə arasında qarşılıqlı fəaliyyəti gücləndirməyi təklif edir. Və yalnız son sırada Moskva ilə ittifaqın saxlanması və möhkəmləndirilməsindən danışır.
Həqiqətdə, amerikalıların Rusiyanın köməyi ilə özləri üçün dərhal bir neçə vəzifəni necə həll etdiyini görürük. Birincisi, onlar İranı planlı şəkildə Suriyadan sıxıb çıxardır, yolüstü Suriya torpağında öz mövqelərini möhkəmləndirirlər. İkincisi və başlıcası, təhlükəsizlik zonaları faktiki olaraq Tehran-Beyrut potensial nəqliyyat dəhlizini bağlayır, bununla da Türkiyə marşrutunu İran üçün alternativsiz edir.
MilliYol.Az
Digər xəbərlər
loading...