Azərbaycanda “Brilliance” avtomobillərinin satışı dayanıb. Bu Çin avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Brilliance Auto Group Azerbaijan” şirkətindən fins.az-a verilən məlumata görə, ölkəyə yeni modellərin gətirilməsi dayandırılıb.
Buna səbəb isə dolların bahalaşmasından sonra bu avtomobillərin xeyli bahalaşması olub.
“29-32 min manata heç kim Çin maşını almaq istəmir”
Satış meneceri Pərvin Əhmədov sayta bildirib ki, ilin əvvəlindən indiyə qədər avtomobil satışı olmayıb. Hazırda salonda 2013-cü ilə aid “Brilliance H 530” və “Brilliance V5” modelləri satılır. Bu avtomobillər 60 % bahalaşıb. Məsələn, əvvəl 18-19 min manata satılan bu avtomobillər devalvasiyadan sonra 29-32 min manata kimi bahalaşıb: “Bu qiymətə isə heç kim Çin maşını almaq istəmir”.
Sığorta şirkətləri “Brilliance”dan imtina edir
Satış menecerinin sözlərinə görə, satışların dayanmasının bir səbəbi dolların bahalaşmasıdırsa, digər bir səbəb bu avtomobillərin Azərbaycanda məşhur olmamasıdır. Belə ki, geniş istifadə edilmədiyi üçün “Brilliance” modellərinin ehtiyat hissələri çətin tapılır. Ölkəyə isə baha qiymətə gətirilir. Məsələn, avtomobilin Çində 100 dollara satılan qapısı Bakıya 700-750 manata gəlib çıxır. Sığorta şirkətləri isə bütün bu səbəbləri nəzərə alaraq “Brilliance” modellərini kasko sığorta etməkdən imtina edirlər.
Əvvəl alınan maşınları geri qaytarırlar
Ona görə, daxili kreditlə satılan maşınlar qəzadan sonra gətirilib şirkətin servisinə qaytarılır. Belə ki, indiyə qədər 20-yə qədər “Brilliance” modeli satılıb. Onlardan 5-i qəzadan sonra geri qaytarılıb. Sonuncu bir avtomobili isə lizinqlə alıb ödənişləri qaytara bilməyən müştəri ötən həftə geri qaytarıb.
Satış menecerinin sözlərinə görə, şirkət fəaliyyətini “Rent A Car” olaraq davam etdirəcək. Satılmayan avtomobillər kirayə veriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...