Bakıda keçirilən U-17-lər arasında Avropa çempionatında faciə yaşanıb. Mayın 5-də baş vermiş hadisənin təfərrüatlarnı yalnız dünən öyrənə bilmişik.
"Milli Yol" xəbər verir ki, açılış mərasimindən sonra Bakı Olimpiya Stadionundan evinə qayıtmaq istəyən bir gənc ehtiyatsızlıq üzündən həyatını itirib. Orxan Şirinov adlı şəxs körpüdən yıxılıb.
18 yaşlı Orxan final mərhələsinin açılış mərasiminə könüllü kimi qatılıb. O, tədbir, eləcə də ardınca baş tutan Azərbaycan – Portuqaliya (0:5) matçı qurtardıqdan sonra, saat 23.00-23.30 radələrində metroya tələsərkən yolunu kəsə etmək istəyib. Stadiondan Bakı metropoliteninin "Koroğlu” stansiyasına aparan yolun uzun olduğunu nəzərə alan Şirinov, digər həmkarları kimi hasarı aşmağı lazım bilib. BOS-da olanlar bilir – bu kəsə yol magistrala çıxır və təhlükəlidi. Çünki sürətlə şütüyən avtomobillər hər an insan həyatına qənim kəsilə bilər.
Amma Orxan bu yolu qəzasız keçib. O, piyada yoluna keçmək üçün növbəti maneə-hasarı aşmaq istəyərkən faciə yaşanıb. Hasarı lazım olan yerdən deyil, bir neçə metr soldan adlayan Orxan həyatını itirib. O, qaranlıq vaxtı tullandığı yerin betonların arasındakı boşluq olduğunu görməyib və körpünün altına düşüb. Bura isə stadiondan gələn piyada yolun tən ortasıdı. Boynu qırılan Şirinov yoldaşlarının köməyi ilə xəstəxanaya çatdırılsa da, orada keçinib.
Bu haqda məlumatı Orxanın könüllü yoldaşlarından aldıq. Daha sonra hadisə yerinə getdik. Dünənə kimi orada qan izləri qalmışdı, mərhumun düşdüyü yer hələ də təmizlənməmişdi.
Belə qəzalar hər birimizin başına gələ bilər və heç kim bundan sığortalanmayıb. Başdan ayağa hasarlanmış stadionun məlum hissəsi bağlanmadığından bəzən biz də yolumuzu kəsə etmək üçün istiqamət kimi oranı seçirik. Körpünün üstündə divar tam bağlanmayıb, orada keçmək üçün kiçik bir yer var. Yolun qırağındakı hasarlarda isə heç bir xəbərdaredici işarə yoxdu. Düzdü, mərhum gənc qəzaya özü səbəbkar olub, ancaq məhz belə məqamları nəzərə alaraq, oradan keçməyə qadağa qoymaq, ümumiyyətlə, həmin yolu bağlamaq lazımdı.
Bu məsələdə AFFA-nın da günahı var. Könüllülər bu tədbirdə assosiasiyaya yardım edir, heç bir maddi dəstək görmür. Onların qazancı CV-lərinə belə yarışda iştirak etmələri ilə bağlı qeyddi ki, bu, gələcəkdə onların iş yeri tapmasında üstünlükləri olacaq. Amma Avropa çempionatının təşkilat komitəsi pulsuz işçi qüvvəsinin heç olmasa, metroya çatması üçün müəyyən iş görə, 5 dəqiqə vaxt, 2 litr yanacaq itirəcək nəqliyyat vasitəsi ayıra bilər. Könüllülərin çox gec saatlarda küçələrdə qalmaması, tələsib belə qəzalara düşməməsi üçün bu, vacibdi. (futbolinfo.az)
"Milli Yol"
Fotolar
Digər xəbərlər
loading...