Yaxın Şərqi qanlı müharibələr və hakimiyyət uğrundakı pərdəarxası qizli münaqişələr didib parçalayır
Bu münaqişələrin müxtəlif cür görünməyinə baxmayaraq, onları hansısa ümumi cəhətlər birləşdirir. Bunlar İran və Səudiyyə arasındakı vasitəli müharibənin elementləridir. İndi ABŞ və Rusiya da bu mübarizəyə qoşulur. Əgər ümumi mənzərəni bir qədər sadələşdirsək, onda deyə bilərik ki, İran və Səudiyyə Ərəbistanı arasındakı münaqişə 1979-cu il İran inqilabından sonra başlayıb. Bu inqilab Səudiyyə Ərəbistanı və Fars Körfəzindəki digər sünnü dövlətləri bərk narahat edib. Çünki bu dövlətlər öz daxillərindəki şiə azlığını sıxışdırır və onlardan heç biri İranda olduğu kimi şiələrin nə vaxtsa üsyan qaldırmasını qətiyyən istəmir.
2003-cü il İraq müharibəsindən sonra Səddam Hüseyn rejimi çökdü və regionda bir vakkum yarandı. Səudiyyəlilər hesab etdilər ki, İraqdakı qarmaqarışıqlıq onların oyuna qoşulmaq şansıdır və bu boşluğu doldurmaq və İrana qarşı güc rolunda çıxış etmək lazımdır. Yaxın Şərqi xaosa bürüyərək rejimlərin dəyişilməsinə və yeni səviyyədə oyunlar üçün imkanlar açan “Ərəb baharı” fonunda İran və Səudiyyə Ərəbistanı arasındakı münaqişə ciddi şəkildə kəskinləşdi.
Əsasən bir-biriylə dinc və əmin-amanlıq şəraitində yaşayan islam dininin iki cərəyanının həm İrandakı və həm də Səudiyyə Ərəbistanındakı rəsmi nümayəndələri, sünnülər və şiələr arasındakı ziddiyyəti qızışdırdılar. İndi onlar hakimiyyət, torpaq və pul uğrunda mübarizənin içinə salınıblar.
Bu qarşıdurma zaman-zaman açıq şəkildə gedir. Belə ki, iranlı nümayişçilər səudiyyə səfirilyinə hücum çəkəndə və ya silahlı adamlar Tehrandakı bir neçə obyektdə terror aktı törədəndə, qarşıdurmanın şiddətinin hansı səviyyəyə çatması aydın olur. Hazırda Səudiyyə Ərəbistanı və İran bütün region üzrə münaqişədə iştirak edən müxtəlif tərəfləri maliyyələşdirir və onları silahlandırırlar.
- Suriya
Suriayada vətəndaş müharibəsi kimi başlayan hadisələr indi mürəkkəb döyüş meydanına çevrilib. Bu meydanda təsir uğrundə bir-biri ilə mübarizə aparan və maraqları toqquşanlar arasında ABŞ, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı və İran kimi dövlətlər yer alırlar. İran Bəşər Əsəd rejimini dəstəkləyir. O, müxalifətlə döyüşmək üçün bu ölkəyə özünün elit silahlı dəstələrini yollayır. Digər tərəfdən İran Livandakı hərbiləşdirilmiş “Hezbolla” təşkilatına kömək edir. “Hezbolla” hal-hazırda Bəşər Əsədin tərəfində döyüşür. İran, həmiçinin Suriya müharibəsində iştirak edən digər şiə qruplaşmalarını maliyyələşdirir və silahlandırır.
Səudiyyə Ərəbistanı isə öz növbəsində sünnülərin üstünlük təşkil etdiyi yaraqlıları dəstəkləyir. Bunların içərisində “Azad Suriya Ordusu” və həmçinin də “Əl-Qaidə” qruplaşması ilə bağlı olan “Cəbhət ən-Nusra” kimi təşkilatlar var. İran və Rusiya Suriya müharibəsində daha aktiv rol oynamağa başlayandan sonra, Səudiyyə Ərəbistanı yaraqlılara göndərdiyi silahın miqdarını bir qədər də artırıb.
- Yəmən
Yəməndəki vətəndaş müharibəsi, İran–Səudiyyə münaqişəsinin ən parlaq nümunəsidir. Bu müharibə nəticəsində on minlərlə yəmənli müharibənin qurbanına çevrilib, ölkədə kütləvi aclıq başlayıb.
Hər şey şiə yaraqlıları husilərin 2016-cı ildə paytaxt Sananı ələ keçirmələri ilə başladı. Səudiyyəlilər buna bomabalama ilə cavab verdilər. İran Yəmənin şimal hissəsindən gəlmiş husiləri, Səudiyyə Ərəbistanı isə keçmiş sünnü hökuməti dəstəkləyir. Misir, Sudan, Fars körfəzi ölkələri ilə səudiyyəlilər hava hücumları və yerüstü əməliyyatlar keçirməklə, husilərlə mübarizə aparır.
- İraq
İraqda İŞİD-ə qarşı mübarizədə şiə yaraqlıları mühüm rol oynayırlar. ”New York Times”in məqaləsində yazılıb ki, Mosulun azad olunmasından sonra, prinsip etibarıyla, İraqı qonşu İrana “verdilər”.
Nə vaxtsa qanlı müharibənin baş verdiyi İraqda indiki hakimiyyət İrana qarşı çox xoş münasibət bəsləyir. Hal-hazırda İraq üzərində nəzarət, Səudiyyə Ərəbistanı ilə yaşanan vasitəli müharibədə İran üçün mühüm qələbədir. İranın dəstəyi ilə İraq ordusu İraq və Suriyanın cənub sərhədlərinə qədər irəliləyib. Bu da Bağdaddan Dəməşqə və ümumiyyətlə isə Aralıq dənizinə qədər olan yolun təmizlənməsi deməkdir. Belə olan halda bütün bunlar İranın təsirinin bütün region üzrə artmasında tramplin rolunu oynayacaq.
İraq hökuməti Səudiyyə Ərəbistanını İŞİD-i dəstəkləməkdə ittiham edir. Səudiyyə rəsmiləri İran təsirinə qarşı mübarizədə İraqdakı sünnü qruplaşmalarını maliyyələşdirir. İran isə şiələrin üstünlük təşkil etdiyi İraq hökumətini və həmçinin də, müttəfiq müqavimət qüvvələrini müdafiə edir.
- Qətər
Qətərin Fars körfəzindəki qonşuları, bu ölkəni terrorçuluğa yardım göstərməkdə ittiham edərək, ona qarşı blokadaya başladılar. Ancaq tənqidçilər deyirlər ki, bütün bunlar Qətərin İranla əlaqələr qurması ilə bağlıdır. Onlar Qətərin hərəkətlərini satqınçılıq kimi dəyərləndirirlər.
- Bəhreyn
Bəhreyn əhalisinin 70%-i şiədir, lakin ölkəni dəmir əllə sünnü Xəlifə klanı idarə edir. 2011-ci ilin “Ərəb baharı” zamanı Bəyreyndə də inqilabi əhval-ruhiyyə baş qaldırmışdı və 100 min nəfər insan öz narazılığını ifadə etmək üçün küçələrə çıxmışdı.
Bəhyren əhalisinin sayı bir milyon nəfərdir. Nümayişçilər ”Sünnülər və şiələr qardaşdır, bizim ölkəmiz satılmır” şüarı altında küçəyə axışmışdılar. Onlar korrupsiyalaşmış rejimə qarşı etirazlarını bildirirdilər. Səudiyyə Ərəbistanı “arxa bağçadakı” xalq etirazından həyəcanlanmışdı. Onlar dinc nümayişləri şiələrin qiyamı kimi təqdim etdilər və Səudiyyə Ərəbistanı Bəhreynə 1000 nəfər əsgər göndərdi. Bir çox etirazçını həbsxanaya salıb işgəncə verdilər. Onların içərisində İsveç vətəndaşları da vardı. İran nümayişçilərin tərəfini saxladı və üsyanı dəstəkləyib, zorakılığa etiraz olaraq, öz səfirini geri çağırdı.
- Bəs, Rusiya və ABŞ?
İran və Səudiyyə Ərəbistanı arasındakı vasitəli müharibəni daha çox 1970-80-ci illərdə Sovet İttifaqı və Amerika arasında yaşanan soyuq müharibə ilə müqayisə edirlər. İndiki Amerika və Rusiya hökumətləri yeni müharibədə tərəf seçdikləri üçün, həmin müqayisə müəyyən mənada daha aktual olmağa başlayıb.
Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp İranı sülh üçün böyük təhlükə adlandırıb. O, öz seçki kampaniyasının gedişində Yəmən və Suriyanın İran tərəfindən zəbt olunacağı xəbərdarlığını etmişdi. ABŞ prezidenti səudiyyəlilərlə iri miqyaslı silah satışı müqaviləsi imzaladı və onların insan haqlarına qarşı törətdikləri cinayətləri qınamaqdan imtina etdi.
Bir tərəfdən Suriyadakı müharibə Bəşər Əsədin tərəfini tutan Rusiya və İranı birləşdirdi. Lakin dünya siyasəti daha çox qeyri-ardıcıl olur. Yəməndə və Suriyada dünya nəhəngi ABŞ Səudiyyə Ərəbistanı ilə birləşir, amma İraqda Amerika İranın dəstəklədiyi müqavimət qüvvələri ilə çiyin-çiyinə İŞİD-ə qarşı vuruşur.
(Aftonbladet-İsveç)
MilliYol.Az
Digər xəbərlər
loading...