Bakıda 500-dən çox vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılıb
2017-2018-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılan vakant yerlərin yekun sayı açıqlanıb.
MilliYol.Az APA-ya istinadən xəbərinə görə, bu il müsabiqəyə 7640 vakant yer təqdim olunub.
Müsabiqəyə çıxarılan vakant yerlər Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Bakı, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Laçın, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Saatlı, Sabirabad, Şabran, Salyan, Şamaxı, Samux, Şəki, Şəmkir, Şirvan, Siyəzən, Sumqayıt, Şuşa, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Xocalı, Xocavənd, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan və Zərdab rayonlarında yerləşən məktəblərdədir.
Bakı şəhərində 500-dən, Gəncə şəhərində 200-dən çox vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılıb.
Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qeydiyyatı başa çatıb. İyulun 1-dən 14-dək davam edən proses zamanı 50 minə yaxın şəxs proqram təminatında qeydiyyatdan keçib, onlardan 47 mindən artıq şəxs müsabiqədə iştirak üçün elektron ərizələrini təsdiqləyib.
2000 nəfər müəllimlərin işə qəbulu ilə bağlı keçiriləcək test imtahan mərhələsində iştirak etmədən, birbaşa müsabiqənin müsahibə mərhələsinə buraxılacaq.
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilər.
Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.
Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.
MilliYol.Az
Digər xəbərlər
loading...