Bu gün Ağdamın Ermənistan qoşunları tərəfindən işğal olunmasının 24-cü ili tamam olur. 23 iyul 1993-cü il tarixində Erməni Silahlı Qüvvələri Qarabağın ən böyük rayonlarından olan Ağdamı işğal etdilər. Ağdam rayonunun ərazisi 1154 kv.km, əhalisinin sayı isə 165 mindən çoxdur. Rayonun 122 kəndi var ki onların da hazırda 87-si işğal altındadır.
Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olub. 1992-ci ildən rus ordusuna arxalanan Ermənistan Silahlı Qüvvələri Ağdama olan hücumları daha da intensivləşdirdi. Nəticədə 1993-cü il iyulun 23-də Ağdam şəhəri süquta uğradı. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər rayonun 846,7 kvadrat km sahəsini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular.
Faktlar ermənilərin Ağdam şəhəri və rayonun işğal altındakı 87 kəndində vəşhicəsinə talan, qarətlə məşğul olduğunu sübut edir. Ağdamın müdafiəsi uğrunda döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak olub, minlərlə insan fiziki şikəstlik qazandı, rayonun 126 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrildi.
Ermənilər işğal altında qalan çoxlu sayda tarixi, mədəni və dini abidələri yerlə-yeksan ediblər. Müharibə nəticəsində Ağdam rayonun 538 şəhid verib 587 sakin isə əlil olub. Ağdamda doğulub böyüyən və Qarabağ müharibəsində canını fəda edən 17 nəfər Azərbaycanın Milli Qəhrəmanı adını daşıyır.
MilliYol.Az xəbər verir ki, modern.az saytı Ağdamın işğal günü ərəfəsində o faciəni yaşamış ağdamlı, kəşfiyyatçı və batalyon komandirinin müavini Əkbər Rüstəmovla söhbətləşib.
O, 1993-cü ilin 23 iyulunu ürək ağrısı ilə xatırlayır...
Ordudakı hərc-mərclik
“1993-cü ilin 23 iyulunu xatırlamağa xəcalət çəkirəm. O gün Ağdamın taleyini ermənilər yazdılar. Bizi doğma torpaqlarımızdan didərgin saldılar. O gün çox dəhşətli gün idi. Mən Ağdamdan uzaqda idim. Amma 23-ü Ağdama gələ bildim. Təəssüf ki, artıq Ağdam işğal olunmuşdu. O qədər çətin dövr idi ki. Orduda hərc-mərclik baş alıb gedirdi. Bir tərəfdən Surət Hüseynov Ağdamı işğaldan azad edəcəyini deyirdi. Əslində, Surət Hüseynovun dəstəsində olanlar da qarışıq insanlar idi. Onların nəsə edə biləcəyinə ümid də yox idi”
Ümidli ağdamlılar
Müsahibimiz deyir ki, Ağdam işğal olunandan sonra 2 dəfə orda olub.
“Ağdamlılar çox ümidli idi. Baxmayaraq ki, Ağdam və ağdamlılar hər gün erməni hücumları ilə üz- üzə idi, amma heç kəs ümidini itirməmişdi. Kimsə Ağdmı atıb getmək barədə də düşünmürdü. İnsanlar işlərinin başında idi. Təsərrüfatla məşğul olurdular. Zəhmətləri ilə dolanırdılar. Erməninin gülləsindən qorxub kimsə ah-vay etmirdi. Həm də ağdamlılar çox möhkəm insanlardır. Onlar asanlıqla təslim olmağı da sevmir. Bizim hər birimiz Ağdamın tam azad olunacağını gözləyirdik.
Ağdam işğal olunandan sonra 2 dəfə Ağdamda olmuşam. O zaman kəşfiyyatçı idim. Birinci dəfə gecə vaxtı avqust ayında Ağdama daxil oldum. Heç Ağdamdan çıxmaq istəmirdim. İnsan öz vətənindən qopmaq istəmir. Bizi zorla vətənimizdən qopardılar. Avqust ayında Ağdama girərkən hər tərəfdə meyitlər qalmışdı. Ətrafa baxmaq olmurdu. Yaxınlarımızın, doğmalarımızın meyitləri pis gündə idi. Ağdamı işğal edən vaxt həyətimizdəki iki nəhəng ağacı da kökündən kəsib atmışdılar. Bu, bir daha erməni xislətinin iyrənc olduğunu göstərirdi. Həyətimizə girəndə bir başqa ab-havada idim. Qurub yaratdığım evə gizli gəlmişdim və gizli də getməli idim. İkinci dəfə Ağdama 1993-cü ilin oktyabrında getmişdim. Amma Ağdama getmək təhlükəli idi. Ermənilər hər tərəfi ələ keçirib sahiblənmişdilər. Ağdamın işğalından sonra kəşfiyyatçı kimi ora gedərkən özümdə deyildim. Təsəvvür edin: İnsan öz evinə, torpağına gizli ayaq basıb. İnsanın hansı vəziyyətdə olmasını demək çətindir.
“Ermənilər ölkədəki hərc-mərclikdən istifadə edə bildilər”
Əkbər Rüstəmov deyir ki, həmin vaxt icra başçılarının dəyişdirilməsinin əhəmiyyəti yoxdur.
“1993-cü ilin iyun qiyamı ermənilərin Ağdamı işğal etməsini sürətləndirdi. Onlar ölkədəki hərc-mərclikdən asanlıqla istifadə edə bildilər. O zaman icra başçısı Nadir İsmayılov idi. Onu vəzifədən çıxarıb yerinə Qasım Kərimovu təyin etmişdilər. Əslində, bu dəyişiklik qeyri-formal bir şey idi. Ağdamda vəziyyət gərgin idi. İcra başçılarının bir-birini əvəz etməsinin əhəmiyyəti yox idi. Onsuz da Ağdam ermənilərin hədəfində idi”.
MilliYol.Az
Digər xəbərlər
loading...