İyulun 12-də Belarusun paytaxtı Minsk şəhərində XIX Dünya Rus Mətbuatı Konqresi işə başlayıb
“Gələcək naminə tərəfdaşlıq: müasir sivilizasiyanın prioritetləri” mövzusuna həsr edilən tədbirdə 52 ölkədən KİV rəhbərləri və nümayəndələri iştirak edirlər. Azərbaycanı Konqresdə AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanov təmsil edir.
Konqresin plenar iclasının açılışında çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko müasir jurnalistikanın cəmiyyətə təsirindən danışıb. O qeyd edib ki, ictimai fikrə görə həm siyasətçilərin, həm də jurnalistlərin məsuliyyəti daim yüksəlir. Dövlət başçısı vurğulayıb ki, internet-məkan və sosial şəbəkələr mənəviyyat, əxlaq, etika qanunları əsasında qurulmalıdır. Prezident deyib ki, yeni texnoloji mühitdə jurnalist peşəsi köklü şəkildə dəyişib, hazırda adi vətəndaşlar da informasiya yaradaraq yaya bilirlər. Belə vəziyyətdə çoxlu sayda təhrif edilmiş informasiyalar da yaranır, həqiqət və yalan arasında sərhədlər itir. “Belə şəraitdə mənəvi və ictimai orientirlər məhz peşəkar jurnalistlər və ənənəvi mediadan asılıdır. Buna görə də düzgün seçim etmək lazımdır: reytinq, şəxsi maraqlar, yoxsa həqiqət, obyektivlik”, - deyə dövlət başçısı vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin Konqres iştirakçılarına müraciət edib. Dövlət başçısı bildirib ki, bu ənənəvi görüşlər rusdilli media məkanında əsas hadisələrdən biridir. Prezident medianın maarifçilik, birləşdirici, tərbiyəvi potensialını önə çəkib və buna görə mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Plenar iclasda çıxış edən Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Vitali İqnatenko Konqresin artıq ikinci dəfədir Belarusda keçirildiyini, bu ölkənin rus dilinə böyük diqqət ayırdığını qeyd edib.
Dünya Rus Mətbuatı Konqresi ilə yanaşı, Minskdə ənənəvi Beynəlxalq Media Forum da keçirilir. Konqres işini “Çağırışlar və imkanlar: suverenlik, inteqrasiya, qloballaşma” və “KİV-lər rəqəmsal inqilab dövründə” mövzularına həsr edilən panel sessiyaları ilə davam etdirir. (azərtac)
MilliYol.Az
Digər xəbərlər
loading...