Ortaqlara 200 min manat dividend, işçilərə 236 min manat "hədiyyə"
"Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ümumi yığıncağında müəssisənin 51%-lə səhm-nəzarət paketi "Tekfen Holding"ə daxil olan "Tekfen İnternational Finance & İnvestments S.A." şirkətinin etibarnamə ilə nümayəndəsi Turqay Çabalar 2015-ci il üzrə verilən hesabatda keçən il sosial sığorta ayırmalarına 189 000 manat xərcləndiyini elan elədi.
Nə qədər qəribə olsa da, bu məbləğdə sosial sığorta ayırmasının hansı əməkhaqqı üçün olduğunu söyləmədi. 2014-cü il üzrə 65 işçiyə 684 594,77 manat əmək haqqı verilmişdi. Üstəgəl 153 083,51 manat sosial sığorta ayırması idi. 837 678,28 manat 1 074 manat aylıq əməkhaqqı deməkdir. Mənim suallarımdan qıcıqlandığını görüb səhmdarların vasitəsilə əməkhaqqı fondunun məbləğini soruşdum. Keçənilki yazımda əməkhaqqının çoxluğunu şübhəyə almışdım. Zənnim doğru çıxmışdı, cənab Çabalar səhmdarın üç sualından ikisini cavablandırdı, əməkhaqqının üstündən isə keçdi. Mən ona səhmdarın bu barədə də sual verdiyini xatırlatdım, amma üstümə çəmkirdi. Odur ki, əməkhaqqı fondunu özüm hesablamaq qərarına gəldim. Keçən il 189 000 manatın sosial sığorta ayırmasına getdiyi barədə Çabaların dediyini nəzərə alsaq, bu vəsait 860 min manatın 22 faizidir. Bunları da toplayanda 1 milyon 49 min manat edir. Deməli, əməkhaqqı fondu 1 milyonu ötüb. Əməkhaqqı fondu heç bir səbəb olmadan 200 min manat artırılıb. Biz də keçən il proqnozlaşdırırdıq ki, növbəti hesabatda bu vəsait 1 milyonu ötəcək. Sağ olsunlar, bizi yanıltmadılar, hətta qırmadılar da, pulu deyilən səviyyəyə çatdırdılar. Hesabladığımız vəsait 62 işçi üçün ayda adambaşına 1 410 manat deməkdir. Amma cəmiyyətdə əməkhaqqının 400-600 manat arasında olduğu bildirilir. Buradan da anladım ki, ASC-nin keçmiş işçisi Yasin düz deyirmiş, CTS-də bəzi işçilər deputat maaşı alır. Amma Yasin onu bilmirdi ki, bəziləri hətta uzağa gedib mənim səhmdar kimi bir ildə 144 manata sahib olduğum müəssisədən prezident maaşı alır. Odur ki, adam poçt xidmətinə ödənilən 139 manatın hesabatını verdi, 1 milyonluq əməkhaqqı fondunun üstündən sükutla keçdi.
Kampda yaşayan 765 adam suyu çox işlədər, yoxsa interneti?
Çabalar onu da dedi ki, ötən il elektrik enerjisi xərcləri - müəssisənin ərazisi və "Azfen"dən əldə edilən elektrik enerjisi üçün toplam xərclər 229 000, "Azfen"inki 110 000 manat, bunlardan dolayı məişət tullantıları 10 000 manat olub. Doğrusu deyilmədi, bu pul nə vaxt mədaxil olunub ki, xərc maddəsinə salınıb. "Azfen" BM-nin elektrik enerjisi üçün 110 151,78 manat alınıb, "CTS"-ni də ona qatıb hesabat verirlər. "Azfen"nin elektrik xərcini bu hesabdan çıxanda yerdə qalan 118 848,22 manat "CTS"-nin elektrik enerjisi xərci olub. Bütün bunlar maya dəyərinə "oturur". Kirayəçilər ASC-də həm yatır, həm dincəlir, geninə-boluna suyundan, internetindən istifadə edir, həm də ən az iki öynə yeyib-içir. Özü də süfrələrində qara zeytundan belə əskik deyil. Və bütün bunlar üçün adambaşına cəmi 20 dollar ödəyirlər. Bu, Azərbaycanın istirahət məkanlarında bir səhər yeməyinin qiymətidir. O ki, qaldı məişət tullantılarına sərf olunduğu deyilən 10 min manata, müəssisənin hesabatlarında ilk dəfədir bu xərc maddəsinə rast gəlirəm. Həm də "bunlardan dolayı məişət tullantıları" dediyində nəyi nəzərdə tutduğu anlaşılmadı. Qeyd edim ki, bu il suya sərf olunan pulu açıqlamadılar. Keçən il suya 10 169,52 manat xərclənib. Halbuki müəssisənin bütün işi su ilə bağlıdır - ağacların, otların suvarılması, kampda qalan 765 adamın səhər-axşam duş qəbul etməsi, camaşırxanada paltarların yuyulması, yeməkxanada suyun istifadəsi, bir sözlə hər iş su ilə görülür. Və ona cəmi 10 min manat xərclənir, amma web-səhifəsi, səhmdar şəbəkəsi olmayan və hətta ortaqlarla elektron yazışma aparmayan idarədə 18 218 manatlıq internet işlədilir. 2014-cü ilin hesabatında internet xidməti 3 927,59 manat tutmuşdu. İndi bu xidmətə sərf olunan pulun birdən-birə 4,6 dəfə artması üçün mən bir səbəb görmürəm. Sanki sayt yaradıb, qəzet açıblar. Heç adi media saytına bu qədər pul sərf olunmur, uzaqbaşı ayda 100 manat xərclənsin, bu da illik 1200 manat olsun. 18 minə camaat özünə ev alır, cənablar! Belə çıxır ki, 765 adam interneti su əvəzi "içib". İstifadə olunan suya verilən məbləğin azlığı da şübhə doğurur. Necə ola bilər ki, internetə 18 min, suya 10 min sərf olunsun? Qulağıma bəzi məsələlər çatdığı üçün bu işarəni vururam.
Öz əmlakını fantastik qiymətə kirayə götürüb
Qeyri-maddi aktivlərin amortizasiyası keçən il 593 000, əsas vəsaitlərin amortizasiyası 262 000, azqiymətli tezköhnələn əşyaların amortizasiyası da 46 608 manat olub. Adamlar bu şəkildə 901 608 manat vəsaiti vergidən "qurtarıblar". 2014-cü ildə amortizasiya xərcləri cəmi 362 226,55 manat təşkil etmişdi və o vaxt səhmdarlar bunun "hesabı"nı sormuşdular. İndiki halda amortizasiya xərclərini 2,5 dəfə artırıblar, özlərinin sözü ilə isə vergidən "qurtarıblar". Amma mənə görə bu yolla "aradan çıxarırlar" - həm vergi orqanları, həm də səhmdarlardan. Çabalar "o pul kassamda qalır", deyir, amma onun kassasında qalır, bizim yox. Dividend xəbərini həyəcanla gözlədiklərindən səhmdarlar bunu da ya duymadılar, ya da münaqişədən qaçmaq üçün qulaqardına vurdular. Cəmiyyətdə keçən il yeni bir xərc maddəsi də icad ediblər: əmlakın dövlət kirayə xərcləri 842 000 manat təşkil edib. 2014-cü il və ondan əvvəlki ilin verilən hesabatında belə bir xərc maddəsi yox idi. Bunu ondan soruşan olmasa da, Çabalar özü həmin maddəyə aydınlıq gətirməyə ehtiyac duydu, çünki başqalarından fərqli mənim gözlərimi qıyıb hesabatı diqqətlə dinlədiyimi görürdü. Hətta "yanlış anlaşılmaması" üçün "mən dövlətin əmlaka görə kəsdiyi fakturanı ödəyirəm", deyə "yazanda diqqətli olmaqdan ötrü" ortaya dedi, əslində isə məni uyardı. Əlində qələm olan təkcə mən idim. Doğrudan da dövlət qurumlarının (yəqin ki, Əmlak Məsələləri Dövlət Komitəsi) bu məbləğdə "faktura kəsməsi" (bəlkə də "xərac" deməliyəm) müəmmalıdır. Əvvəlki illər belə xərc maddəsi olmayıb və ASC-nin torpaq icarəsi üçün həddindən artıq böyük rəqəmdir. Əcəba nələr baş verir? İcarəyə vermək indimi yadlarına düşüb, ya da müəssisənin istifadəsində olan əmlakının icarəsi niyə bu qədər çox pul tutub? Əgər belə kirayə haqları büdcəyə ödənsə, bizim pul sarıdan bu qədər çətinliyimiz olmaz ki! Şəxsən mən bu pulun büdcəyə köçürüldüyünə inanmıram.
"Digər xərclər" heç bir səbəb olmadan bir ildə 3,6 dəfə artıb
Nəhayət, digər xərclər 141 000 manat təşkil edib və cəmiyyətin ümumilikdə 2 052 628 manat xərci olub (2014-cü ilin hesabatında "digər xərclər" maddəsi altında 249 600,71 manat xərclənmişdi). İl ərzində 8 mart qadınlar günü, Novruz bayramı, Qurban bayramı, kiməsə köməklik, cəmiyyətdə uzun illər işləyərək dünyasını dəyişdirən bir işçinin dəfn məsrəflərinə 235 844,08 manat istifadə olunub. Halbuki, 2014-cü ildə bu işlərə istifadə edilən məbləğ 65 915,15 manat təşkil edib. İstifadə edilən məbləğin 3,6 dəfə artırılmasına nəyin səbəb olduğu deyilmədi. 2015-ci ilin maliyyə hesabatından göründüyü kimi, il ərzində malların təqdim edilməsi, icarə haqqı, kurs fərqindən cəmi 10 119 538.31 manat gəlir əldə edilib, bu gəlirin əldə olunmasına 2 052 628 manat vəsait xərclənib və bunun nəticəsində 8 066 910.31 manat gəlir yaranıb. Bundan büdcəyə 20% mənfəət vergisi 1 613 381,92 manat (2014-cü ildə mənfəət vergisinin məbləği 450 964,76 manat olub) çıxıldıqdan sonra 6 453 527,67 manat qalıb. Bundan da yuxarıda sadalanan məsrəflər çıxıldıqdan sonra yerdə qalan istifadə edilməmiş mənfəət 6 217 683,59 manat olub. Çabalar xalis mənfəəti səhm sayına böldü və hər səhmə 9,39 manat düşdüyünü dedi. Əslində, mənfəət vergisinin 3,6 dəfə artması onu göstərir ki, biz də bu artıma uyğun əvvəlkindən 3,6 dəfə artıq pul almalı idik. Bütün hesablamalar hər səhm üzrə dividendi 20 manata "aparır". 2015-ci ildə dollar 1 manat 5 qəpik idi, ikinci devalvasiyanın təsiri 2016-cı ilin hesabatında özünü daha çox göstərəcək, qazancımızı manata çevirəndə uduşumuz daha da artıq olacaq. Hər halda, bu, səhmdar kimi mənim proqnozdan əlavə maliyyə nəticələrinin təhlilindən gəldiyim qənaətdir. 2014-cü ildə cəmiyyətin debitor borclarının 2 179 181,94 manat, kreditor borcunun isə 96 384,71 manat təşkil etdiyini deyən Çabalar bu dəfə "CTS"-nin kimsəyə borcu olmadığını söylədi. Debitorlarla bağlı isə susdu. Halbuki, alacağımız verəcəyimizdən 22,6 dəfə çox idi. Əslində xərclənən vəsait 20% mənfəət vergisi istisna olmaqla və 110 151,78 manat "Azfen" BM-nin sərf etdiyi elektrik enerjisi üçün həm mədaxil, həm də məxaric olunduğunu nəzərə alıb çıxsaq 3 573 129,3 manat təşkil edib, iddia etdikləri kimi 2 milyon manat deyil. Vergilərlə bərabər məsrəf 5 186 511.22 manat olub. 6,2 milyon manat xalis mənfəət burada alınmır. Görünür, gəlirlər hissəsində bizə söylənməyən rəqəmlər var. Necə ki, əməkhaqqı fondu deyilmədi, bilmədiyimiz xərc və ya gəlirlərin mövcud olması da mümkündür. Xərclər manatla aparılır və iddia etdikləri kimi qənaət yoxdur. Keçən il Çabalar 6 ayın yekunlarına görə xərclərə iki dəfə qənaət edildiyini söyləyirdi.
Ortaqlara 200 min manat dividend, işçilərə 236 min manat "hədiyyə"
Adam bizdən soruşmadan, məsləhət etmədən 235 844.08 manatı özünün sözü ilə desəm "ıvır-zıvır"a xərcləyib. Onu da bölürəm işçilərin sayına. Çabaların sözünə inansaq, il ərzində bir işçiyə əlavə olaraq 3 803,94 manat bayram hədiyyəsi verilib ki, buna şəxsən mən inanmıram. Mühasib Piyalə Mahmudovanın martın 8-də aldığı hədiyyə niyə mən səhmdarın hesabından olmalıdır? Əslində, bu xərcləri majoritar səhmdar öz üzərinə götürməlidir, mənim pulumdan hədiyyə verə bilməz, çünki bu qərarı mənimlə birgə almayıb. Xeyriyyə cəmiyyəti deyiləm ki, aldığım cüzi dividenddən də üstəlik yardım edim. Adam xeyriyyəçiliyi mənim üzərimdən edir. Digər səhmdarlar da susurlar, alacaqları 5-10 manata görə səslərini çıxarmırlar. Bir səhmdar olaraq "sosial fond" yaradılmasının əleyhinə deyiləm, amma o şərtlə ki, fondun büdcəsi səhmləri 10%-dən yuxarı səhmdarların hesabına formalaşsın və yardım səhm sayına deyil, səhmdar sayına görə verilsin. Hələ onu demirəm ki, hər dəfə iclasa gedəndə keçmiş işçilər, xəsarət alanlar müəssisənin qapısını kəsdirir, diqqət çəkməyə çalışırlar. Demək ki, qələmə verildiyi kimi onlara lazım olan yardım edilmir. Böyük ortaq 330 kiçik ortağa 200 min manat ayırır, 236 mini isə bayramlarda sağa-sola səpələyir. 640 376 səhm iki səhmdardadır, 21 471 səhm kiçik ortaqlarda. Amma sonuncunun da 4 675 ədədinin yenə dolayısıyla paket sahibinə aid olduğu deyilir. O halda kənarda 16 796 səhm qalır. Bu isə o deməkdir ki, kiçik ortaqlara çatan məbləğ cəmi 157 714 manatdır. Adam 6 milyondan elə 6 milyon dividend alır, hələ bizə bir minnət də edir. Gəlir artanda milyonları götürən majoritar səhmdarlardır, biz deyilik. Əgər bu yazdıqlarımda yanlış varsa "CTS"-dən bütün bunlara aydınlıq gətirə bilərlər. Turqay müəllimin sözü olmasın, sevə-sevə qəbul edərəm. Çünki ziddiyyətli hesabatlardan mən də yorulmuşam. (Bizimyol.info)
MilliYol.Az
Digər xəbərlər
loading...