"Bakı-2015" I Avropa Oyunları zamanı gözəl ab-hava, təşkilatçılıq vardı. Bu, bizə böyük təcrübə qazandırdı"
"Report"un məlumatına görə, bunu "Minsk-2019" II Avropa Oyunlarının direktoru Georgi Katulin Belarus paytaxtında "İdman və turizm: Turizmdə rebrendinq" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib. O, Belarusun növbəti Oyunlara Azərbaycan qədər vəsait xərcləməyəcəyini bildirib: "Ölkəmizin prezidenti Aleksandr Lukaşenkonun da qeyd etdiyi kimi, bu, tam fərqli Oyunlar olacaq. Belarus Azərbaycan təcrübəsini öyrənəcək, amma həddən artıq xərc çəkməyi planlaşdırmır. Biz isti qarşılanmaya, yüksək ab-havaya, Belarus qonaqpərvərliyinə və yaxşı təşkilatçılığa söz veririk. Biz görürük ki, hətta olimpiada təşkil edən ölkələrdə insanlar narazılıq edirlər. Son zamanlar Beynəlxalq Olimpiya Komitəsi də təşkilatçı ölkələrə xərcləri azaltmağı tövsiyyə edir. Biz də öz konsepsiyamızda xərcləri optimallaşdırma yolunu tutmuşuq".
G.Katulin Belarusun beynəlxalq yarışlar keçirmə təcrübəsindən və coğrafi üstünlüyündən də danışıb. Onun sözlərinə görə, Avropanın ən uzaq ölkəsinə təxminən 3 saatlıq uçuş məsafəsinin olması hamı üçün sərfəlidir. Bundan başqa ölkədə müxtəlif növlər üzrə dünya və Avropa çempionatları təşkil olunub. "Minsk-2019" rəsmisi Oyunların keçiriləcəyi idman qurğuları barədə də ətraflı danışıb. Natiq 2019-cu il iyunun 20-də başlanacaq yarışın Açılış mərasiminin ertəsi gün "Minsk Arena"da olacağını, bu məqsədlə həmin stadionun 4-cü dəfə yenidən qurularaq, müasir idman obyektinə çevriləcəyini vurğulayıb.
Belarusun Oyunlar zamanı bütün iştirakçılar üçün gömrük prosedurlarını sadələşdirəcəyinə dair öz üzərinə öhdəlik götürdüyünü deyən G.Katulinin sözlərinə görə, qonaqların vizasız gəliş-gedişinə dair praktikadan yararlanmaq niyyətindədirlər. O bildirib ki, artıq yanvarın 9-dan 80 ölkə üçün 5 günlük vizasız rejim tətbiq olunub. Natiq Belarusun idman turizminin inkişafına iki yolla nail olmağın mümkünlüyünü də vurğulayıb: "Bu, ya multi-idman tədbirləri, ya da yarışların keçirildiyi idman qurğuları ətrafında turizm obyektləri yaratmaqla mümkündür. Minsk idman-turizm zonası yaratmaq imkanlarına malikdir".
Qeyd edək ki, "Minsk 2019" II Avropa Oyunları 11 gün davam edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...