Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın APA-ya müsahibəsi
- Anar müəllim, müsahibə Ermənistan ordusu tərəfindən günahsız soydaşlarımız Sahibə Quliyeva və 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürüldüyü vaxta təsadüf edir. Söhbətə elə bu faciəyə münasibətinizdən başlamaq istərdik...
- Bir günahsız qadın iki yaşlı nəvəsi ilə erməni caniləri tərəfindən qətl ediliblər. Yazıçılar Birliyinin bu barədə bəyanatı var, amma mən bir daha bu xəbərdən keçirdiyim dərin sarsıntını bildirmək istəyirəm. Qərb şəhərlərinin hansı zooparkındasa bir heyvan qayğısızlıq ya səhlənkarlıq ucbatından məhv olursa, bütün dünyanın sözdə “humanistləri” vay-şivən qoparırlar. Azərbaycan ərazisində təcavüzkarın dinc əhalini qırmasını, dünyaya yeni göz açmış çocuğu amansızcasına qətl etməsini sanki kar və kor olmuş “humanstlər” eşitmək, görmək istəmir.
“Dinc əhalimizin məhv edilməsinə nə zamana qədər dözəcəyik?
Qarabağ müsibəti başlanandan bəri Ermənistan ərazisinə Azərbaycan tərəfindən bir mərmi düşməyib, bir güllə atılmayıb. Bizim dədə-baba torpağımızda dinc əhalimizin acımasızcasına məhv edilməsinə nə zamana qədər dözəcəyik? Bu faciələrin baiskarlarının, çocuq qatillərinin beynəlxalq Haqq və Ədalət məhkəməsi qarşısında cavab verməli olacağına inanıram.
- Bu il Yazıçılar Birliyinə sədr seçilməyinizdən 30 il keçir. Sizin bu haqda geniş yazınızı oxudum. Deyirsiniz, otuz il mənim həyatımda nə idi: düşmən qazanmaq şansı, dost itirmək səbəbi, yüz sifətə düşənləri tanımağın acısı? Dost itirib düşmən qazanmaq, yüz sifət tanımaq “şansınız” davam edir, yoxsa geridə qaldı?
- Həyat davam edirsə, deməli onun fəsadları da davam edir. Bəzi mətbuat orqanlarını və bəzi saytları izləyirsinizsə cavab sizə aydın olmalıdır.
- 1981-ci ildə Sizin sədr kimi namizədliyiniz müzakirə olunub. Yazırsınız ki, xəstəxanada ölüm yatağında yatan anam seçilmədiyimi biləndə yastığının altından üç manat çıxarıb mənə uzatdı ki, dilənçilərə payla, nəzir etmişdim səni bu vəzifəyə seçməsinlər. Sizdən ad çəkib bu haqda geniş danışmağınızı xahiş edirəm. Mehdi Hüseynin ürəyini partladanlar, İmran Qasımovu xərçəngə tutduranlar, İsmayıl Şıxlını şəkər edənlər kimlər idi?
- Mehdi Hüseyn Yazıçılar İttifaqının sədri olarkən elə öz iş otağında, Rəyasət Heyətinin iclasında Rəyasət Heyəti üzvlərindən bəzilərinin hücumlarından əsəbiləşərək ürək böhranından keçindi. O vaxt Rəyasət Heyətinə kimlərin daxil olduğu məlumdur. Mehdi Hüseynin ölümü barədə rəsmi nekroloqun altında Rəyasət Heyəti üzvlərindən kimlərin adının olmaması da elə o səbəbkarlara işarədir. Bu fakt o dövrün qəzetlərində əks olunub. Bununla maraqlanan hər kəs kitabxanada həmin qəzetlərlə tanış ola bilər. İndi mənim çoxdan dünyasını dəyişmiş adamların adlarını çəkib qalmaqal yaratmağım yerinə düşməz. Qan çıxmayan yerdən qaşıyıb qan çıxarmaq lazım deyil. Başa düşürəm ki, hər saytın oxunması üçün qalmaqala ehtiyacı var, amma etikadan kənar hərəkət edib özünü müdafiə edə bilməyəcək adamların adını pisliyə çəkmək mənim əxlaq prinsiplərimə ziddir.
- Sədrlik üçün namizədliyinizi Əkrəm Əylisli təklif edib. Amma siz yazıçı həmkarınızın Mərkəzi Komitənin katibi Həsən Həsənovdan Əylisdə tikdirdiyi evə bir maşın daş göndərmək xahişi kimi kiçik məsələni unutmursunuz. Bu cür “unutmazlıq” olan yerdə iki yazıçının hansı barışığından söhbət gedə bilər? Etiraf edim ki, bütün körpülər yanandan sonra “barışıq” söhbətini salmağıma görə nə qədər sadəlövh göründüyümün fərqindəyəm...
- Özünüzün kiçik məsələ adlandırığınız bu olayı niyə belə şişirtməyinizin səbəbi mənə aydın deyil. Ev tikdirmək üçün daş istəməsi nə böyük qəbahətmiş ki, onu gizlətmək lazım olsun? Mən o vaxt da bu xahişə təbii baxırdım, indi də elə baxıram. Xüsusi vurğulayırsınız, amma onun fərqinə varmırsınız ki, Əkrəmin məni birinci təklif etməsi indi mənim özümdən və bəlkə üç beş adamdan başqa heç kəsin yadında deyil və mən də bunu xatırlatmasaydım, kimsə mənə irad tutmazdı.
Mənim heç vaxt keçmişə aid hər hansı faktı başqalaşdırmaq, dəyişmək və ya uydurmaq niyyətim olmayıb
Yazımı diqqətlə oxumusunuzsa, orda dediyim kimi katibin “səni kim təklif edər bilər” sualına, tərəddüdsüz: “Əkrəm Əylisli” deməyimə də, gərək diqqət edəydiniz. Bu da mənim o vaxt ona necə ərk etdiyimi göstərir. Mənim heç vaxt keçmişə aid hər hansı faktı başqalaşdırmaq, dəyişmək və ya uydurmaq niyyətim heç vaxt olmayıb. Bu kiçik daş məsələsinin yadımda qalmasına gəlincə, o günlərin bütün təfərrütlarını gündəliyimdə qeyd etdiyim üçün bunu da unutmamışam. O ki qaldı “barışmağa”, mən heç kəsdən küsməmişəm ki, barışmağa da cəhd edim. Körpüləri yandıran də mən deyiləm.
- Sizə qarşı çıxan “Nankorlar” komandası dediyiniz on bir nəfər haqqında çox düşünürsünüzmü? Onları doğrudanmı unutmaq olmur? Hətta sizin ədəbi siyasətinizi bəyənməyən qadın yazıçıları da yaddan çıxarmırsınız...
- Nankorlar ancaq onlar yenidən nankorluq edən zaman yadıma düşürlər. Xatirələrə dalmağa o qədər xoş məqamlar var ki, on bir nəfərin üzüdönüklüyü yaddaşda saxlanılanlar sırasında deyil. Mənim ədəbi siyasətim Yazıçılar Birliyini qoruyub saxlamaq, parçalanmağa qoymamaq, onun qəzet və jurnallarının nəşrini təmin etmək, yaşlılara qayğıyla yanaşmaq, cavanlar üçün bütün imkanları yaratmaq siyasətidir. Kim bu siyasəti bəyənmir, öz işidir. İstər kişi olsun, istər qadın...
- Sizin nankor dediyiniz yazıçı həmkarlarının haqlı olduğu məqamlar doğrudanmı yoxdur? Axı necə ola bilər ki, bir nəfər haqlı, on bir nəfər haqsız olsun?
- Əvvəla “nankor” sözünü sizin üçün izah etməyə məcburam. Nankorluq mənim ədəbi siyasətimi bəyənib-bəyənməmək məsələsi deyil, nankorluq həmişə yaxşılıq etdiyim, həmişə səndən xeyir görən birisinin birdən dönük çıxması, çörəyi dizinin üstündə olmasıdır. Bu isə tamamilə başqa məsələdir. İkincisi, on bir yox, yüz on bir nəfər də haqsız ola bilər. Mənim tək bir özümü haqlı saymağım haqqında sizin fikrinizin müqabilində onu deyə bilərəm ki, bu məsələdə mən heç də tək deyiləm. Məni dörd qurultayda açıq səsvermədə yekdilliklə sədr seçən, mənim ədəbi siyasətimi qəbul edən yüzlərlə yazıçı hər halda on bir nəfərdən çoxdur. Moskvada və bir çox respublikada dağılıb parçalanan yazıçı təşkilatlarından fərqli olaraq, Azərbaycan Yazıçılar Birliyini parçalanmağa, dağılmağa qoymadığımız üçün fəaliyyətimizi təqdir edən ölkəmizin rəhbərləri, çox sayda ziyalımız, Türkiyənin, Rusiyanın, başqa ölkələrin neçə-neçə yazıçı var ki, onların arasında Çingiz Aytmatovun və Oljas Süleymenovun da adlarını iftixarla çəkə bilərəm. On bir nəfərlə bu qədər nüfuzlu adamın tənasübü haqqında özünüz nəticə çıxarın.
- Anar müəllim, mən Teyyub Qurbanın Mircəfər Bağırov haqqında yazdığı kitabı oxudum. Kitab Bağırovun müdafiəsinə həsr olunub. Mircəfər Bağırov hər yerdə “mirqəzəb”, “mircəllad” kimi təqdim edilsə də, sizin valideynlərinizin həyatında böyük rol oynayıb. Məsələn, Nigar Rəfibəyli hələ gənc olanda karyerasının qarşısını kəsmək üçün Bağırova məktublar yazılsa da, o nə Rəsul Rza, nə də Nigar xanım haqqında mənfi dərkənar yazıb. Mircəfər Bağırovun ailənizin həyatındakı rolunu necə qiymətləndirirsiniz? Və ümumiyyətlə “mircəllad” deyilən bu insan haqqında nə düşünürsünüz?
- Əvvəlcə bir neçə dəqiqləşdirmə. 1930-cu ildə Nigar xanımın on yeddi yaşı olanda ona qarşı ağır siyasi hökm kimi səslənən məqaləni o vaxt Mərkəzi Komitənin katibi Əliheydər Qarayev yazmışdı. 40-cı illərdə anam artıq orta yaşlarda olanda isə NKVD-nin müavini, sonra Bağırovla bir yerdə güllələnən Xoren Qriqoryan Nigar Rəfibəylinin və anası Cəvahir xanımın sürgün edilməsi haqqında Bağırova raport yazıb və bu raportun üstündə Mircəfər Bağırov “ostavit", yəni sürgün edilməsinlər dərkənarı qoyaraq, ailəmizi xilas edib. Yəni bu dərkənar olmasaydı, mən indi bu gün sizin suallarınıza cavab verən olmazdım. Allah bilir harda, hansı sürgündə çürüyüb getmişdim. Buna görə əlbəttə, Mircəfər Bağırova minnətdaram. Valideynlərimin əfsus ki, bu sənəddən xəbərləri olmadı. O ki qaldı ümumən Mircəfər Bağırova münasibətimə, mənim “LİK Azerbaydjana” kitabımın üçüncü cildinə daxil olan “Pravo na jizn” (“Yaşamaq haqqı”) yazımla tanış olmağınızı tövsiyə edirəm. İndi bu yazım Azərbaycan türkcəsində nəşrə hazırlanır.
“Mircəfər Bağırovun o dərkənarı olmasaydı, Allah bilir harda, hansı sürgündə çürüyüb getmişdim”
Bu yazıda mən Mircəfər Bağırovun Cənubi Azərbaycan, Qarabağ məsələlərində prinsipial patriotik mövqeyini yüksək dəyərləndirməklə bərabər, minlərlə insanın faciəsinə bais olmuş şəxsiyyət kimi cinayətlərini unutmadığımızı yazmışam. Hətta ailəmizə olan əvəzsiz xeyirxahlığı da mənim gözümdə bu cinayətləri unutdura bilməz. Ümumiyyətlə, tarixi şəxsiyyətləri, o cümlədən, Mircəfər Bağırovu da nə tünd qara boyalarla təqdim etmək lazımdı, nə də süddən çıxmış qaşıq kimi tər-təmiz. Nə damğalamaq, nə idealizə etmək – obyektiv tarixilik prinsipi məncə belə olmalıdır. Onu da deyim ki, Bağırov özü məhkəməsində baisi olduğu cinayətlərdən dolayı “Mən dizəcən qan içindəyəm, məni güllələmək azdır, şaqqalamaq lazımdır” demişdi. Biz də bu tarixi faciəyə ciddi və obyektiv yanaşmalıyıq.
- Yaydır, yazmaq üçün yaxşı fürsət düşüb. Planlarınız nədən ibarətdir?
- Planlarımı yalnız yerinə yetəndən sonra açıqlamağı tərcih edirəm.
- Ötən müsahibəmizdə demişdiniz ki, gəncləri oxuya bilməmisiniz. İki ilə yaxın vaxt keçib, bu müddətdə gəncləri oxumaq imkanınız olub?
- Gənclərin kitablarını tədricən, vaxtaşırı oxuyuram, mətbuatda çıxan yazılarını mütəmadi izləyirəm.
-Niyə pyes yazmırsınız? Bir neçə dəfə olub ki, aktyorlar, rejissorlar Sizin pyes yazmamağınızı mənfi hal kimi dəyərləndiriblər...
-Sağ olsunlar. Amma həmin bu rejissorlar, ya teatr rəhbərləri nə üçün uzun müddətdi pyes yazmamağımla maraqlanmırlar? Anşlaqlar verən tamaşlarımı niyə repertuardan səssiz-səmirsiz çıxarılmasının səbəblərini araşdırmırlar? Yaxud TV kanalları. Elə həftə olmur ki, mənim köhnə tamaşalarımı, filmlərimi nümayiş etdirməsinlər. Amma hər hansı TV kanalının rəhbərliyi “bəlkə siz də az-çox peşəkar dramaturq kimi bizə bir şey təklif edəsiniz?” deyə, mənə müraciət edibmi? Əfsus ki, yox.
- Yazıçılar Birliyinin əməkdaşları evsizlikdən yaxud mənzil şəraitinin yaxşı olmamasından əziyyət çəkirlər. Birlikdə çalışanların ev almaq şansları yenə varmı?
-Əlbəttə var.
- “Yazıçılar Birliyi müasir düşüncə ilə ayaqlaşmır, jurnalları oxunmur, yaradıcı təşəbbüskarlıq yoxdur. Bunun da səbəbi rəhbər vəzifələrin əksərən yaşlıların əlində olması ilə bağlıdır” fikrini yazılı-şifahi tirajlayanlara cavabınız nədir?
- Əgər “müasir düşüncə” dediyiniz böhtan atmaq, “yaradıcı təşəbbüskarlıq” yalan danışmaqdırsa, Yazıçılar Birliyi həqiqətən bu üsullarla ayaqlaşa bilmir də, istəmir də… Amma bu “gərəksiz” təşkilata niyə yüzlərlə adam üzv olmağa can atır və onlarla adam da onun rəhbəri olmaq arzusundadır?
“İstedadlı cavanların əksəriyyəti bizimlədir, bizim sıralarımızdadır”
Cavabsız suallardır. “Jurnalları oxunmur” fikrini tirajlayanlar niyə məhz bu jurnallarda çap olunmağa belə can atırlar? Oxunmamaq üçün? O ki qaldı ildən ilə təkrar olunan “qocalar-cavanlar” məsələsinə, bütün qocalar haçansa cavan olub, amma məlum deyil bütün cavanlar qoca ola biləcəkmi? Allah eləsin hamısı bizim yaşımıza çatsın və yeni cavanlardan özlərinin bizə qarşı olan münasibəti görsünlər. Bu sözlər çox az sayda cavanlara, ya özünü cavan sayanlara aiddir. İstedadlı cavanların əksəriyyəti bizimlədir, bizim sıralarımızdadır. Bütün rəhbər vəzifələrin yaşlılarda olması da düz deyil. Katiblikdə də cavanlar təmsil olunublar, redaksiyalarımızın başında da, Tərcümə Mərkəzimizdə də, seksiya rəhbərliyində də. Gənclərin kitablarının təqdimatları, imza günləri keçirilir, onlar mükafatlar alırlar, səfərlərə göndərilirlər. Görünür, məsələ bunda deyil, məsələ “niyə mən cavan yox, o cavan” narazılığındadır. Eyb etməz. Bu da keçər.
- Qurultaydan sonra və Birliyin yubileyi ərəfəsində yazıçılara fəxri adlar verilmədi. Belə fikir formalaşdı ki, Sizin bəzi vəzifəli məmurlarla münasibətlərinizdəki neqativ çalar yazıçılara lazımınca dövlət qayğısı göstərilməsinə mane olur. Bu nə dərəcədə ciddi arqumentdir?
- Son dərəcədə qeyri-ciddi arqumentdir. Mənim əlaqədar məmurların hamısı ilə normal münasibətlərim var. Bir də dövlətin qayğısı məgər yalnız fəxri adlar verməklə təsdiq olunur?
“Məni gah hökumətə yaxın olmaqda, gah da məmurlarla neqativ münasibətdə suçlayırlar”
Yazıçıların yaşayış binası üçün sahə ayrılması dövlət qayğısı deyil? Qəribədir, gah məni hökumətə yaxın olmaqda suçlayırlar, gah da hökumətin məmurları ilə neqativ münasibətlərdə. Fikirləşib, axır birinin üstündə dayansınlar da. Dövlətin, şəxsən cənab Prezidentimizin yazıçılara qayğısının ən bariz nümunəsi odur ki, hər il 50 yaşlı yazıçıya və 20 gəncə Prezident təqaüdü verilir.
- Bir müddət əvvəl Müdafiə Nazirliyində görüş keçirildi. Hər hansı yazıçını cəbhə xəttindən yazmaq üçün ezam etmisinizmi? Ya da özünüz cəbhə xəttinə getməyi planlaşdırırsınız?
- Mən özüm də, başqa yazıçılarımız da dəfələrlə cəbhə xəttində olmuşuq. Hələ atəşkəs olmayan vaxtlarda da. Əsgərlərlə görüşmüşük, kitablarımızı hədiyyə etmişik. Müdafiə Nazirliyi ilə əməkdaşlıq edərək yenə də cəbhə bölgələrinə gedəcəyik. Yazıçılar Birliyində yaratdığımız hərbi vətənpərvərlik komissiyası bu məsələləri Müdafiə Nazirliyi ilə birlikdə təşkil edir.
- Bir sıra istedadlar, xüsusən gənclər sizin sədrliyiniz müddətində Yazıçılar Birliyini tərk edib. Onların gedişinə təəssüflənirsinizmi?
- Həqiqətən istedadlıdırlarsa, əlbəttə, təəsüflənirəm Amma xatırlatmaq istəyirəm ki, mənim sədr seçildiyim ildə doğulanlar indi otuz yaşındadırlar. Həyatın amansız qanunu var.
“Həqiqi istedad yazıları ilə diqqət çəkməlidir, girib-çıxmaqları ilə yox”
Bu gün gənc olan sabah artıq gənc sayılmır. Bir qəribə fokus da var. Bəziləri birliyimizə sanki ona görə girirlər ki, bir müddətdən sonra ordan çıxdıqlarını bəyan etsinlər. Birliyə üzv olmaları heç kəsin diqqətini çəkmədiyi halda, çıxmaqları bəzi qəzetlər və saytlar üçün göydəndüşmə sensasiyadır. Həqiqi istedad yazılarıyla diqqət çəkməlidir, girib-çıxmaqları ilə yox. Belə tanınmağın ömrü də çox sürmür. Bu gün “eşitdin, filankəs də birlikdən çıxdı” söz-söhbəti üç aydan sonra “Kim? O da yazıçıdı?” sualı ilə əvəz olunur.
- Yazıçılar Birliyinə üzv qəbulu davam edir. Nəinki mənim, ümumiyyətlə, ədəbi mühitin tanımadığı şəxslər tez-tez “feysbuk"da şəkil paylaşıb birliyə üzv olmalarını sevinclə qeyd edirlər. Üzv qəbul etməkdə prinsiplər nədən ibarətdir?
- "Feysbuk"a baxmıram. Yazıçılar Birliyinin 1500-dən artıq üzvünü sizin tanımamağınız təəccüblü deyil. Heç mən də hamısını tanımıram. Amma kimsə Yazıçılar Birliyinə üzv olmasına sevinirsə, bu sevinci nədən onunla paylaşmayaq?
MilliYol.Az
Digər xəbərlər
loading...