Onun hakim partiya olan “Vahid Rusiya”nın deyil, “xalqın namizədi” kimi seçkilərə qatılmaq planının olduğu deyilir
Rusiyanın dövlət başçısı Vladimir Putinin 18 mart 2018-ci ildə ölkəsində keçiriləcək prezident seçkilərindəki planı məlum olmağa başlayıb. Belə ki, müxalifətyönlü və iqtidara yaxın bəzi mətbuat orqanlarında dərc olunan xəbərlərə görə, Kreml sahibi bu seçkilərdə iddiasını növbəti dəfə ortaya qoyacaq.
Hətta yayılan xəbərlərdə Putinin hakim partiya olan “Vahid Rusiya”nın deyil, “xalqın namizədi” kimi seçkilərə qatılmaq planının olduğu deyilir. Buna səbəb kimi də, onun xalq arasındakı reytinqinə olan inam göstərilir. İstənilən halda Kreml sahibinin gələnilki seçkilərdə ona qarşı güclü bir rəqibin olmayacağını indidən təxmin etdiyi bildirilir.
Ekspertlər Kreml sahibinin namizəd olacağı təqdirdə seçkilərdəki qalibiyyətini proqnozlaşdırırlar. Lakin bunun rus xalqına və dünyaya xoş heç nə vəd etməyəcəyini qeyd edirlər. Hazırda dünyanın əsas problemlərinin mərkəz fiquru olan Putinin növbəti prezidentlik dönəminin problemlərin həll olunmayacağı, əksinə, daha da artacağı anlamına gələcəyi vurğulanır.
Politoloq Elçin Mirzəbəyli Rusiyada Putinə alternativ qüvvənin olmadığı qənaətindədir: "“Xalqın namizədi” seçki prosesində hüquqi anlayış kimi istifadə edilə bilməz. Rusiyada da Azərbaycanda olduğu kimi prezidentliyə namizədlər siyasi partiyalar, siyasi partiyaların bloku, təşəbbüs qrupları və namizədlərin özü tərəfindən irəli sürülə bilər. “Xalqın namizədi” isə ən yaxşı halda seçki şüarı ola bilər. Hazırda Rusiyada prezident seçkilərində Putinlə rəqabət apara biləcək ikinci qüvvə yoxdur. Putin seçkiyə faktiki olaraq alternativsiz qatılacaq. Bu, Rusiya kimi nəhəng bir dövlət üçün müsbət tendensiyadırmı? Təbii ki, yox. Bu, Rusiyanın siyasi potensialının olmamasını nümayiş etdirən bir faktordur. Digər tərəfdən, Putinin namizədliyinin irəli sürülməsi seçkilərin nəticələrinin öncədən qarantiya altına alınmasıdır. Rusiya kimi siyasi texnologiyalardan kasad bir ölkədə demokratik imic naminə ehtimallara yer saxlamırlar. Putinin seçkilərə yenidən qatılması Rusiya üçün indikindən fərqli heç nə vəd etmir.
Rusiyanın siyasi elitası əsasən 90-cı illərin, kriminal avtoritetlərin istiqamətləndirdiyi siyasi mühitdə formalaşıb. Bu üslub Rusiyanin həm daxili, həm də xarici siyasətində özünü büruzə verir. Putinin yenidən prezident seçilməsi o deməkdir ki, bu üslub dəyişməyəcək. Daha öncə də qeyd etdiyim kimi, Putin faktiki olaraq seçkilərə alternativsiz qatılacaq. Seçki ərəfəsində çox güman ki, Rusiyanın xarici düşmənləri amili gücləndiriləcək, xarici təhlükəyə qarşı dayana biləcək yeganə liderin yalnız Putin olduğu önə çəkiləcək, əzələ nümayişi üçün müəyyən addımlar atılacaq, imperiya ambisiyaları qabardılacaq, təbliğat maşını gecə-gündüz zombiləşdirmə siyasətini davam etdirəcək və Rusiya ictimai rəyinin əsasını təşkil edən təbəqə çox az şeylərə qane olmaqla ilğım ambisiyalardan xoşbəxt olacaq. Rusiya ilə reytinq sözlərinin yeganə ümumi cəhəti hər ikisinin “R” hərfi ilə başlamasıdır".
Politoloq Putinin hakimiyyətdə qalışının dünya və Azərbaycan üçün verə biləcəyi nəticələrə də toxundu: “Rusiyada demokratik dəyişikliklərin baş verməsi bütün Avrasiya regionunun azad nəfəs alması deməkdir. Qərbin Rusiya ilə bağlı davranışlarının dinamikasına diqqət yetirsək, bu istiqamətdə ciddi irəliləyişlərin olmayacağını deyə bilərik. Mümkündür ki, seçki yaxınlaşdıqca Rusiyaya qarşı sanksiyalar da gücləndirilsin. Amma bunun qarşılığı da ola bilər. Yəni Rusiya tarixi ənənəsindən çıxış edərək hərbi təxribatlarının miqyasını genişləndirə bilər. Hazırda Qərbin Rusiyanın daxili siyasətinə təsiri nəzərə çarpmır. Amma bu proseslər uzunmüddətli olmur, sürətlə və qısa zaman kəsiyində həyata keçirilir. Mənə görə, yox. Təkcə Azərbaycan üçün deyil, bütün region üçün Rusiyanın demokratik, sivil və hüquqi bir dövlətə çevrilməsi çox vacibdir. Bu, təxminən ”reket media" ilə peşəkar KİV arasında müqayisə aparmağa bənzəyir. Amma Azərbaycan bütün ehtimalları göz önünə almalıdır və yəqin ki, alır da... Bizim üçün önəmli olan seçki sonrası deyil, seçki öncəki proseslərdir".
MilliYol.Az
Digər xəbərlər
loading...