Azərbaycanda Yay Olimpiya Oyunlarını keçirmək üçün 1 milyard dollar investisiya kifayət deyil. Bunu Rusiyanın TASS agentliyinə açıqlamasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda oyunların keçirilməsi üçün obyektlərin inşasına bir neçə milyard dollar sərmayə tələb olunacaq: "Biz düşünürdük ki, bizim kifayət qədər infrastrukturumuz var və biz Olimpiya-2024 üçün namizədləyimizi verək, ya yox. Amma sonradan gördük ki, oyunların ölkəmizdə keçirilməsi üçün daha bir neçə obyekt tikilməlidir. Bunun üçün isə bir milyard dollar kifayət deyil. Odur ki, qərara gəldik ki, kiçik bir "taym-out" götürək".
Azərbaycan 2016 və 2020-ci illərdə Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi üçün namizədliyini vermişdi. Lakin həmin illərdə oyunların keçirilmə hüququ Braziliya və Yaponiyaya verilib.
2016-cı ildə Olimpiya Oyunları Rio-de-Janeyroda, 2020-ci ildə isə Tokioda keçiriləcək. 2024-cü ildə Olimpiya Oyunlarının keçirilməsi üçün isə Roma, Los-Anceles, Budapeşt və Paris öz namizədliyini verib. Olimpiadanın keçiriləcəyi növbəti paytaxtın adı 2017-ci il sentyabrın 13-də açıqlanacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...