Rusiyanın yeni və təhlükəli düşməni meydana çıxıb
Bu, İŞİD-in Əfqanıstandakı qolu olan "Xorasan vilayəti"dir. Qruplaşma bir neçə həftə əvvəl sıralarında gizli fəaliyyət göstərən rus casusları öldürəndən dərhal sonra Rusiyaya qarşı savaş elan etdi və Moskvanı teraktlarla hədələdi. Bu, "Xorasan vilayəti"nin Rusiyaya qarşı ilk ultimativ bəyanatı idi. Buna qədər qruplaşma Orta Asiya və İranın bir hissəsinə nüfuz etmək planlarının olduğunu və bu plana mane olan hər kəsə qarşı savaşacağını bəyan etmişdi. Rusiyanı isə İŞİD-in Suriya və İraqdakı qolundan fərqli olaraq hədələməmişdi.
Rus casusların qətli ilə bağlı xəbəri ilk dəfə amerikalı bloqçu Sara Karter ictimailəşdirmiş, ardından ABŞ mətbuatı məlumatı ona istinadən yaymışdı.
"Xorasan vilayəti"ndən gələn videoməlumatda rus casusların necə öldürüldüyü əks olunur. Bundan əvvəl isə onlar Rusiyadan gəldiklərini, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları olduqlarını və "Xorasan vilayəti"nə qarşı gizli fəaliyyət göstərdiklərini rus dilində etiraf etmişdilər.
Necə yaranıb?
"Xorasan vilayəti" 2015-ci ildə İŞİD lideri Əbu Bəkr əl-Bağdadi tərəfindən qurulub. Qruplaşmanın əsasını taliblər təşkil edib. Onlar Pakistandakı "Taliban"da postlarından uzaqlaşdırılan yaraqlılar idi. Və etiraz əlaməti olaraq Bağdadiyə sədaqət andı içmişdilər.
İŞİD-in Əfqanıstan qolunda nə qədər döyüşçünün olduğuna dair müxtəlif rəqəmlər səsləndirilir. ABŞ komandanlığı onların sayının 800-1000 nəfər olduğunu deyir. Əfqanıstan rəhbərliyi kuluarlarda bu rəqəmin 10 min olduğunu açıqlayıb. Əfqan silahğlılarına görə isə real rəqəm 3-5 min arasıdır.
Vilayətin bölmələri Əfqanıstanın müxtəlif hissələrinə yayıldı. Xüsusən də İranla sərhəddə olan Herata, həmçinin Gilmənd və Nanqarxara.
Herat və Gilmənddə taliblər "Xorasan vilayəti"nin öz rəqibi kimi qəbul etdi və onları ərazidən təmizlədilər. Nanqarxarda isə vəziyyət fərqli oldu. Orada iki puştun əsilli tayfa əl-Bağdadiyə sadiq olduğunu elan etdi və beləcə İŞİD bu əyalətdə möhkəmləndi.
Əfqan silahlılarının dediyinə görə, İŞİD-in dəstələri ölkənin şimalında – Badaxşan və Cauzcan əyalətlərində də yayılıblar. Və orada taliblərlə döyüşürlər. Badaşxandakı dəstənin tərkibində çoxlu sayda uyğur var. Bu da Çini olduqca narahat edir.
Əfqanıstandakı qeyri-stabil vəziyyət Rusiya prezidenti Vladimir Putinlə çinli həmkarı Si Tszinpinin bugünlərdə baş tutan görüşündə də müzakirə olunmuşdu. Hər iki prezident Əfqanıstanda terrorçu və eksremist qüvvələrin qəfil aktivləşməsindən narahatlığını ifadə etmişdi.
Əfqanıstandan Rusiyaya yeni təhdid
Ekspertlərin fikrincə, videorolikdə əks olunanlar həqiqətdirsə, İŞİD-in əfqan qolu həqiqətən də Rusiya ilə savaş xətti götürüb. Və bu kursdan tezliklə geri çəkilməyəcək. Onların fikrincə, İŞİD teraktlarla bağlı vəd verəndə bunu gerçəkləşdirməyə çalışır.
Terrorizmə qarşı mübarizə üzrə ekspert Lev Korolkov bildirir ki, "Xorasan vilayəti"nin savaş təhdidi Rusiya üçün yenilik deyil. Belə ki, Rusiya xüsusi xidmət orqanları buna Suriyada hərbi əməliyyatlara qoşulandan bəri hazırlıq görüb.
"Hadisələrin bu istiqamətdə inkişafı İŞİD-in strateji planlarına daxi idi. İndi İŞİD Liviya, İraq və Suriyada ciddi şəkildə sıxışdırılır. Ona görə də qruplaşma Pakistandakı boş ərazilərə, Əfqanıstanın şimal və şərqinə yön alıb. Orada onlar üçün kontingent də var. Məsələn, "Əfqanıstan İslam Hərəkatı"nın keçmiş üzvləri", – deyə keçmiş hərbçi bildirir.
Ekspertlərə görə, "Xorasan vilayəti"nin yaydığı videomüraciətdən o da məlum olur ki, savaşın elan olunduğu məkan Orta Asiyadır. Bu da regiondakı respublikaların təhlükədə olması deməkdir: "Hadisələrin gedişi göstərir ki, terror ocaqları zamanla Yaxın Şərqdən Kəşmir, Qafqaz və Balkanlara keçəcək".
Əsas vəzifə – təhlükəsizliyin təminatı
Bütün bunları nəzərə alaraq mütəxəssislər bu qənaətə gəliblər ki, indi əsas işlərdən biri Kabildə rus diplomatlarının və Rusiyaya məxsus obyektlərin təhlükəsizliyini təmin etməkdir.
İŞİD Kabildə güclü casus şəbəkəsi saxlayır. Bunu Kabildə törədilərn teraktlar da sübut edir. Ekspertlər hesab edir ki, təhlükəsizlik üçün ilk növbədə əfqan, İran və pakistanlı silahlılarla əməkdaşlığı gücləndirmək lazımdır. Bu həm də İslamabadın Moskva ilə tərəfdaşlığa nə dərəcədə hazır olduğunu da ortaya qoymuş olacaq:
Beynəlxalq şərhçilərin fikrincə, Rusiyanın qruplaşmanın Badaxşandakı mövqelərinə raket zərbəsi endirməsi istisna deyil. Amma bu o halda baş verər ki, terrorçular Rusiyanın Əfqanıstandakı obyektlərinə hücum etsinlər: "Tacikistandakı obyektlər də təhlükə altındadır. Lakin nə Kabildəki Rusiya səfirliyi, nə Tacikistandakı rus hərbçiləri raketlə qorumaq olmaz. Bu təhdid Rusiyanı İŞİD-in Nanqarxardakı mövqelərini bombalamağa davam edən ABŞ-la güclərini koordinə etməyə də yönləndirə bilər".
"Xorasan vilayəti"nin Rusiyaya savaş təhdidinin nə qədər real olduğunu zaman göstərəcək. Hələlik görünən odur ki, Rusiya vəziyyətdən narahatdır. Putinin məsələni Çin prezidenti ilə görüşdə qaldırması da bu narahatlığın ifadəsidir.
MilliYol.Az
Digər xəbərlər
loading...