Maliyyə hesabları barədə məlumatlar avtomatik mübadilə ediləcək
Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentində maliyyə institutlarının məsul şəxsləri üçün Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqi ilə bağlı seminar keçirilib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin Maliyyə institutlarında vergi monitorinqi idarəsinin direktoru Səfərəli Cavadov bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanan bu standart dünyanın 100-dən çox ölkəsində tətbiq olunur. Sənəd vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin həmin dövlətlərdəki maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanmasını və həmin hesab sahiblərinin rezidentləri olduqları dövlətlərə ötürülməsini tənzimləyir.
Standartın tələbinə əsasən, maliyyə institutları hesab açan şəxslərəözünüqiymətləndirmə anketini təqdim etməlidir. Həmin anketlərin hazırlanmasında böyük bankların təcrübəsindən istifadə olunub. Bildirilib ki, Vergi Məcəlləsinə edilmiş sonuncu dəyişikliklərə əsasən, maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə Azərbaycanın normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə - hər belə hesab və ya əməliyyat üçün maliyyə institutlarına 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Maliyyə institutlarında vergi monitorinqi idarəsinin Maliyyə institutlarında vergi əməletməsinə nəzarət şöbəsinin əməkdaşı Elxan Əhmədzadə bildirib ki, bu standartı tətbiq etmək üçün maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında çoxtərəfli razılaşmaya qoşulmaq zəruri hesab olunub. Bildirilib ki, CRS bu il iyulun 1-dən Azərbaycanda tətbiq edilməyə başlanılıb: “Maliyyə hesabları haqqında məlumatların hesab sahiblərinin rezidenti olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyən CRS-in tətbiqində məqsəd bu sahədə şəffaflığın yaxşılaşdırılması, vergidən yayınmaya qarşı mübarizə və vergi daxilolmalarının artırılmasıdır”.
Qeyd edilib ki, burada hesabat verən maliyyə institutu dedikdə, CRS məqsədləri üçün bank fəaliyyətini həyata keçirən təşkilat, depozitar, investisiya təşkilatı, müəyyən olunmuş sığorta şirkətləri başa düşülür. Hesab sahibləri hüquqi və fiziki şəxslərdir. Fiziki şəxslərə məxsus hesabların yoxlama prosedurları və hesabat verilməli hesabların müəyyən edilməsi barədə bildirilib ki, bunun üçün rezidentlik meyarı əsas götürülür. Daha sonra hesabat göndərilən yurisdiksiyada yerləşən qeydiyyat və ya faktiki yaşayış ünvanı, hesabat göndərilən yurisdiksiyada olan telefon nömrəsi, maliyyə vəsaitlərinin xaricdəki hesaba köçürülməsinə dair dövri ödəniş və ya mütəmadi köçürmələr, xaricdə ünvanı olan şəxsə hesab ilə əlaqədar verilmiş qüvvədə olan etibarnamə və ya imza səlahiyyəti, maliyyə institutunun baza məlumatlarında hesab sahibinə məxsus yeganə ünvanın “vasitəçi ünvanı” və ya “əmanət ünvanı”nın olması da əsas meyar kimi müəyyən olunub. Meyarların müəyyənləşdirilməsi üçün fiziki şəxslərə məxsus aşağı və yüksək dəyərli əvvəlcədən mövcud olan hesabların yoxlanılması 30 iyun 2018-ci ilədək başa çatdırılmalıdır.
Vurğulanıb ki, fiziki şəxsin hesablarından fərqli olaraq, hüquqi şəxslərə məxsus elə hesablar var ki, onların araşdırılması, müəyyən edilməsi və məlumat verilməsi tələb olunmur: “30 iyun 2017-ci il tarixə məcmu qalığı və ya dəyəri 250 min ABŞ dolları olan hesablar 2018-ci il və növbəti illərin son gününə 250 min dolları keçməyəcəksə, həmin hesablar barədə məlumat verilməyəcək. Araşdırılması tələb edilən əvvəlcədən mövcud olan hesablar isə 30 iyun 2017-ci il tarixə məcmu qalığı və ya dəyəri 250 min dolları keçən hesablardır. Eyni zamanda, bu tarixə məcmu qalığı və ya dəyəri 250 min dollar olub, lakin 2018-ci ilin və növbəti illərin son gününə 250 min dolları keçən hesabların da araşdırılması tələb edilir”.
Hüquqi şəxslərə məxsus əvvəlcədən mövcud olan hesabların yoxlama müddəti barədə bildirilib ki, 30 iyun 2017-ci il tarixə məcmu qalığı və ya dəyəri 250 min dolları keçən əvvəlcədən mövcud olan hüquqi şəxs hesablarının yoxlanılması 30 iyun 2018-ci ilədək başa çatdırılmalıdır. 30 iyun 2017-ci il tarixinə məcmu qalığı və ya dəyəri 250 min dolları keçməyən, lakin 2017-ci ilin və ya növbəti ilin 31 dekabr tarixinə 250 min dolları keçən əvvəlcədən mövcud olan hüquqi şəxs hesablarının yoxlanılması hesabın məcmu qalığı və ya dəyərinin 250 min ABŞ dolları məbləğini keçdiyi təqvim ilindən sonra növbəti il ərzində yekunlaşmalıdır.
Sonda maliyyə institutları nümayəndələrinin sualları cavablandırılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...