Kulis.az tanınmış şair Şəhriyar del Geraninin yeni şeirlərlərini təqdim edir
***
Bir daş altda, bir daş üstə uzanıb gedər ömür,
hamı xəbərsiz olar səni incitdiyimnən.
bircə Allah hər şeyi görür.
Amma məni ən yaxşı sən bağışlayırsan.
Elə gözəl bağışlayırsan ki,
hər dəfə qarşında günahkar olmaq istəyirəm...
Bir daş altda, bir daş üstə, ağlama,
əllərini uzat yağışa,
bu səhərin bu çağında
bu pəncərə şəhərin – yağışa əl eyləyən ən gözəl pəncərəsidir
barmaqların elə ahəstə açılır ki
sanki kəpənəklər diksinir...
Bir daş altda, bir daş üstə, bir də məni bağışla
bağışla ki, qoy məni
yaş sulara atdığım daşlar da bağışlasın
yuvasını uçurduğum quşlar da bağışlasın
bağışla ki, baxa bilim bu gecənin ay üzünə,
bağışla ki, çıxa bilim bu gecədən
bu dəlinin, sərsərinin, eşşəyin adam üzünə...
***
Hardan baxsam uzaqdasan
hardan görsəm başqası
heç bilmirəm belə doğma
necə başqalaşırsan?
Daha bir də heç gəlmərəm,
heç gəlmərəm yanına,
heç gəlmərəm yaxınına
qızım kimi sevdiyim.
acıyaram, qarğıyaram, deyinərəm eləcə
bilirəm ki, övladını ata qarğışı tutmaz.
Daha bir də heç gəlmərəm
bundan sonra yanına
daha bizi bu sahilin martıları tanımaz.
Tanrıya da sözüm yoxdu bundan sonra, biləsən
bundan sonra bir ömürlük susub yaşamaq qalır.
Amma hər gün, elə hər gün
elə hər gün, hər gecə
hey soruşmaq istəyəcəm
Ki, bir görüm necəsən?
şəkillərdə elə gözəl baxıb gülümsəyirsən.
Şəkillərdə elə gözəl baxıb gülümsəyirsən
bircə şəkil səadətə baxıb inanmaq qalır.
şəkillərlə danışacaq sözüm yoxdu, bilirsən
bundan sonra bir ömürlük sənə aldanmaq qalır.
Kim aldatdı bizi, qızım?
hansı gedən gəlmədi?
deyirəm ki:
danış görüm
kim böyütdü sənin boyda uşağı?
deyirəm ki:
necə keçir darıxmağın qızım kimi sevdiyim?
dənizlərçün tanışdırmı gəmilərin uzağı?
***
Telefona zəng gəlir
baxırsan, o deyil
açmırsan.
keçirsən mətbəxə
çaya darçın atmırsan
onsuz da o, yoxdur.
mesaj səsi... o deyil
keçirsən hamama
duş alırsan
bilirsən, o gəlməyəcək
və sənin tər qoxan bədənin
ondan savayı kimsəyə gərək deyil.
deyəsən biryolluq gedib,
amma yenə də diş fırçasını atmağa əlin gəlmir.
yəni Allah var
amma sən ona inanmırsan...
yenə telefon zəngi
bu dəfə baxmırsan
düşünürsən “bəlkə odur”
amma yenə də baxmırsan
təkrar zəng... baxmırsan
bir də... baxmırsan
bir də... baxmırsan
qorxursan ki, birdən həqiqətən də o olmaz...
Ölü göyərçinlər
Yağış yağacaq – küçədə
bir topa uşaq – kəsəcək
bir yuva çıxıb qaçacaq
ağacların içinnən...
küləklərin sınan yerin
şimşəklər nişan verər
yağışların islandığı
buludların köçündə...
səni də sevmiş idim ki
küsməyə yerim olsun
barışmaqçün dən səpərdim
ölü göyərçinlərə
səsimə yerikləyənim
darıxıb qurtardım səni
göynəyəsi yer qalmadı
taa burnumun ucunda...
***
Uzaq bir şəhərə yolun düşərsə,
yollar da uzanıb çıxıb gedərsə,
ömründə bircə yol darıxar isən,
yalın çiyininə bir baxar isən,
görərsən çiynindən baş alıb gedən
bir qərib ağlayır hər uzağında.
Dönüb qayıdarsan, dönüb baxarsan.
Görərsən həmin səs hey arxancadı.
Görərsən təbiət tamam başqadı,
görərsən o quş da budaqdan küsür.
Görərsən səadət tamam başqadı,
görərsən gülüş də yanaqdan küsür.
Baxıb karıxarsan, baxıb susarsan.
Qayıdıb görsən ki, əllərim əsir,
Bağışla...
Bağışla o uzaq şəhərə məni,
bağışla uzanıb gedən yollara.
Bağışla, darıxma,
çiynindən baş alıb gedən həmin o qəribin uzağına bağışla.
O quşu o budağa
O gülüşü o yanağa
Bu gileyi bu uşağa bağışla.
Qayıtma, əllərim əsir,
Yoxdu bu ömrün yiyəsi,
Bağışla...
MilliYol.Az
Digər xəbərlər
loading...