Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə vəkillər müdafiə çıxışı ediblər.
Təqsirləndirilən, BTRİB-in keçmiş rəisi Beytulla Hüseynovun, Namazalı Məmmədovun və "Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmovun vəkilləri müdafiə etdikləri şəxs barəsində bəraət hökmü verilməsini istəyiblər.
BTRİB-in baş mühasibi Anar Mustafayevin vəkili isə müvəkkilinə şərti cəza verilməsini istəyib.
Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov çıxış edərək deyib ki, V.Zeynalov sadəcə sabiq nazir Əli Abbasovun tapşırıqlarını icra edib: "O da hamı kimi "paket" alıb".
C.Yusifov V.Zeynalov barəsində həbs nəzərdə tutulmayan cəza verilməsini istəyib.
Təqsirləndirilən Qəmbər Bəybalayev deyib ki, sabiq nazir Əli Abbasov onun dövlətə vurduğu ziyanı ödəmək istəyib:
"Mənim əmlakımın dəyəri 300 min eləmir. Həmin əmlakı da dövlətə bağışlamağa hazıram. Vidadi Zeynalov və Əli Abbasov ziyanı ödəyəcəyinə söz vermişdilər. Amma buna imkan verilməmişdi. Hətta Əli Abbasov ziyanın ödənilməsi ilə bağlı adiyyatı qurumlara müraciət etsə də, buna şərait yaradılmayıb".
Məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək.
Xatırladaq ki, Q.Bəybalayevin dövlətə vurduğu ziyan 2 milyon manatdır.
MilliYol.Az
Digər xəbərlər
loading...