Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə davam edib
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Əlikram Camalov dindirilib.
Nazirin qardaşı qeyd edib ki, S.Nəbiyev iki ilə yaxındır tanıyır. Ə. Camalov qeyd edib ki, təqsirləndiriləndirilən şəxs bilərəkdən onun etibarını qazanaraq ona qarşı dələduzluq edib.
O deyib ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olub: “2015-ci ildə Samir Nəbiyevin elektrik mağazasından alış-veriş edirdim. O, məni digər müştərilərdən ayırdığını, qiymətlərdə endirim etdiyini deyirdi. Bununla da mənim etibarımı qazandı. Bir gün ofisə gələrək, biznesini inkişaf etdirmək istədiyini, heç bir şərikinin olmadığını, banklara borcunun olmadığını söylədi. Yaxşı müştərilərinin olduğunu, yeni mallar almaq üçün pul lazım olduğunu bildirdi. Dedi ki, 18 min manat lazımdı. Bu pulla hər ay 4 min manat qazanacağını, 2 min manatını da mənə verəcəyini dedi. Mən onunla razılaşmadım. Dedim, qaytararsan. Birinci ay dedi, işlər yaxşı deyil və 3 min manat qazanıb. Buna görə də mənə 1500 manat verdi. Sonrakı ay da işlərin yaxşı getmədiyini bəhanə edərək 1250 manat verdi”.
İfadəsini davam etdirən nazir qardaşı pulun sonradan dollarla hesablandığını, oğlu ilə Samir Nəbiyev arasında müqavilə bağlandığı danışıb: “Sonradan pulu verməkdən imtina elədi. Zənglərimə cavab vermədi. Artıq gizlənməyə, zənglərə cavab verməməyə başladı. Onun mağazasına gedəndə 40-50 min manatlıq mal gördüm. Söz verdi ki, malları satıb pulumu qaytaracaq. Ancaq 20 gün keçsə də, yenə zənglərə cavab vermədi. Oğlumla mağzasına gedəndə gördük ki, artıq mağaza bağlanıb və mallar satılıb. Başa düşdüm ki, məni aldadıb. Mənim pulumla aldığı malları sataraq qazanc əldə edib, digər borclarını bağlayıb”.
Ə. Camalov bildirib ki, Samirə pul verərkən məqsədi kömək etmək olub: “Hazırda mənə Samirin 18 min dollar borcu qalıb. Pulu məndən dollarla alıb, dollarla da qaytarmalıdır. Mən Samirə yaxşılıq etmişəm. Gördüm, məni aldadır polisə verdim ki, pulu qaytarsın. İndi iş məhkəmədədir, tələb edirəm ki, pulumu qaytarsın”.
Nazir qardaşı onu da deyib ki, ziyanın yarısını da ödəsə, ondan şikayətçi olmayacaq: “10 min də gətirib qaytarsın bağışlayım”.
Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifovun suallarını cavablandıran zərərçəkmiş şəxs bildirib ki, Samirə kömək məqsədilə pul verib: “Mənim ordan qazanc əldə etmək niyyətim yoxuydu. Kömək kimi vermişdim ki, özünü tutsun. Verdiyim pulu vaxtında qaytarsaydı, heç polisə şikayət etməyəcəkdim. Borc alıb, qaytarmalıdır”.
Təqsirləndirilən şəxs Samir Nəbiyev bildirib ki, zərərçəkmiş şəxslə mağazada tanış olub: “Alver edirdi. Münasibətimiz yarandı. Bu kişi insanlıq edib mənə borc verib biznesimin inkişafı üçün. Sağolsun, təmannasız pul verib. Verdiyi puldan 5000 min manat bir, 1500 dollar bir qaytarmışam”
Prosesdə bir neçə şahid dindirilib. Onlar istintaqa verdiyi ifadəni təsdiqləyib.
Qeyd edək ki, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi istəyib. Əvəzində qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib.
Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək Camalova pulu qaytarmayıb.
S.Nəbiyevə Cinayət Məcəlləsin 178.3.2(dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ikə ittiham verilib.
MilliYol.Az
Digər xəbərlər
loading...