Respublikaçı partiyadaşları da Trampdan yalvarışla "özünü prezident kimi aparmağı" rica edirlər, - Emory Universitetinin professoru Carol Anderson yazır
Emory Universitetinin professoru Carol Anderson "The Guardian" qəzetində dərc edilmiş məqaləsində oxucuları "Tramp administrasiyası" əvəzinə, "Tramp rejimi" ifadəsindən istifadə etməyə çağırır.
Məqalədə deyilir ki, Trampın əxlaq normalarını aşan və qadınlara qarşı təhqiramiz olan tvitləri, mətbuat üzərinə bağırtılı hücumları, "prezident administrasiyası" deyilən bir şeylə Ağ Ev rejimi arasında nə qədər böyük bir uçurumun olduğunu göstərir. Hətta respublikaçı partiyadaşları da Trampdan yalvarışla "özünü prezident kimi aparmağı" rica edirlər.
Professor yazır ki, Amerika tarixində bir sıra başqa prezidentlərin də qüsurları olub. Məsələn, Lindon Consonun kobudluğu məşhur idi, səriştəsiz Uorrren G Hardingin də eyibləri vardı. Amma onları bircə şey xilas edirdi. Bu prezidentlərin administrasiyası vardı.
Hətta bu prezidentlər də adminsitrasiyasının Konqreslə gah əməkdaşlıq, gah da ona qarşı mübarizədə, müqavilələrin imzalanması üçün danışıqlarda və iqtisadi-siyasi siyasətlərin formalaşdırıb icra edilməsindəki mühüm rolunu başa düşürdülər.
Müəllif yazır ki, Trampın problemi başqadır. O hökümət yox, hökmranlıq istəyir. Elə bir hökmranlıq ki, "onun bir sözü bizim hamımız üçün əmr sayılsın". Məhz buna görə də o Filippin, Rusiya və Türkiyədəki rejimlərin heyranıdır və əksinə, Angela Merkel və Castin Trudonun hökumətlərinə nifrət edir. Məhz buna görə də o, bir ovuc pərəstişkarının ona mədhiyyələr yağdırdığı mitinqlər təşkil edir və elə buna görə də onun mətbuat konfranslarından zəhləsi gedir.
Məqalədə deyilir ki, məhz bu səbəbdən də Tramp hamıdan Amerika konstitusiyasına yox, özünə loyallıq tələb edir. Prezident elə buna görə azad medianı "saxta xəbərlər" və "zibilxana jurnalizmi" adlandırır. Çünki o bu mediaya nəzarət edə bilmir. Professor yazır ki, Tramp alimləri və elmi də xoşlamır, çünki alimlər onun nadanlığı qarşısında əyilmirlər.
Tramp dünyanın Amerika barədə fikrini necə dəyişib?
Anderson yazır ki, Trampın xaotik hakimiyyətinin ağır nəticələri olur. O bircə tviti ilə Lockheed və Boeing-in səhmlərini qiymətdən salır, NATO-nu rədd edir, Kanada, Meksika, Almaniya və London meri ilə dava-dalaş salır. Tramp özünün mühüm və böyük adam olduğunu göstərmək üçün müttəfiqlərin verdiyi kəşfiyyat sirlərini faş edir.
"Bütün bunlar əks-nəticə verir, - yazır alim, - Trampın hakimiyyəti Amerikanı cılızlaşdırır. ABŞ-ın bütün dünyadakı nüfuz və statusu kəskin enib. Hətta İngiltərə kraliçası da Trampın onun ölkəsinə səfər etməsini istəmir".
İdarəetmə və inzibatçılığın bir tərəfə düşüb qaldığı vaxtda, Tramp rejimini hər yerdə görmək olur. Onun qohumbazlığı sayəsində kürəkəni Cared Kuşner və qızı İvanka heç bir hökumət təcrübələri olmadan Ağ Evdə əyləşdirilir.
Trampın dostbazlığı ona səbəb olur ki, Ağ Evin təsərrüfat müdiri təcili qaydada işdən qovulur və onun yerinə bu posta Trampın Washington otelindəki otaqlara administratorluq edən şəxs gətirilir. Üstəlik, bu şəxsin əvvəllər yalnız nikah mərasimlərini təşkil edən oğlu Erikə New York şəhərində federal mənzil təsərrüfatı həvəla olunur.
Anderson yazır ki, bütün bunların arxasında Trampın acgözlüyü görünür. O, prezident vəzifəsindən özünün qolf kurslarının satışını yüksəltmək üçün sui-istifadə edir.
Məqalədə deyilir ki, Tramp 46 ABŞ prokurorunu işdən azad edib və onların kiminləsə əvəzlənməsini planlaşdırmır. O hələ yanvar ayında bütün planet boyunca ABŞ səfirlərini istefa verməyə məcbur edib. Nəticədə bir çox mühüm missiyalar başsız qalıb.
Məsələn, bu yaxınlarda ABŞ-ın hərbi gəmisi ilə Yaponiyanın balıqçı gəmilərindən biri toqquşarkən bu məsələni yapon tərəfi ilə müzakirə edəcək rəsmi şəxslər yox idi. Nə Yaponiyada səfir vardı, nə də ABŞ-da dənizçiliyə cavabdeh olan birisi. Halbuki bu insedentdə 7 ABŞ dənizçisi həlak olmuşdu.
Professor yazır ki, Trampın bütün rejimi ərzində Müdafiə, Sosial Təminat və Veteranlarla iş üzrə nazirliklərdə, Ağ Evin özünün elm və texnika departamentlərində onlarca post boş qalır. İyunun 2-nə olan məlumata görə Senatda təsdiq olunması tələb edilən vəzifələrin yalnız 3 faizinə təyinatlar olub.
"Amma axı Trampa idarəetmə aparatı yox, rejim lazımdır, - yazır alim, - Amerikanın müstəqillik gününü bayram etdiyi bir vaxtda, bizlər də bizə nə lazım olduğunu bəyan etməliyik" (BBC).
MilliYol.Az
Digər xəbərlər
loading...