Pakistan XİN-in xüsusi katibi
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin yeni təyin olunmuş xüsusi katibi Seyid Abrar Hüseyin ilə görüşüb.
Azərbaycanın Pakistandakı səfirliyindən “Report”a verilən məlumata görə, xüsusi katibi təyinatı münasibəti ilə təbrik edən səfir Azərbaycanın Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, bir çox oxşarlıqlara və dəyərlərə malik hər iki ölkənin bir-birini daim dəstəklədiyini, Pakistanla bütün sahələrdə əlaqələrin inkişafının prioritet daşıdığını bildirib.
Səfir Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına, Ermənistanın Azərbaycana təcavüzünə qarşı Pakistanın sərgilədiyi ədalətli mövqeyini yüksək qiymətləndirib.
Seyid Abrar Hüseyin Azərbaycanla Pakistan kimi bir-birini dəstəkləyən ölkələrə nadir hallarda rast gəlindiyini, bu dəstəyin tarixən davam etdiyini, Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu və bugünədək Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Pakistanın işğalçı Ermənistanı bir dövlət kimi tanımadığını bildirib.
Görüşdə, həmçinin iqtisadi və ticari əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər, qarşılıqlı səfərlərin təşkili, iki ölkənin şəhər və regionları arasında münasibətlərin genişləndirilməsi perspektivləri, xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin davam etdirilməsi, müqavilə-hüquq bazasının artırılması və müəyyən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...