Rövşən Bağırov-Cəlil Baxşıyev-İqbal Məmmədov "üçlüy"ü Lerikdə monarxiya yaradıb
Dövlət büdcəsindən bölgələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, abadlıq işlərinin aparılması üçün kifayət qədər vəsait ayırılır. Prezident İlham Əliyev bu yöndə vaxtaşırı sərəncamlar imzalayır, müxtəlif rayonlara quruculuq işləri üçün vəsait ayrılmasına qərar verir. Amma təəssüf ki, bu pullar əksər hallarda təyinatı üzrə xərclənmir və məmurların tamahının qurbanına çevirilir.
Bu vəziyyətin hökm sürdüyü rayonlardan biri də Lerikdir. İcra başçısı Rövşən Bağırov və deputat İqbal Məmmədovun şəxsi mülkə çevirdiyi rayonda korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı baş alıb gedir, əhalinin problemlərinin həlli yolunda heç bir addım atılmır. Üstəlik prezidentin ayırdığı vəsaitlər də havaya sovrulur.
Prezident İlham Əliyev 50 yaşayış məqtəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah yolunun tikintisi və yenidən qurulması üçün Lerik rayon İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayırıb. Amma 30 min insanının həyat şəraitini yüngülləşdirəcək yolun tikintisi üçün ayrılan pullar məmurlar tərəfindən mənimsənilib.
MilliYol.Az mediada yayılan məlumatlara istinadən bildirilir ki, yolun tikintisi üçün ayrılan ilk 3 milyon manatın 30 faizi Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova nəqd şəkildə çatdırılıb. Tikintini aparan “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyi bu vəziyyətdən şikayət etsə də, icra başçısı onlarla anlaşa bilib. Başçı əvəzində “Yoltikintinəqliyyatservis” MMC rəhbərliyinə qiymətləri bir neçə dəfə şişirtməyə icazə verib. Nəticədə, yolun tikintisi yarımçıq qalıb.
19 avqust 2014-cü il tarixdə prezident İlham Əliyevin sərəncamı ilə yolun tikintisinə əlavə olaraq 7 milyon manat ayrılıb. Maliyyə vəsaiti isə sərəncamda qeyd olunduğu kimi, Lerik Rayon İcra Hakimiyyətinə ayrılmışdı. Amma bu dəfə də yolun tikintisi başa çatmayıb. Əksinə, yol Noda kəndindən Ağçay kəndinə qədər çəkilib və tikinti dayandırılıb. Hətta Ağçay və Şingədulan kəndləri arasındakı uzun bir məsafə (Həmin əraziyə Zenonu kəndi də daxildir və yolun ən bataqlıq hissəsi sayılır) yararsız halda tikilib. Konkret olaraq, həmin əraziyə “şebel” tökülmədi. Asfalt örtük sadəcə torpağın üzərinə, nazik səthdə çəkilib.
Beləliklə, prezidentin ayırdığı 10 milyon manat təyinatı üzrə xərclənməyərək, Lerik məmurlarının varlanmasına xidmət edib. Rayon sakinləri bildirir ki, bu işlərdə Rövşən Bağırovun əsas yardımçısı Cəlil Baxşıyevdir. O, isə deputat İqbal Məmmədovun yaxın qohumudur. Bu "üçlük" birləşərək Leriki və dövlətin büdcəsini talamaqla məşğuldur.
Sakinlər bildirir ki, rayonda monarxiya yaratmış Rövşən Bağırovla İqbal Məmmədov fermerlərə çatacaq subsidiyaları da mənimsəyiblər. Rayon sakinlərinin sözlərinə görə, kənd təsərrüfatının inkişafı üçün indiyə qədər ayrılan subsidiyalar kəndlərə çatmayıb. Bu yeyinti əməliyyatında rayon rəhbərliyinin xüsusi iştirakı olduğu bildirilir. İcra başçısı Rövşən Bağırovun bu maxinasiya işlərində Cəlil Baxşiyev müstəsna rol oynayıb. Cəlil Baxşıyevin dövlət büdcəsinə müdaxiləsi isə deputat qohumu İqbal Məmmədova arxalanması sayəsində baş tutub. Deputatın ona himayədarlıq etdiyi iddia edilir.
Prezidentin sahibkarlar və fermerlər barəsində məmurlara etdiyi xəbərdarlıqlara baxmayaraq Rövşən Bağırov, Cəlil Baxşıyev və İqbal Məmmədov nəticə çıxarmayıblar. Hətta generalitet həbsləri, səs-küylü Eldar Mahmudov işi və sahibkarların başına açılan müsibətlərin ifşası Leriki idarə edənlərə dərs olmayıb. Onlar yenə öz bildiklərini edir və gözdən uzaq Lerikdə insanların həyatını cəhənnəmə çevirirlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...