Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçəcək ailələr arasında püşkatma keçirilib
Bu barədə Modern.az-a 1994-cü ildən bəri Cocuq Mərcanlı kəndini tərk etməyən Oqtay Həziyevin böyük qardaşı İsmət Həziyev və digər sakin Esmira Orucova məlumat veriblər. Püşkatma nəticəsində İ.Həziyev 5 ədəd dördotaqlı evdən birinin sahibi olub. E.Orucovanın bəxtinə isə 14 nömrəli ikiotaqlı ev düşüb: “Gözəl təsadüfdür ki, bizim rayondakı evin nömrəsi də 14 idi. Evimiz iki otaqlıdır. Vətənə qayıdacağımız üçün çox sevinirik”.
Püşkatmanın kənd icra nümayəndəsi və “Qaçqınkom”un səlahiyyətlərinin iştirakı ilə tam şəffaf keçirildiyini deyən E.Orucova hər kəsə öz minnətdarlığını bildirib: “Onsuz hamı ailə üzvlərinin sayına görə neçə otaqlı ev alacağını bilirdi. Hər şey tam qanunauyğun, hər kəsin gözü qarşısında keçirildi. Cənab Əli Həsənov başqa tədbirdə olduğu üçün püşkatmada iştirak etmədi”.
Onun sözlərinə görə, iyulun 4-dən etibarən ailələr Cocuq Mərcanlıya köçəcək: “Bizə bildirdilər ki, orderlər oktyabr ayında növbəti mərhələdə tikilən evlər hazır olanda veriləcək. Amma sabahdan etibarən mərhələli şəkildə “Qaçqınkom”un vəsaiti hesabına bütün əşyalarımız kəndə aparılacaq”.
Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...