Azərbaycan və Ermənistanın nəyə qadir olduğunu dünyaya göstərən 3-4 gün…
Ötən gün, Azərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşdü. Bütün dünya, Rusiya, və ermənilər də bu görüşdə aparılan Qarabağ müzakirələri ilə bağlı nələrin səslənəcəyini gözləyirdi. Xanım Merkel yenə “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynayır” dedi. Bəlli fikirlər, bəlli mövqe. 25 ildir bu sözləri eşidirik. Münaqişənin həlli açarının Rusiyada olmasını hətta baxça uşaqları da bilir.
Bu siyasətin görünən tərəfidir. Bəlkə də, görünməyən tərəfdə heç Rusiya da yoxdu, tamam başqa məqamlar var. Onu da yəqin İlham Əliyevdən başqa kimsə görmür, bilmir. Amma, Berlində Forumun açılışında İlham Əliyevin səsləndirdiyi “Biz Ermənistanla atəşkəs müddətini ölkəmizin inkişafına sərf etmişik” fikri dünyaya və əsasən Ermənistana ciddi mesaj idi. Bu fikirlər sözün həqiqi mənasında məni də təsirləndirdi.
Deməli, biz ayaqdayıq və bu 20 ildən artıq bir vaxtı yatmamışıq… Əlbəttə, indi Azərbaycan 25 il əvvəlki deyil. Hərbi qüdrəti olan, dünyanın ən son model silahları ilə silahlanmış əsgər və zabiti, uzaq məsafələri vuran raketləri və sairə. Hətta xeyli generalları olan bir ölkədir. Bu yetərlidirmi? Bəs nəyimiz çatmır? 2 aprel savaşı bizdə nəyin yerində olmadığını ortaya çıxartdı?
Ermənistan prezidenti general qalmadı qovdu, zabit qalmadı həbs etdi. Şükürlər olsun ki, bizdə buna ehtiyac qalmadı. Azərbaycan ordusu, zabiti, əsgəri öz öhdəsinə düşən işi layiqincə yerinə yetirdi. Amma… Nəticə etibarı ilə qalib də olduq. Amma yarımçıq qələbə deyək buna… Çünki, nə qədər sevinsək də, ermənilərin zəif, qorxaq, axmaq olduğunu bilsək də, desək də torpaqlarımız işğaldadır. Əslində bu fikirlər arxayınlıq yaradır. Hamımız elə başa düşürük ki, əlimizə silah alıb bir saata Qarabağı azad edə bilərik. Amma 4 gün dayanmadan döyüş getdi, dayanmadan raketlər yagdırdıq, bir neçə yüksəklik aldıq.
Elə isə güclüyüksə niyə Qarabagı bütövlükdə işğaldan azad edə bilmədik?… Demək, daha vacib məqamlar var… Diqqət edək… Bir neçə gün əvvəl, Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir cümləlik də olsa çox maraqlı açıqlama verdi: “Biz bir aya torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər.
Təəssüf ki, müasir dünyada bunun qarşısının alınması mexanizmi var. Ona görə də dünya informasiya məkanına çıxılması, virtual informasiya vasitələrinin yaradılması vacibdir. Dövlət başçısı çıxışında bu məsələyə xüsusi diqqət yetirdi”. Əli müəllimin açıqlaması bütövlükdə 2 aprel savaşı ilə bağlı danışılanların dəqiq yekunu idi… İndi gəldik əsas məsələyə… Bəli, müasir dünyada bunun qarşısının alınması mexanizmi var və bu istiqamətdə güclü olmaq lazımdı. Müasir dünyada müharibə dedikdə məhz bu mexanizm yada düşür. Hardan və kimdən hansı reaksiya gələcək, kim bu barədə nə deyəcək və bundan sonra nələr baş verəcək .
Biz ən tez zamanda baş verənləri dünya içtimaiyyətinə necə çatdıraq? Baş verənləri Rusiya və ya ABŞ mətbuatı öz maraqlarına uyğun formada yayır. Olmazmı ki, biz özümüz məlumatları öz maraqlarımıza uyğun şəkildə dünyaya yayaq. Hamımız bilirik ki, dünya mediası siyası oyunların düz mərkəzindədir. Bu mərkəzdə ciddi diaspora təşkilatları rahatlıqla top qova bilir. İstədikləri kimi bir birilərinə “pas” ötürür. Bəs biz niyə dünya mediasına yol tapa bilmirik, niyə bizdə belə operativlik yoxdur..?
Bu suallarla razılaşmamaq da olar. Cünki illərdir müharibə şəraitində yaşasaq belə müasir Azərbaycan dövləti 2 aprel situasiyası yaşamamışdı. Qarabağda mütəmadi atılan 5-10 mərmi bunun bu qədər vacibliyini bizə hiss etdirməmişdir. Böyük Rusiya bunu bilir. Çünki 2 dəfə dünya müharibəsi sınağından çıxıb. ABŞ bunu bilir. Çünki son 10 ildə İraq, Əfqanıstan və diğər müharibələrdə iştirak edib. Biz Azərbaycan olaraq isə bunu indi hiss etdik…
Və addımlar da göz qabağında. İlham Əliyev artıq dünya informasiya məkanına çıxılması, virtual informasiya vasitələrinin yaradılması vacibliyini önə çəkdi. Bəli, bu gün ölkəmizdə fəaliyyət göstərən saysız İnformasiya Agentlikləri, Xəbər Portalları, qəzetlər və sairə fəaliyyət göstərir. Amma onlar arasında “Trend” İnformasiya Agentliyini çıxmaq şərtilə Azərbaycandan kənarda bu işi görə bilmək gücündə olanımız yoxdur. Dünya informasiya məkanına çıxımaq, söz sahibi olmaq o qədər də asan deyil. Amma Azərbaycan bunu da bacaracaq. Bu Dağlıq Qarabağ probleminin həlli üçün birinci də olmasa vacib və həssas məqamlardandır.
Çox uzağa getməyək. Rusiya ilə Türkiyə arasında yaranan təyyarə qalmaqalında rus mediası sözün həqiqi mənasında ciddi işlədi. Bütün vasitələrdən istifadə edərək haqlı olduqlarını dünyaya çatdırdı. Hətta canlı siyası verlişlər dərhal ortaya gəldi və fasiləsiz müzakirələr, beynəlxalq rəylər işə salındı, mövqelər sərgiləndi… Nəticədə, informasiya savaşının tam qalibi oldu. Yenə qayıdaq, Əli müəllimin bir cümləlik açıqlamasına: “Biz bir aya torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər”.
Bəli, imkan vermədilər, bu bəlli idi. Həm də informasiya savaşında geriləmələrimiz oldu ki, bunu da ciddi səbəb kimi qeyd etmək lazımdır. Azərbaycan Müdafiə Nazirliyi həm ölkə, həm də dünya mətbuatını qismən informasiyasız və ya gözləmə mövqeyində saxladı. Mən bir jurnalist olaraq Müdafiə Nazirliyinin o günlərdəki informasiya savaşından razı qalmadım. Müharibə zamanı hər məlumat özü böyük savaşdır. Onu vaxtında çatdırmaq döyüş meydanında atılan mərmidən daha vacibdir. Hansı ki, bizi müharibə etməyə qoymadıqları bir zamanda…
Məsələn, Müdafiə Nazirliyi milyardların qatıldığı “Facebook” səhifəsini müharibə gedən günlərdə yaratdı. Hansı ki, bunu daha əvvəl etmək olardı. Hansı ki, Azərbaycanın böyük dünyaya virtual çıxışını qismən də olsa bu gün “Facebook” təmin edir. Bəs indi necədir? Nazirliyin “Facebook” səhifəsi yenə susub. Dayanmadan mübarizə aparmaq lazimdir. Kim nəyi bacarırsa etməldir ki, bizi müharibə etməyə qoymayan güclər bizim də gücümüzü görsünlər. “Muncuq oyunu”unda Hesse Çin musiqisi ilə bağlı gözəl şeylər deyir. Axırda da qeyd edir ki: ”Həqiqət yaşanmalıdır, öyrənilməməlidir. Savaşa hazır olun!”… Biz də müharibəyə də, yazmağa da, oxumağa da, qalib gəlməyə də hazır olmalıyıq.
Ədil Hüseynli
Bizimxeber.az Xəbər Portalının baş redaktoru
Digər xəbərlər
loading...