İŞİD Suriyanın bir çox neft və qaz quyularını nəzarətdə saxlamağa davam edir
Suriya hökuməti isə onları rusların köməyi ilə geri qaytarmağı düşünür
Rusiyada bununla bağlı öz şəxsi planlarını həyata keçirmək istəyənlər də var. Bunlardan biri də ictimaiyyətə daha çox “Putinin aşpazı” adı ilə tanınan Yevgeni Priqojindir.
Almaniyanın “Die Presse” qəzetində Eduard Ştaynerin qələmindən məsələ ilə əlaqədar maraqlı yazı dərc olunub. Müəllif öncə Yevgeni Priqojinin sovet dövründə oğurluq və dələduzluq üstündə həbsdə yatdığını xatırladır. Daha sonra “Vladimir Putinin aşpazı” olan Priqojin prezidentlə yaxınlığından istifadə edib, öz biznes şəbəkəsini qurmağa başlayıb.
Onun şirkəti Rusiya ordusunu və məktəblərini qida ilə təmin etməklə məşğuldur. Rusiyalı müxalifətçi Aleksey Navalnının aşkar etdiyinə görə, Priqojinin adı həm də Sankt-Peterburqda Putinin internetdə təbliğatını həyata keçirən “internet trolları fabriki”nin sahibliyində hallanır.
“Lakin görünür Priqojinin gözü bunlardan doymur. O, daha doğrusu, ona məxsus “Yevro Polis” şirkəti xaricdə olduqca sərfəli biznesə girişmək fikrinə düşüb”, - deyə Ştayner yazır.
Müəllif Rusiya saytlarına istinadən “Yevro Polis” şirkətinin Suriyada hələ də İŞİD-in əlində olan 4 neft-qaz yatağını ələ keçirmək istədiyini yazır. Məqalədə bununla bağlı informasiyanın ölkənin energetika nazirliyindən verildiyi bildirilir: “Bu mənbələrin söylədiyinə görə, “Yevro Polis” Suriyanın Neft və Mineral Ehtiyatlar Nazirliyi ilə 5 illik memorandum imzalayıb. Sənədə əsasən, şirkət öncə həmin yataqları terrorçuların əlindən qurtarmaq, daha sonra isə onun üzərində nəzarəti həyata keçirmək öhdəliyini öz üzərinə götürür”.
Ştaynerin yazdığına görə, Priqojinin firması özəl hərbi şirkət sayılan “Vaqner”lə bununla bağlı müqavilə də imzalayıb. Sonuncu 2014-cü ildə Ukraynanın bir hissəsinin işğalında və Suriyada Palmiranın geri qaytarılmasında ad çıxarıb.
Müəllif “Yevro Polis”in əməkdaşlarının artıq Suriyadakı neft obyektlərinin bərpasında yanğınsöndürən olaraq yer aldığının təsdiqləndiyini bildirir. Enerji nazirliyi isə memorandumun “kommersiya sirri “olduğunu söyləyərək, hər hansı şərh verməkdən boyun qaçırıb.
Yazar Yevgeni Priqojinin və onun şirkətinin ABŞ-ın sanksiya siyahısında olduğunu da xatırladır.
ABŞ-ın Maliyyə Nazirliyinin məlumatlarına əsasən Priqojin Rusiya Müdafiə Nazirliyi ilə sıx əlaqələrə malikdir. Ona məxus şirkətlərdən biri hazırda Ukrayna yaxınlarında böyük bir hərbi bazanın tikintisini həyata keçirir.(musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...