MilliYol.Az NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Appaturayın APA-ya müsahibəsini təqdim edir
- Azərbaycan NATO üçün nə deməkdir? Azərbaycanla NATO arasında münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Hesab edirik ki, qonşularımız daha sabit olanda, biz daha təhlükəsiz oluruq. Əlaqələrimiz bizim ortaq marağımıza uyğundur. Məsələn, Azərbaycan bizim Əfqanıstandakı missiyamıza töhfə verir. Eyni zamanda NATO Azərbaycana kömək edir. NATO və müttəfiqləri müdafiə və təhlükəsizlik sahəsində islahatlara dair əhəmiyyətli təcrübəyə malikdir və Azərbaycan bu resursdan silahlı qüvvələrinin və müdafiə sahəsində təhsilin modernləşdirilməsi, silahlı qüvvələrdə şəffaflığın təşviqi, minadan təmizləmə əməliyyatlarının həyata keçirilməsi və NATO təlimlərində iştirak etməklə istifadə edir. Bu təlimlərdən biri də NATO-nun hər il həyata keçirdiyi fəlakətlərə cavab təlimləridir və Azərbaycan komandası da bu ilin sonlarında Bosniya və Herseqovinada keçiriləcək bu təlimlərdə iştirak edəcək. Azərbaycan və NATO bu yaxınlarda Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (IPAP) sahəsində razılığa gəlib. Plan əməkdaşlıq üçün razılaşdırılmış vəzifələri və bu vəzifələrin həyata keçirilməsi üçün qrafiki müəyyənləşdirir. Biz Azərbaycan tərəfindən 2004-cü ildə təsdiq edilmiş Müdafiə İnstitutu Quruculuğu naminə Tərəfdaşlıq üzrə Əməliyyat Planının vəzifələrini yerinə yetirmək də daxil olmaqla, gələcəkdə də bu ölkəni bizimlə daha sıx işləməyə çağırırıq.
- Hazırda Azərbaycan NATO ilə Qətiyyətli Dəstək Missiyası üzrə tərəfdaşlıq edir. Gələcək üçün planlar nədən ibarətdir?
- Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinə təlim, yardım və məsləhət vermək daxil olmaqla, Azərbaycan qüvvələrinin NATO tərəfindən həyata keçirilən Qətiyyətli Dəstək Missiyasında iştirakını yüksək qiymətləndiririk. Azərbaycan NATO tərəfindən həyata keçirilən əməliyyatların aktiv və möhkəm tərəfdaşıdır. Azərbaycanın hazırda Əfqanıstanda həyata keçirdiyi fəaliyyətə 94 nəfərlik heyət daxildir və eyni zamanda bu ölkə Əfqanıstanda siyasi, hərbi və logistik dəstək həyata keçirir, tranzit və treninq, humanitar minadan təmizləmə və Əfqan Milli Etimad Fonduna 1,6 milyon dollar maliyyə yardımı etməklə, qeyri-döyüş fəaliyyətlərində iştirak edir. NATO Qətiyyətli Dəstək Missiyasını dəstəkləməyə davam edəcəyi üçün biz Azərbaycanla bu uğurlu əməkdaşlığı davam etdirmək istəyirik.
- NATO üçün Dağlıq Qarabağ kimi problemi olan bir ölkə ilə işləmək çətindirmi? Siz bu münaqişənin gələcəyi ilə bağlı nə düşünürsünüz?
- Ötən il atəşkəs rejiminin mütəmadi şəkildə pozulması ilə yanaşı, təmas xəttində zorakılığın daha da artması onu göstərdi ki, tərəflər üçün ağır texnikanı geri çəkmək, təmkin nümayiş etdirmək, atəşkəs rejiminə ciddi şəkildə əməl etmək və gərginliyi azaltmaq nə dərəcədə vacibdir. Bu, sülh yolu ilə nizamlama istiqamətində yeganə yoldur və bu münaqişənin hərbi yolla həlli yoxdur. NATO Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarda birbaşa iştirak etmir. Bu danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində aparılır. Biz hər iki tərəfi substantiv danışıqlarda iştirak etməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işləməyə çağırırıq.
- Bildiyimiz kimi, Almaniya Türkiyədəki “İncirlik” hərbi bazasındakı qüvvələrini geri çəkmək barədə qərar qəbul edib. Bu qərar NATO-nun regiondakı mövqeyinə necə təsir edəcək?
- NATO baş katibi bu məsələ ilə bağlı həm Türkiyə, həm də Almaniya rəhbərliyi ilə mütəmadi kontaktdadır. Biz onların arasında davam edən dialoqu dəstəkləyirik və ümid edirik ki, hər iki vacib müttəfiqlər bu məsələni tez bir zamanda həll edəcəklər. Bu fikir ayrılığının NATO əməliyyatlarına heç bir birbaşa təsiri yoxdur.
MilliYol.Az
Digər xəbərlər
loading...