İyunun 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüssel şəhərində (Belçika Krallığı) Şimali Atlantika Şurasının Əfqanıstan İslam Respublikasındakı Qətiyyətli Dəstək Missiyası (QDM) formatında Müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib
Toplantıda Əfqanıstandakı təhlükəsizlik vəziyyəti, Qətiyyətli Dəstək Missiyasının gələcəyi, Əfqan Müdafiə və Təhlükəsizlik qüvvələrinin inkişafı üzrə müzakirələr aparılıb. Görüşdə Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin müdafiə nazirləri ilə yanaşı, Əfqanıstanın Müdafiə naziri, o cümlədən Avropa İttifaqının Ali Nümayəndəsi və BMT Baş Katibinin Xüsusi Nümayəndəsi də iştirak ediblər.
Z. Həsənov səfər çərçivəsində NATO Baş Katibinin müavini xanım Rouz Gotemoller ilə də görüşüb. Tərəflər Azərbaycan-NATO münasibətləri, müdafiə sahəsində Alyansla qarşılıqlı faydalı əməkdaşlıq və ölkəmizin Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfə ətrafında fikir mübadiləsi aparıblar. Görüş zamanı Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə NATO Baş katibinin müavininə məlumat verib.
Səfər çərçivəsində Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Fikri Işıkla işçi görüşü keçirərək ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib, eləcə də Qətiyyətli Dəstək Missiyasına gələcək töhfələr mövzusunda fikir mübadiləsi aparıblar.
Müdafiə naziri Makedoniya Respublikasının yeni təyin olunmuş müdafiə naziri Radmila Shekerinska ilə nəzakət görüşü də keçirib.
Qeyd edək ki, hazırda Silahlı Qüvvələrimizin 94 nəfərlik sülhməramlısı Əfqanıstanda həyata keçirilən Qətiyyətli Dəstək Missiyasında iştirak edir. Eyni zamanda Azərbaycan Respublikası NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə töhfə verməkdədir.
MilliYol.Az
Digər xəbərlər
loading...