Bu il Ramazan bayramı və Silahlı Qüvvələr Günü ilə əlaqədar tətil günlərində bölgələrə səfər edən turistlərin sayı artıb
Əvvəlki illərlə müqayisədə ən çox turist axını şimal və şimal-qərb rayonlarında qeydə alınıb. Gələnlərin böyük əksəriyyəti isə yerli turistlər olub.
Turizm şirkətlərindən bölgələrə səfər edən turistlərə xüsusi endirim kampaniyaları da təklif etdiklərini bildirirlər. “Gilan” travel şirkətinin daxili turizm şöbəsindən virtualaz.org-a verilən məlumata görə, bu il ən çox turist marşrutları Şəki, Qəbələ, Quba, Qusar rayonlarına olub: “Bəzi otellərdə, o cümlədən “Qafqaz” otellərində turistlərə endirimli kampaniyalar təklif olunub. Çünki kampaniyanı biz yalnız otellər tərəfindən təqdim olunan zaman müştəriyə təklif edə bilirik. Ümumilikdə, bu il şimal rayonlarına turist axını çoxdur. Təkcə ölkə daxilindən deyil, xaricdən gələnlər də var. Bunlar əsasən ərəb ölkələrindən səfər edənlərdir”, - deyə turizm şirkətinin əməkdaşı bildirir.
“Qlobus” Travel şirkətinin daxili turizm üzrə meneceri Əfsanə Məmmədovanın sözlərinə görə, bu il şimal bölgəsini seçənlər ötən illərlə müqayisədə çoxluq təşkil edir. Menecerin sözlərinə görə, Ramazan bayramı ərəfəsində təkcə bu şirkətə müraciət edən həm yerli, həm də əcnəbi turistlərin sayı 1000-ə yaxın olub.
“Paşa Travel” şirkətinin əməkdaşı Natiq Əlimərdanov da bildirir ki, hələ dəqiq statistika bəlli olmasa da, ən çox turistin Şəki, Qəbələ və Quba rayonlarını seçdiyi məlumdur: “Turistlər ən çox şimal və şimal-qərb regionunu seçirlər. Ən çox Marxal istirahət mərkəzində, “Qafqaz” otellərində dincəlirlər”, - deyə menecer bildirir.
Turistlər isə bölgələrdə dincəlməyi həm də, təyyarə biletlərinin qiymətinin bahalığı ilə əlaqələndirirlər. Ramazan bayramını Qusarda yerləşən otellərdən birində keçirən Cavid Musayev deyir ki, 2 nəfərlik otağa iki gecə üçün 330 manat ödəyib. Bu pula səhər yeməyi, oteldəki açıq və qapalı hovuzdan istifadə, sauna, fitness zalı, kanat, uşaq oyun otağı daxildir. Həm xidmətin, həm də yeməklərin yüksək səviyyədə olduğunu deyən həmsöhbətimiz bildirir ki, dincəldiyi oteldə əcnəbi turistlərin sayı yerli turistlərdən dəfələrlə artıq olub.
Ekspertlər hesab edirlər ki, şimal-qərb bölgəsinə səfər edənlər həm də tarixi məkanlardan faydalanırlar. Bu ərazidə yerləşən muzey və karvansaralar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayı yerli və xarici turistlərin daha çox marağına səbəb olur.
Şimal bölgəsinə turist axınının artmasının əsas səbəblərindən biri də yerli mətbəxin özünəməxsusluğu, rəngarəngliyi ilə bağlıdır. Turistlər burada olan müxtəlif çeşidli şirniyyatlara maraq göstərirlər.
Xatırladaq ki, son illər turizm şirkətləri tərəfindən təklif olunan bir günlük turlar vasitəsilə bölgələrə səfər edənlərin də sayı artıb. 25-30 manata başa gələn bu turlara nəqliyyat, səhər yeməyi (qiymətdən asılı olaraq nahar yeməyi), çay süfrəsi, ekskursiyalar, bələdçi xidməti daxildir.
MilliYol.Az
Digər xəbərlər
loading...