Son zamanlar manatdan az yazsam da bu heç də o anlama gəlməli deyil ki, milli valyutanın sabitliyi təmin olunub və bu mövzu gündəmdən çıxıb
Heç şübhəsiz ki, indiki iqtisadi şərtlər çərçivəsində manatın sabitliyi hələ uzun müddət ictimai əhəmiyyət kəsb edəcək və diqqət çəkəcək. Odur ki, bu yazımda Azərbaycan manatının son sabitliyini təmin edən amillərdən bəhs edəcəm.
1. İdxalın azalması. Bu ilin ilk 5 ayında Azərbaycana idxal 3,33 milyard dollar olub, bu da ötən ilin eyni dövrünün müvafiq göstəricindən 15 faiz və ya 514,5 milyon dollar azdır.
2. İxracatın artması. Bu ilin ilk 5 ayında Azərbaycandan ixrac 4,45 milyrad dollar olub ki, bu ötən ilin müvafiq göstərəicisindən 45 faiz və ya 1,36 milyard dollar çoxdur.
Beləliklə də ölkədə ilin ilk 5 ayında xarici ticarət dövriyyəsi 1,63 milyard dollar müsbət saldoya malik olmuşdur. Halbuki, ötən ilin eyni dövründə xarici ticarət balansında 242 milyon dollarlıq kəsir var idi. Eyni zamanda nəzər almaq lazımdır ki, ötən illə müqayisdəə ixracatdan əldə edilən valyuta 1,36 milyard dollar artdığı halda idxala xərclənən valyuta 514,5 milyon manat azalıb.
3. İdxal və ixrac olunan məhsulların qiymət indeksləri. 2017-ci ilin aprel ayında idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 2,5 faiz, o cümlədən MDB və digər ölkələrdən idxal olunan məhsulların qiymətləri 2,5 faiz bahalaşmışdır. 2017-ci ilin aprel ayında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 2,3 faiz, o cümlədən digər ölkələrə ixrac olunan məhsulların qiymətləri 2,5 faiz ucuzlaşmış, MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri isə 0,2 faiz bahalaşmışdır. Xüsusilə də MDB ölkələrinə ixrac olunan məhsulların qiymətinin bahalaşması milli valyutanın məzənnəsinin möhkəmlənməsinə cüzi də müsbət təsir göstərib.
4. Nağdsız əməliyyatların artması. 2017-ci ilin aprel ayından nağd əməliyyatlara qoyulan məhdudiyyətlər də dövriyyədə olan və valyutaların alışına yönələn sərbəst vəsait yığımlarının azalmasına təsir göstərib. Bu da son nəticədə nağd valyuta alışına tələbi azaldır.
5. Manatla depozitlərə görə faiz dərcələrinin artırılması. Bu ildən başlayaraq manatla əmanətlərinin faiz dərəclərinin valyuta ilə müqayisədə 5 dəfəyədək yüksək olması valyuta ilə yerləşdirilən depozitlərin geri çəkilərək manatla yerləşdirilməsinə səbəb olub. Nəticədə də cəmi əmanətlərdə valyuta ilə olan əmanətlərin payı 5 faiz azalıb və hazırda bütün əmanətlərin dördə üçü valyuta ilədir. Halbuki əvvəllər bu göstərici beşdə dörd səviyyəsindən də yuxarı idi. Belə ki, 2017-ci il mayın 1-nə əhalinin banklardakı əmanətlərin 76,6 faizi xarici, 23,4 faizi isə milli valyutada qoyulmuşdur.
6. Əhalinin yığımlarının azalması. Ötən il inflyasiya səviyyəsinin yüksək olması, xüsusilə də ərzaq mallarının qiymətinin artması əhalinin yığımlarının daha çox hissəsinin istehlaka xərclənməsini şərtləndirdi. Beləliklə də ailələrin bir çoxunun qazancların onların dolanışıqları üçün tələb olunan istehlak səbətinin dəyərini güclə ötdüyünə görə onların vəsait toplamaq və valyuta almaq üçün sərbəst yığımlar etmək imkanları azalıb. Əksinə, hətta dollarla sərbəst yığımları olanlar onu xərcləməyərək manata olan tələbatlarını ödəməklə milli valyutanın məzənnəsinin sabitləşməsinə xidmət edirlər.
7. Psixoloji təzyiqlərin azalması. Qonşu ölkələrdə Rusiya, Türkiyə, Çin, Gürcüstan, Ukrayna və Qazaxıstanda milli valyutaların məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi Azərbaycan manatının da məzənnəsinin sabitlə.məsinə müsbət təsir göstərir.
8. Mühafizəkar monetar və məhdudlaşdırıcı fiskal siyasətin həyata keçirilməsi. İşgüzar aktivliyin azalmasına və alıcılıq qabliyyətinin aşağı düşməsinə gətirib çıxaran buxovlayıcı monetar siyasətin dövlət xərclərinin məhudlaşdırılması ilə müşaiyət olunması dövriyyədəki manat kütləsinin azalmasına gətirib çıxarır. Belə ki, Mərkəzi Bankın məlumatına görə bu ilin ilk 5 ayında dövriyyədə olan manatla pul bazası 7,8 milyard manat təşkil edib ki, bu da 2017-ci ilin yanvar ayına olan göstəricidən 1,2 milyard manatadək azdır.
Manatın möhkəmlənməsinin lehinə olan bu faktorların sayını bir az da artırmaq olar, lakin, hazırda başlıca məsələ onların nə dərəcədə dayanıqlı olmasındadır. Bu isə iqtisadiyyatın mövcud durumundan və eyni zamanda islahataların aparılması keyfiyyətindən asılı olacaq.
Qubad İbadoğlu, Azərbaycan Demokratoya və Rifah Hərəkatının sədri
MilliYol.Az
Digər xəbərlər
loading...