Mərhum energetika naziri, "Şöhrət" ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin vəfatı ilə bağlı enerji nazirləri, beynəlxalq enerji şirkətləri və diplomatik nümayəndəliklərin adından Energetika Nazirliyinə, mərhumun ailəsinə və yaxınlarına ünvanlanmış başsağlığı məktubları gəlməkdədir
Nazirliyin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl-Falih Vyana danışıqları və görüşlərinin Natiq Əliyevi tanımağa imkan yaratdığını, onu həmkar və dost adlandırmaqdan qürur duyduğunu bildirib:
"Siz hamıdan yaxşı bilirsiniz ki, nazir kimi fəaliyyətində Natiq Əliyev çox uğurlu və yorulmaz olmuşdur. Onunla şəxsi münasibətlərimizin tarixi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti kimi çalışdığı dövrə qədər uzanır. O illərdə - energetika sənayesində təlatümlü dövrün qızğın çağında Natiq Əliyev CEO nümunəsini yaratdı. Səudiyyə Ərəbistanı Krallığında daima Natiq Əliyev nazir, dost və alim kimi xatırlanacaqdır".
BP-nin baş icraçı direktoru Robert Dadli isə Natiq Əliyevi Azərbaycan hökumətinin dəyərli və çox hörmətli nümayəndələrindən biri kimi qiymətləndirərək yazır: "O, "Əsrin müqaviləsi"nin ərsəyə gəlməsində və imzalanmasında yaxından iştirak edib. Eləcə də nəhəng "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənməsində əhəmiyyətli rol oynayıb. Natiq Əliyev son illərdə "Cənub Qaz Dəhlizi" üzrə Məşvərət Şurasına sədrlik etməklə layihənin həyata keçirilməsinə böyük töhfə vermişdir. SOCAR-ın prezidenti və energetika naziri vəzifələrində işlədiyi müddətdə o, BP-nin səmimi və həqiqi dostu olub. Onunla işləmək həqiqətən də şərəf idi. Mən xüsusən də onu insanları təbii şəkildə özünə cəlb edən, nəzakətli və xarizmatik bir şəxsiyyət kimi xatırlayıram. O, həqiqətən də daim yaddaşlarda qalacaq".
"LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov vida mərasimində iştirak etməklə yanaşı, məktub da ünvanlayıb. Məktubda deyilir: “Belə bir müdrik, xeyirxah və qayğıkeş insanı itirməyi qəbul etmək çox ağırdır. Biz onu nəinki təcrübəli, peşəkar mütəxəssis kimi, həm də xeyirxah insan, etibarlı dost və çətin anlarda müdrik məsləhətləri ilə dəstək verən bir insan kimi tanıyırdıq. Natiq Əliyev bizim şirkətlə Azərbaycanın neft-qaz sektorunun işgüzar və dost münasibətlərinin möhkəmləndirilməsində müstəsna xidmətlər göstərib".
Rumıniyanın Energetika Nazirliyindən daxil olmuş məktubda isə deyilir: "Bütün fəaliyyəti və sahib olduğu dəyərlər vasitəsilə Natiq Əliyev enerji sənayesi aləmində qeyri-adi şəxsiyyət olub. Mən sizi əmin edirəm ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafında Natiq Əliyevin töhfələri sayəsində Rumıniya Azərbaycanın qətiyyətli və sadiq tərəfdaşı kimi qalacaqdır".
Moldovanın baş nazirinin müavini, iqtisadiyyat naziri Oktavian Kalmık mərhum nazirin vəfatı xəbərini böyük zərbə hesab edərək, Azərbaycan xalqına və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.
Tacikistanın energetika və su ehtiyatları naziri, Belarusun energetika naziri ünvanladıqları məktublarda kədərlərini ifadə ediblər.
Ukraynanın energetika və kömür sənayesi naziri İqor Nasalik yazır: "Həyatını şərəf və ləyaqətlə, xeyirxah əməllərinin bəhrələrini qoyaraq yaşamış insan haqqında xoş xatirələr həmişə ölümdən güclü olacaqdır".
Gürcüstanın keçmiş yanacaq energetika naziri David Zubitaşvili isə məktubunda qeyd edir ki, Natiq Əliyev gürcü xalqının yaddaşında 90-cı illərdə hökm sürən uzunmüddətli enerji böhranı dövründə Gürcüstana kömək edən sadiq dost kimi qalacaq.
Rumıniya, Səudiyyə Ərəbistanı Krallığı, Misir, Serbiya, Yaponiya və Ukraynanın ölkəmizdəki səfirləri, eləcə də Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusunun nümayəndələri də dərin hüznlə başsağlığı veriblər.
Nazirin vəfatı ilə bağlı MDB Elektroenergetika Şurasının İcraiyyə Komitəsi, Qazaxıstanın “KazMunayQaz”, Qırğızıstanın “Milli Energetika Şirkəti”, Ukraynanın “Ukrtransnafta” və “Xəzər Boru Kəməri Konsorsiumu” da dərin hüzn və səmimi başsağlığı diləklərini çatdırıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...