Hazırda Azərbaycanda 85 803 qan donoru var. Fövqəladə vəziyyətlərdə zərərçəkənlərin qanla təmin edilməsi üçün lazım olan ehtiyat yaradılıb
Virtualaz.org saytı xəbər verir ki, bunu Səhiyyə Nazirliyi B. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Ümumdünya Qan Donoru Günü ilə bağlı keçirilən tədbirdə deyib.
Z.Əlimirzəyeva bildirib ki, 2016-2020-ci illər üzrə dövlət proqramı yerinə yetirilir.
“Respublika üzrə 2010-cu ildə qan verən donorların sayı 46530 nəfər olubsa, ötən il bu rəqəm 85803 nəfər təşkil edib. Həmçinin 2010-cu ildə 21 ton 131 litr qan tədarük edilib, ötən il isə bu göstərici 40 ton 327 litrə qədər yüksəlib”, - deyə Z.Əlimirzəyeva əlavə edib.
İnstitut direktoru onu da qeyd edib ki, əsasən irsi qan xəstəlikləri, onko-hemotoloji, onkoloji, cərrahiyyə, doğuşayardım kimi xəstəliklərdən əziyyət çəkənlərin qana ehtiyacı olur. İndiyədək “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair” iki dövlət proqramı həyata keçirilib. Nəticədə donorların sayı 4 dəfə artıb.
“Kifayət qədər təhlükəsiz qan ehtiyatının təmin edilməsinin əsas yolu könüllü, təmənna güdməyən donorlardan qanın götürülməsidir. Pul ilə qan verən şəxslərlə müqayisədə təmənnasız donorlar arasında qan vasitəsilə keçən xəstəliklərin və infeksiyaların qeydə alınması halları daha aşağıdır”,- deyə Z.Əlimirzəyeva söyləyib.
Ümumdünya Qan Donoru Gününün builki mövzusu fövqəladə hallar zamanı qan donorluğudur. Qan və qan komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas edir.
MilliYol.Az
Digər xəbərlər
loading...