ABŞ prezidenti Donald Tramp ötən ay Ər-riyadda Səudiyyə Ərəbistanı kralı Salman ilə görüşüb
"The İndependent" qəzetinin məşhur Yaxın Şərq yazarı, jurnalist Robert Fisk, prezident Donald Trampın Qətəri "terrorizmin əsasını qoyan bir ölkə" adlandırmasının səbəblərinə dair mülahizələrini bildirib.
Fisk yazır ki, görəsən, bunun səbəbi kiçik əmirlik haqqında prezidentə verilmiş dezinformasiyadır, yoxsa, onun 2010-cu ildə Qətərə təklif etdiyi söylənən tikinti layihəsinin rədd edilməsi?
2011-ci ildə "Fələstin sənədlərini" faş etmiş məqaləni yazan təhqiqat jurnalisti Clayton Swisher iddia edirdi ki, cənab Tramp və onun qızı İvanka bundan 7 il əvvələ Qətərə gəlibmişlər.
Jurnalistin yazdığına görə, orada onlar investisiya dəstəyi almaq üçün iki Qətər rəsmisinə yaxınlaşıblar.
Onlardan biri Qətər İnvestisiya Şurasının üzvü Hüseyn əl-Abdullah, digəri isə hakim ailədən o vaxtlar baş nazir olan Şeyx Həmid bin Cassem ət-Tani olub.
Huffington Post saytında yazan Swisher-in bildirdiyinə görə, Tramp-ın o sövdələşməsi baş tutmayıb. O iddia edir ki, cənab əl-Abdullah cənab Tramp-ın təqdimat tərzindən şoka düşüb, amma Şeyx Həmid deyəsən, onu axıradək dinləyib. Buna baxmayaraq, Qətərin 338 milyard dollarlıq dövlət fondundan Trampın layihəsinə pul buraxılmayıb.
Swisher əlavə edir ki, hər halda İvanka Tramp sonralar əri Cared Kuşnerlə başqa bir mülkiyyət sövdələşməsi təklifi ilə Qətərə gəlib. Burada söhbət Kuşnerin 666 Fifth Avenue ünvanındakı mülkündən gedirmiş. Bu layihə barədə danışıqlar 2016-cı ilədək davam edib.
Swisher iddia edir ki, bu yaxınlarda bu iş barədə yeni məlumat əldə edib. O aşkar edib ki, Kuşnerin atası Çarlz artıq baş nazir yox, fərdi biznesmen olan Şeyx Həmidlə danışıqlar aparıb. Danışıqların mövzusu 500 milyon dollar olub. Lakin Qətər Kuşner-in atasına bildirib ki, o, 1, 2 milyard dolları başqa yerdən tapmalıdır.
Swisher-ə görə, bu danışıqlar yaxın aylaradək davam edirmiş.
Fisk yazır ki, cənab Trampın Qətərin üstünə düşməsinin səbəbi hələ də izah edilməyib, amma bu arada Qətər özünə bu vaxtadək ağlına da gəlməyən yeni dostlar tapıb.
Oman ərzaqla dolu ticarət gəmilərini Dohaya göndərir. Bəzi məlumatlara görə, Mərakeş də eyni hərəkəti edir. Hərçənd belə də ehtimal olunur ki, kral 6-cı Məhəmməd öz ölkəsindəki ictimai narazılığı bu yolla bir qədər sakitləşdirəcəyinə ümid edir.
Mərakeşdəki narahatlıq, bir balıqçı özünü zibil maşının çarxları arasına ataraq öldürəndən bəri başlanıb. Balıqçı, polis zabiti onun satdığı balığı əlindən alıb zibil maşınına atdıqdan sonra canına qıyıb.
Fisk yada salır ki, Tunis və Misirdə də inqilablar buna bənzər insidentlərdən alovlanmışdı. Amma qətərlilər 6-cı Məhəmmədin bu hərəkətini sadəcə Ramazan jesti kimi qəbul edirlər.
Qətərlilər başqa bir zarafat da edirlər. Onlar deyirlər ki, Qətər indiyədək ərzaqı Səudiyyə Ərəbistanından alırdı, amma indi qətərlilər Türkiyə ərzağının daha keyfiyyətli olduğunu başa düşüblər.
Fisk yazır ki, blokadada olan Qətərə iranlılar da, Küveyt də dəstək olmağa çalışır.
Amma ən maraqlısı Qətər böhranına Putinin reaksiyasıdır. O, çevik şəkildə Qətəri dəstəkləyib və Səudiyyənin tənqidinə məruz qalmayıb.
Fisk yazır ki, buna təəccüblənməyə dəyməz, beləki Qətərin blokadasından bircə həftə əvvəl, Səudiyyənin vəliəhd şahzadəsi və "rüsvayçı Yəmən müharibəsinin qəhrəmanı" Məhəmməd bin Salman Kremldə Putinlə söhbət edib.
Bu söhbətin neft qiymətləri və Suriya münaqişəsi barədə olduğu söylənir. İndi sual budur ki, bin Salman Qətər böhranının olcağını Putinə bildiribmiş, ya yox? Görəsən Putin səudlara Qətəri işğal etməmək barədə xəbərdarlıq veribmi?
"Necə olursa olsun görünür Suriyada qiyamçıları təqib edən cənab Putin, indi də Ərəb Körfəzində sülhün banisinə çevrilmək istəyir" - yazır Fisk (musavat.com).
MilliYol.Az
Digər xəbərlər
loading...