Slavyan Universitetində növbəti qalmaqal AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ
 

Kamal Abdullanın hekayəsi: “Açar söz“

Tarix 29.07.16, 14:20

Font ölçüsü : - / +
bitmap-img6

MilliYol.Az Kamal Abdullanın “Açar söz” hekayəsini təqdim edir.

 
 Bir neçə polis işçisi hadisə baş vermiş mənzildə, giriş qapısının sağında həyəcandan özünə gələ bilməyən şişman südçü arvadı stula oturdub başının üstünü ley kimi almışdı. Hərəsi bir tərəfdən, yavaş-yavaş, ürkütmədən onu sorğu-suala çəkirdi. Polislər cinayət yerinə yetişəndə mənzildə ancaq o varmış. Sağdan, soldan sual sual dalınca yağırdı.»Adın, familiyan, nə işlə məşğulsan, harda yaşayırsan, bu mənzilə niyə gəldin, qətlə yetirilmiş ev sahibəsini hardan tanıyırsan, ərin kimdi, uşaqların?..» Sonra karuseldəki kimi yenidən: «adın, familiyan…»
Südçü arvad heysiz idi, bərk tərləmişdi. Tər ondan sel kimi axırdı, amma tərini silmək yadından çıxmışdı. Huşu özündə olsa da, ona elə gəlirdi ki, artıq canını tapşırıb, sorğu-sual edənlər isə inkir-minkirlərdir. Növbəti sualları hökmən bu olacaq: «Həyatın boyu neçə adamın toyuğuna «kiş» demisən?» Arvad ümidlə gözləsə də, nə «inkir», nə də «minkir» bu sualı ona vermədi. Əvəzinə neçənci dəfə «adın, familiyan, təvəllüd tarixin…» O, təəccüb içində idi və kor tutduğun buraxmayan balaca əzbərçilər kimi təngnəfəs halətdə özü-özünə, dodaqaltı bu sözləri deyib dururdu: «Vallah, mən həyatım boyu heç kimin toyuğuna «kiş» deməmişəm. Demərəm də, o bir olan Allah şahiddir…» Bu zaman yalvarış dolu gözləri hədəqəsindən çıxa-çıxa gah «inkirin», gah da «minkirin» üzündə gəzirdi.
…Onlar (qadın və kişi) dəhşətli cinayət baş vermiş bu mənzilin aynabəndində, sorğu-sual aparılan yerə yaxın, giriş qapısının sol tərəfində üz-üzə gəldikləri zaman nə isə ürəklərinin dərin bir yerində ağrı içində qıvrılıb hər ikisinə bu sözləri pıçıldadı: «Bir-birinizə diqqətlə baxın, siz, deyəsən, bir-birinizi tanıyırsınız…»
 
 
 Qəhrəman Tesey və gözəl Ariadna küləklərin dalğalarla oynadığı bu adsız dənizin kənarındakı yarıyadək suya girmiş uca qaya başında dayanıb gözlərini bir-birindən çəkə bilmirdilər.Krit adasında üzü dənizə açılan bu müdhiş qayanın düz arxasından bir dağ ucalırdı. Qaya ilə birləşdiyi yerdə dağın ağzı, elə bil, nəyəsə bərk təəccüb edəndən sonra açıq qalmışdı. Bu, qaranlıq bir mağara ağzı idi. Düz qayanın üstündən dağın ürəyinə doğru aparan, adı dillərdə əzbər, qorxulu və böyük bir mağara ağzı. Uzaq, yaxın yerlərdən yem kimi gətirilən qul və əsirlərin qənimi yarıöküz, yarıinsan Minotavr, o dəhşətli qaniçən burada yaşayırdı. Tesey arxası mağaraya durmuşdu. Ariadna isə Teseyin arxasındakı bu boşluğa gözləri sataşdıqca ürəyi həyəcandan şiddətlə vururdu. Ayrılıq məqamı idi. Sevgililər vidalaşırdılar. Bir azdan Tesey Minotavrla çarpışmaq üçün mağaranın içinə girib labirintin dolambaclı yollarında gözdən itəcəkdi. Tesey azacıq titrəyən barmaqlarıyla Ariadnanın küləklər qarışdıran saçlarını oxşaya-oxşaya nəvazişlə dedi:
— Mən gözəl Ariadnanı sevdim…
-Mən də səni sevdim, qəhrəman Tesey. Sənin qayıtmağını mən elə burada, mağara ağzında lal-dinməz durub illər gəlib keçə yenə gözləyəcəyəm. — Gözəl Ariadnanın ürəyi atlandı.
-Allahlar bunu istəsə, mən geri dönəcəyəm. Sənin verdiyin bu ipi aça-aça dönəcəyəm.
— Mən inanıram, sən bu savaşdan qalib çıxacaqsan. Allahlar kömək edəcək və Tesey Minotavrı yenəcək. Mənə verdiyin sözü isə unutma. O, vacib sözdür.
— Unudarammı? Biz ikimiz də bu mənfur adadan birlikdə çıxıb gedəcəyik. Sən mənim məmləkətimdə kraliça olacaqsan!
-Ah, qəhrəman Tesey…- Gözəl Ariadna Teseyə qısıldı.
Dalğalar şaqqıldaya-şaqqıldaya özlərini qayanın dibinə çırpıb onların son sözlərini eşidilməz etdi…
 
— Bu bir cinayətdir. -Kişi fikirli-fikirli dedi.
— Yox, bu, bir intihardır.- Qadın etiraz etdi.
— İntihar üçün səbəb lazımdır. Heç kəsin belə səbəbi ola bilməz. Mümkün deyil!
— Hər adam intihar etmək üçün min səbəb tapar.
— Min səbəbin hamısı bir yerdəyenə belə dəhşətli nəticəyə gətirib çıxarmaz.
— Sən əvvəlki kimi … Çox sevirsən e, mübahisəni. Dəyişməmisən. Bu barədə danışmaq istəmirəm. — Bir an sonra isə qadın partladı. — Belə cinayət olar??? İntihardı…
— Sən də dəyişməmisən. Təkcə gözlərinin rəngi … yaşıla çalmağa başlayıb. — Kişi söhbətdən qaçırdı, amma o da özünü saxlaya bilmədi. — Olar! Gör səbəb nə boyda imiş…
         Qız qalasının arxa tərəfindəki kolabənzər koppuş ağacların kobud nəvazişlə araya aldığı balaca çayxanada bir kişi və bir qadın üzbəsurət oturub çay içə-içə — qıraqdan baxana elə gələrdi ki, bunlar dostcasına söhbət edirlər — tənbəl və süzgün baxışla bir-birinin üzünə baxır, sonra eyni  tənbəl və süzgün halda baxışlarını yana qaçırır, bir-birindən doyub-usanmış neçə illərin ər-arvadı kimi özlərini aparırdılar. Yenə də qıraqdan baxana elə gələrdi ki, yolçəkən gözlərinin altı torba salmış, çəkdiyi siqareti axırıncıymış kimi acgözlüklə ciyərinə deyil, bütün varlığına sümürən, yorğun halda o tərəf, bu tərəfə baxıb, elə bil, kimisə gözləyən bu kişi yamanca darıxır. Onun qarşısında ədalı şəkildə ayağını ayağının üstünə aşırıb oturmuş sığallı, sahmanlı, dəbə uyğun bədəninə az qala yapışmış alabəzək, qolu və sinəsi açıq paltarının ora-burasını, ətəyini tez-tez sığallayıb düzəldən qadın isə (nə zamansa ona yaraşıqlı da demək olardı, indi isə o, həyəcanlı idi…) kişini yeni söhbətlərə çəkmək üçün bəhanə axtarır. Amma bu, ilk baxışda belə görünürdü. Bir qədər sonra aydın olacaqdı ki, bu heç də belə deyil. Qıraqdakı stolun arxasında oturub gözündə eynək, başını qarşısındakı nə zamansa təəccübdən ağzıaçıq qalan kompüterə soxmuş, amma bu iki nəfəri gizli-gizli süzən yaşılköynək oğlan üçün qəflətən hər şey dəyişdi, yəni, qəflətən hər şey ona aydın oldu.
        Həm kişi, həm də qadın qıraqdan kiminsə onlara kəsik-kəsik baxdığını hiss elədi. Hər ikisinin beynindən eyni fikir keçdi.»Mən niyə belə edirəm?! Niyə bu adamla belə soyuq danışıram?! Bu görüşü axı mən illərdi həsrətlə arzulamışam. Məgər belə deyil?!»
-Belədi.
-Belədi…
       Eşidilməz sualın cavabına eyni anda dilləndilər.Və bu zaman bir-birinin tələsik, hövsələsiz cavabından hər ikisi diksindi. Hələ utanan kimi də oldular.Qadın birdən-birə üzünə hardansa gəlib qonmuş yalançı şəfqətlə kişidən soruşdu:
-Heç demirsən, necəsən, nə təhərsən? Nəylə məşğulsan?!
-Soruşmursan, necə deyim?! Pis deyiləm. Redaksiyadayam. Sən necəsən, neynirsən?- Kişi verdiyi sualı elə o dəqiqə unutdu. Üzünü çevirib kompüterdə işləyən yaşılköynək oğlanı diqqətlə gözdən keçirdi.
-Mənəm də…- Qadın, nəhayət, kişinin etinasızlığından bezdi. — Hara baxırsan? Qulaq as, gəl səninlə saziş bağlayaq.
— Yəni?..- Kişi üzünü döndərib ona baxdı.
       Qadın nə düşündüsə, birdən-birə ciddiləşdi, üzünü-gözünü qətiyyət bürüdü. Kişiyə belə dedi:
-Yənisi yoxdu. Bir müddət… bir-birimizi görməyə məhkumuq.
— Anlamadım…
— Demək istəyirəm ki, oyun oynamayaq. Nə sən geri çəkiləcəksən, nə mən. Hələ sənə mənim köməyim də dəyə bilər. Elədi???
-Elədi…
Kişinin səsindəki əlacsızlıq qadına sirayət etmədi. O, qətiyyətini hələ də qoruyub saxlayırdı. Tələsik bir halda kişinin son sözündən tutdu:
— Deməli, hər şeyi unuduruq, biz səninlə ilk dəfədi görüşürük, şərtləşdik?
— …
— Deməli, şərtləşdik? — Qadın inadcıl idi.
-Şərtləşdik, deməli.
       Bu söz oyunu bir anlıq hər ikisinə artıq keçmişdə qalmış asudə və könül rahatlığı ilə dolu əziz günləri xatırlatdı. Sözlərin yerini dəyişib bir-birilə şıltaq uşaqlar kimi ecəşmələri evliliklərinin təzə-təzə vaxtında olardı. Qadının ürəyi atlandı.
 
 
…Teseyi gördüyü andan Ariadna ona ürəkdən vurulmuşdu. Bilirdi ki, Krit adasının hakimi atası Minos Teseyi aşkar ölümə göndərir. Hətta Tesey mağaranın ürəyinə qədər gedib bədheybət Minotavrı tapıb ona qalib gəlsəydi belə, o, yüzlərlə yolu bir-birinə dolaşıb-qarışan bu labirintdə azacaqdı, geriyə, işıqlı dünyaya çıxmaq üçün əsas olan yeganə yolu tapa bilməyəcəkdi. Ariadna xəlvətə salıb Teseyə dedi:
— Sən Minotavrı axtara-axtara labirint yollarında azacaqsan. Bunu düşündünmü?
— Moyralar alın yazımı nə cür yazıblarsa, elə də olacaq. Başqa çıxış yolum yoxdur.
— Amma çıxış yolu var… — Gözləri işıldayan Ariadnanın şəhvətli pıçıltısında qəribə və həzin bir ümid titrədi…
Teseyin baxışları yad sahillərinə üzüb gəldiyi adsız dənizin lal suları üstündən qartal kimi qanad çalıb uzaqlara zilləndi. Şəhər akropolunun önündə ağ libasa bürünərək tərpənməz durub onu — illərdən bəri həsrətində qalıb güclə tapdığı öz doğma oğlunu ölüm-dirim səfərinə göndərmiş atasının bədbəxt xəyalı gözünə göründü. Labirintdə onu nə gözləyirdi?! Vəhşi Minotavrla döyüşdən Tesey salamat çıxacaqdımı?! Tale onu yenidən doğma yurduna, atası kral Egeyə qovuşduracaqdımı? Geri dönəsi olsa atasına verdiyi vədi yerinə yetirərək gəmisinin dor ağacından ağ yelkən qaldırıb onu havada dalğalandıra biləcəkdimi?!
— Məni diqqətlə dinlə… — Ariadnanın məşum səsi çox-çox uzaqlardan, az qala Olimp dağının ətəklərindən gəldi…
 
 
Ağzıaçıq kompüterdən gözlərini ayırmayan yaşılköynək oğlan qadınla kişini unutmuşdu. İki stol o tərəfdə oturub açıq, bəlkə də gizli bir ləzzətlə söhbət edənlərdən biri — yavaş-yavaş yaşlılıq yoluna qədəm qoyan, amma yaşlanmaq istəmədiyi hər hərəkətindən görünən Nazilə adlı bir xanım idi. Bu xanıma hələ də cazibədar demək olardı. Belə görünürdü ki, özünə son dərəcə inamlıdır, amma orası da vardı ki, bu inamın Nazilə xanımla üzbəsurət əyləşib xırda qurtumlarla çayını içən dalğın baxışlı, sıx, qısa saçları tamam ağarmış, sivri burnunu başını sağa, sola aparmaqla, əlinin içi ilə tumarlaya-tumarlaya gizlətməyə çalışan bu kişiyə (kişinin adı Səlim idi) heç bir dəxli yoxdur. Hətta belə demək olardı — Nazilə xanım nə qədər gizlətməyə çalışsa da, hiss edilirdi ki, əslində, o, həyəcanlıdır. Səlimin isə fikri başqa yerdə idi.
— Bığları neylədin? Cavan görükmək istəyirsən?
— Ola bilər. Səninlə nə zaman ayrıldıq? Yeddi il olar, ya…
— Ola da bilər, olmaya da. — Nazilə xanım süni bir etinasızlıqla bu sözləri dedi və elə o dəqiqə də özünə bərk acığı tutdu. Heç hənanın yeridimi, yeri deyil. Pərtliyini gizlətmək üçün sərt bir hərəkətlə başını yelləyib saçlarını üzünə dağıtdı, sonra da onları alnından, üzündən yığıb təkrar səliqəyə salmağa başladı.
— O zaman qırxdım getdi.-Səlim qarşısında məlul-məlul oturub gizli bir həsrətlə (həsrətlə, əlbəttə, həsrətlə!) ötən günləri xatırlamağa çalışan bu qadına ötəri bir nəzər saldı, yenə də tələsmədən əlindəki armudu stəkandan bir qurtum alıb, stəkanı səliqəylə qaytarıb nəlbəkiyə qoydu. Kompüterdə yazan oğlan ətrafda heç kim yoxmuş kimi əllərini ləzzətlə yana açıb gərnəşdi.
— Hər sən yadıma gəlib düşəndə, birinci bığların… — Nazilə xəfifcə pıqqıldadı. Səlimin isə dodağı yüngülcə qaçdı.
Səlimin dilinin ucuna gəldi və o, bir istədi, soruşsun, «deməli, yadına düşürmüşəm», amma «lənət şeytana» soruşmadı. Köhnə yaralar qaysaqlanıbsa, onları qoparmaq təkcə ağrı deyil, günah kimi bir şeydir.
         Bu iki nəfəri bu gün çox qəribə, əcaib bir hadisə görüşdürmüşdü. Amma yox, qəribə olan bugünkü hadisə deyildi. Qəribə olan bir-birindən ayrılalı yeddi il ərzində nə küçədə, nə bir məclisdə bir dəfə də olsun bir-birini görməmələri — bax, bu idi əsl qəribə olan. Bir ixtisasın sahibi idilər, Universitetdə hüquq fakültəsində, daxil olandan bitirənə qədər, bir yerdə oxumuşdular. Sonuncu kursda evlənəndən sonra Nazilə uzun müddət (boşanana qədər) işləməsə də, tələbəlik illərində aldığı möhkəm bilik üzücü beş ildən sonra işə düzələn zaman karına gəlmişdi. Bu gənc xanımın hər hansı mürəkkəb məsələnin təsadüfi hallarından bacarıqla yan keçib məğzinə nüfuz etməsi, istintaqın qayda-qanunu, sahman-səliqəsilə yanaşı, dərin psixoloji məqamlarına da cəsarətlə baş vurması onun professional, təcrübəli həmkarlarını səmimi-qəlbdən təəccübləndirirdi. Nazilə insanların taleyini həll edən çox ciddi bir təşkilatın (prokurorluğun) köhnə, dolanbac dəhlizlərində yaşlıların onu çağırdığı «ay mənim qəşəng balam»dan «Nazilə xanım»a çox tez çevrildi.
       …Səlim və Nazilə dastanını bir daha xatırlamaq, ayrı-ayrı xırdalıqları nəzərə almadan bu dastanı bütün möhtəşəmliyi ilə bərpa etmək hər ikisi üçün asan deyildi. Amma onlardan asılı olmadan söhbət zamanı bir-birinin üzünə, gözünə, saçına, əlinə baxış baxış dalınca sataşdıqca bu dastan öz möhtəşəmliyilə yenidən, bir daha məqam-məqam sanki havada hansısa gözəgörünməz enerji kombinasiyalarında canlanır, dağılıb yaddaşın müxtəlif yuvalarına səpələnmiş bu qırıntılar ağrılı və tanış hissələrə çevrilir, indi burada oturmuş Səlim Nazilənin arxasında, Nazilə isə Səlimim arxasında çoxdan unudulmuş əhvalatları, vaqeələri həqiqətən seçib görməyə başlayır, sözləri, cümlələri, hətta onların o zamankı deyiliş intonasiyasını yenidən eşidirdilər. Umu-küsülər, tikənli-neştərli atmacalar, hədyanlar yenidən yada düşürdü. Eynən zəhlətökən ağcaqanadlar adamdan bu cür əl çəkmirlər.
       Beləliklə, Nazilə yarıciddi, yarışuxluqla soruşdu:
— Təzəlikcə bığ saxlayırsan?
— Səninlə yollarımız ayrılan vaxtdan bəri…- Səlim əlindəki armudu stəkandan bir qurtum alıb zənlə Nazilənin düz gözlərinin içinə baxdı.
       …İndi o, bu nimdaş çayxanada oturub tənbəl-tənbəl yaxından, uzaqdan gəlib keçən adamlara baxırdı. Qabağındakı kompüteri az qala unutmuşdu. Çayxana həyətinin sağ küncündə qollu-budaqlı tut ağacının sıx-sıx bir-birinə yapışmış yarpaqları arasından süzülüb boynunu, qollarını işıq zolaqları dolaşırdı. Birdən yol tərəfdən səs gəldi. «Sən məni ötə bilməzsən, heç haçan ötə bilməəəəəzsəəəən!..» On-on iki yaşlı bir qız uşağı yolun başında göründü. Sürətlə çayxanaya tərəf qaçan bu qızın uzun saçları havada paraşüt kimi açılmışdı. Qızcığaz bir anın içində tut ağacının arxasından tini burularkən sürətini yığammayıb az qaldı yıxılsın. Bu an onun üzündəki qorxu dolu ifadəni Səlim aydınca gördü. Qız yıxılmadı, sürətini yığışdırıb özünü saxlaya bildi və tini birtəhər burulub gözdən itdi. O, gözdən itəndən ancaq sonra yolun başında töyşüyə-töyşüyə, ləhləyə-ləhləyə hərdən yeriyən, hərdən qaçan tosun bir oğlan uşağı göründü. Bu da olardı həmən qızın yaşında. Oğlan tini burulana qədər Nazilə baxıb gördü ki, qıza çata bilməyəcəyini başa düşən bu zavallı dodaqlarını bir-birinə bərk-bərk sıxıb gedir, özü də bıçaq vursan hirsindən qanı çıxmaz.
— Bıçaq yaralarının sayını gördün arvadın bədənində? — Nazilə laübali bir tərzdə üzünü döndərib Səlim tərəfə baxmadan soruşdu.
— Gördüm. Yazıq… Dəhşətli mənzərəydi.- Səlim o mənzərəni bir daha gözü önünə gətirdi. Öz mənzilində amansız bir şəkildə qətlə yetirilmiş qadının lüt bədənində saysız-hesabsız bıçaq zərbələri vardı. Cəsədi otağın ortasında üzüqoylu yerə sərələnmişdi.
…O axşam hər ikisi susqun qalıb durmuşdu. Ağıllarına gələni dilə gətirmək hər ikisi üçün çətin idi. Üzlərində-gözlərində qarışıq fikirlərin əyri-üyrü izləri var idi. Sükutu birinci Aydın pozdu. O dedi:
— Mən sən deyəni beynimdə götür-qoy elədim. Amma…
Mətanətin fayton atları kimi hərəsi bir yana çəkərək baş alıb gedən fikirləri bir nöqtədə donub qaldı. Mətanət təkcə qulaqlarıyla deyil, gözləri, ağzı, burun pərlərilə də Aydının dediklərinə diqqət kəsildi.
— Bir əmması var. — Aydın dedi.
— Nə əmma? Niyə?..
— Var bunun bir əmması. — Aydın fikirli-fikirli təkrar etdi.
Ər və arvad gecədən xeyli keçənə qədər «xosunlaşdılar». Nə danışdılar, nə danışmadılarsa, bir də o acı söhbətə boşanma gününə qədər qayıtmadılar. Artıq o söhbətdən sonra boşanma günü də özünü çox gözlətmədi. Boşandıqları gün Aydın baxışlarını yana qaçırıb acı-acı:
— Adam gərək özünü başqalarından ağıllı saymasın. Sən elə bilirsən, mən sənin əsl niyyətini anlamayacaqdım?! — dedi.
— Nə idi o mənim «qara» niyyətim? — Mətanət az qala təngnəfəs oldu.
— Özün yaxşı bilirsən, nə idi. Mən o söhbətə qayıtmaq istəmirəm.
— Yox, niyə ki… — Mətanət var gücünü toplayıb onu boğan qəzəbini gizləməyə çalışdı.- Qurtardı o söhbət, qurtardı.
      Mətanət bircə onu hiss elədi ki, ürəyinin içindən tok keçdi. Aydınla tanışlığının ilk dəqiqəsindən bu indiki ana qədər aralarında baş vermiş hər şey birdən-birə gözlərinin önündən, amma rəngini itirmiş halda gəlib keçdi. Nənəsinin sözləri özünü onun beyninə soxdu: «sidqim sıyrıldı». Mətanətin sidqi sıyrılmadı, Mətanətin pisinə gəldi. Aydın, onun Aydını gərək belə deməyəydi. Bu sözlərdən sonra biryerdəolma sonsuzluq axarından çıxıb real bir müddətin cizgilərini aldı. Ayrılma məqamının acı və soyuq nəfəsi gəldi.
 
 
…Ayrılıq anı gəlmişdi. Ariadna var gücünü toplayaraq onu boğan hıçqırıq və göz yaşlarını saxlamağa çalışırdı. Amma əbəs!.. Səssiz göz yaşları dayanmaq bilmədən onun soyuq yanaqları ilə üzü aşağı sürüşürdü. Ayrılıq əzabının kabusu çökmüş bu çöhrəyə baxmağa Teseyin taqəti qalmadı. «Əlvida, sevimli Ariadna, əlvida,» deyə ürəyində pıçıldadı. Sonra qəti hərəkətlə əllərini qızın əllərindən qoparıb Ariadnanın onun üçün gətirdiyi ağır ip kələfini yerdən götürdü, çiynindən aşırdı. Ariadna artıq neçənci dəfə dediyi sözləri bir daha tələsik təkrar eləməyə başladı: «Unutma, bu sənin xilasındı, ipi aça-aça get, sonra da onu kələfə yığa-yığa geri dön. Yalnız bu halda sən mağaradan qayıdıb işıqlı dünyaya çıxa bilərsən. Sən Minotavrı yenəcəksən. Mən səni burada, bu qayanın üstündə, bu kolun qırağında oturub səbrlə gözləyəcəyəm.»
        Qayadan aşağıda dənizin azğın dalğaları şiddətlə özlərini qaya daşlarına çırpır, cürbəcür biçimlərdə ağ dairəciklərə çevrilən köpüklər bir-birinin içində ehtirasla əriyirdi. Nə zamansa Afroditanı doğan bu köpüklər, elə bil, bir daha canlanmaq ehtirasıyla buğlana-buğlana bir-birinə qarışır, bir-birinin içində əriyir, suların köksündə ancaq ölümsüzlərin oxuya biləcəkləri bir yazı yazaraq aşağıdan yuxarı sevgililərə nəsə deməyə çalışırdı. Təbii ki, nə Ariadna, nə də Tesey bu yazını oxuya bilmir, ağ dairəciklərə dönən köpüklərdə onlar ancaq gözəl Afroditanın şəhvət dolu surətini görürdülər…
 
 
Bu iyrənc cəsədi ilk görən südçü arvad olmuşdu. O, hər səhər, dediyinə görə, bu mənzilə süd gətirirmiş. Böyük bir otaqda orda-burda qan ləkələri, otağın ortasında isə ayaqları tamam namünasib bir vəziyyətdə aralanmış, üzündə təəccüb dolu acı təbəssüm yapışıb qalmış bu cəsədi görüb az qala özündən gedən bu arvad keçirdiyi sarsıntıdan sonra güclə özünə gəlib ona ilkin istintaq quraraq sualı sual dalınca yağdıran polis işçilərinə artıq neçənci dəfə and-aman edirdi ki, mənzilin bayır qapısı açıq olduğundan o, qapını azca, lap azacıq aralamışdı. Bəlkə də gərək bunu etməyəydi. Əlbəttə, gərək etməyəydi. Bəs sonra, sonra nə baş verdi? Südçü arvad nəfəsini içinə çəkib içəridən bir səs-səda gəlib-gəlmədiyinə diqqət kəsilmişdi. Elə bu zaman- südçü arvad söhbətin bu yerində az qala özünü öldürürdü- «elə bu zaman içəridən, yaxından deyil, iç otaqların birindən bir səs gəldi: keç içəri, keç, qapı ağzında qalma.» O, bu səsi yaxşı tanıyırdı. Hər sabah, təxminən, saat 7 ilə 8-in arasında bir ildən çox olardı ki, o bu səsin sahibəsinə- 40 yaşına çatmış, amma hələ də 30 yaşın cazibədarlıgını itirməmiş ev sahibəsi Teyyubə xanıma uzaq Yasamaldakı həyətindən öz doğmaca inəyinin südünü gətirirdi. İnəyin adı da, əgər inanmırsız, deyə bilərəm: inəyin adı Kürəşdi. Az qalmışdı, hələ belə bir əlavə də eləsin: istəsəniz, ondan da soruşa bilərsiz. Cinayət yerinə birinci gəlib çıxmış cavan və göygöz, şeşəbığ kapitan ona nə cür baxdısa əlini «vaxsey» deyə ağzına tutub daha danışmadı. Bəli, bu səs Teyyubə xanımın səsi idi-qətlə yetirilmiş ev sahibəsinin həmişəki cod, səbirsiz səsi. «Yenə səhər-səhər siqaret çəkib…» deyə düşünən südçü arvadın bayır qapı ağzından böyük otağa, cəsədin yanına gəlib yetişməsi nə qədər vaxt ala bilərdisə (bu isə, təxminən, yarım dəqiqədən çox çəkməzdi) ev sahibəsinin bu cür vəhşiliklə öldürülməsi də düz həmən vaxta sığmışdı. Hələ südçü arvad şeşəbığ polis kapitanını çaşdıran belə bir əlavə də elədi:
— Mən dəhlizdən keçib içəri otağa girməmiş uzaqdan səsimin bərk yerinə salıb «öhö-öhö» elədim. Soruşdum, ay Teyyubə xanım, sən hardasan, içəridəsən? Bu dəfə onun səsini eşitmədim. Amma, yox… həri, həri, indi xatırladım, bu zaman, otaqdan zəif bir xırıltı səsi idi, gəldi. Mən də bu xırıltıya gedə-gedə yazığın cəsədinin üstünə gəlib çıxdım. İraq elə, pərvərdigara, uzaq elə.
Südçü arvadı «pişiyim-pişiyim» polis şöbəsinə apardılar. Sonra hadisələr yenidən çayxanada davam edir. Kompüterdə işləyən eynəkli, yaşılköynək oğlan yenə də sürətlə yazmağındadır…
— Səncə, kiminsə evə girib bu qısa vaxt içində adam öldürməsi mümkündür? Özü də ağır bıçaq zərbələriylə…
— Yox…yəqin ki…
— Onda belə çıxır ki,»ümid» qaldı südçü arvada…
— İnanmıram…
— Mən də inanmıram.
— Sən, ümumiyyətlə, bu həyatda nəyə isə inanırsan? — Söhbətin mövzusunu dəyişmək üçün bəhanə axtaran Samirənin qəfildən gizli bir qəzəblə səslənən sualı Nazimi düşüncələrdən ayırdı.
— Nə demək istəyirsən?..
— Heç… Heç nə. Heç nə demək istəmirəm. — Samirə artıq verdiyi sualdan peşman olmuşdu…
     Nizami «köhnə palan və köhnə samanın» açılacağından qorxuya düşmüşdü. Ehtiyatla Cəmilənin üzünə baxdı. Yox, onun bu həyatda baş verənləri bir daha açıb-ağartmaq, eşələmək, münasibətləri yenidən çözələmək qədər zəhləsi gedən iş yoxdur. Elə o biri həyatda baş verənləri də. Nə oldu, oldu. Olanlar bir dəfə yaşanar. Xatırlamağa nə hacət?! Buna yol vermək olmaz. Olmaz! Olan olub, keçən keçib. Cəmilə söz davasının mübariz əskəridi. Ona bu sahədə güc yetirmək mümkün deyil. Heç deyil. Adama göz görə-görə sübut edər ki, qatıq ağ deyil, qaradır.
— Sən, elə bil ki, mənə nəsə demək istəyirsən…
— Sən də, elə bil ki, nəsə eşitmək …
— Sən başla.
— Mən niyə? Sən eşitmək istəyirsən, sən başla…
     Cəmilənin ürəyi şiddətlə vurmağa başladı. Səbəbini özü də bilmirdi. Zənlə Nizaminin gözlərinin düz içinə baxdı. «Bu, doğrudanmı, sənsən?» — beynindən sözlər ildırım sürətilə keçdi.- » O zaman açar sözü söylə! Söylə, açar sözü, söylə.»
— «Yox, sən söylə. Mən o sözü deməyəcəyəm.»
      Nizami baxışını qaçırdı. Bu qadın açar sözü söyləsəydi, o zaman Nizaminin həyatının davamını heç kim təsəvvür edə bilməzdi. «Təki, sən olmayaydın…» -düşündü.- «Mən elə bilirdim, səni bir yox, bir neçə ömür sərasər sevmək olar.»
      «Söylə, o sözü, söylə» — Cəmilə gözlərilə Nizamiyə yalvarırdı.
— Elədi. Sənə nəsə demək istəyirəm. Deməliyəm. Dilimin ucundadı… Yadımdan çıxıb…
Cəmilə pərt oldu. Nizami isə çaşıb qalmışdı. Hətta açar sözü xatırlamadığına sevindi.
Südçü arvadı gecədən xeyli keçənə qədər polis idarəsində saxladılar. Sorğu-sualın nə əvvəli, nə də sonu vardı. Bir şeyi on dəfə soruşurdular. Südçü arvad bir yana, sual verənlərin özləri də əməlli-başlı heydən düşmüşdülər. Şeşəbığ kapitan yorğun-arğın, əsnəyə-əsnəyə və əlbəttə ki, heç bir altməqsəd güdmədən, elə-belə:
— Yaxşı bəs, uuuxxx… cinayət yerinə birinci kim gəldi? — əsnəyərək əli ilə sinəsinə vurub az qalacaqdı ki, verdiyi sualı o dəqiqə unutsun. Südçü arvadın cavabı isə onu ahənrüba kimi özünə çəkib sabahdan bəri girib çıxa bilmədikləri bu dolaşıq labirintdə yenidən azdırdı.
— Birinci mən… hə də, otaqda olan o gəlini gördüm. Necə huşumdan çıxıb, baxırsan?! Birinci o qız gəldi. Jurnalistdi, müstəntiqdi, kimdi?! Amma mən axı heç bilmədim ki, o, necə oldu, gəldi ora çıxdı?! Çaşıb qalmışdım. Qışqırmağa da heyim yox idi. Bir də gördüm, bayır qapıdan gizlicə çıxıb gedir… — Südçü arvad bu sözləri deyib qorxa-qorxa şeşəbığ kapitanın üzünə baxdı. Elə bu zaman şeşəbığ kapitan dodağını dişlədi.
 
 
…Elə bu zaman Minotavrın çox uzaqdan, labirintin əyri-üyrü, tanış yollarını dolaşaraq sürətlə özünü Teseyə çatdıran xırıltılı və vahiməli səsi eşidildi. Tesey bir anlıq ayaq saxlayıb təkcə qulaqları ilə deyil, bütün vücudu ilə səsə diqqət kəsildi. Qəbzəsi gümüşdən qısa qılıncını bir əlində bərk-bərk sıxanda o biri əlindəki ip kələfini də barmaqları qeyri-ixtiyari yumularaq eynilə o cür bərk-bərk sıxdı. Minotavrın çıxardığı səsin əcaib əks-sədası qan dondururdu. Səsə görə Minotavr yaxında olmamalıydı. Buna baxmayaraq, Tesey yenə də ehtiyatla, əlindəki ipi gözəl Ariadnanın dediyi kimi yavaş-yavaş aça-aça, ətrafına diqqətlə göz qoya-qoya yoluna davam etdi. Qarşıdan yol iki əks tərəfə ayrılırdı. Biri sağa aparırdı, o biri sola. Cəmi ikicə addım atıb Tesey sağa döndü və gözdən itdi.
 
 
… Şəfiqə gözlərilə çay gətirən oğlanı axtardı. «Bu hara yox oldu?» deyə təəccüblə Əşrəfə baxdı. Lazım olmayanda göz qabağında gül yarpağı kimi bitib çəkilmək bilmirdi, indi isə… yox olmuşdu. Əşrəf çiyinlərini çəkdi.
— Gəl biz qalxaq, harda olsa başımızın üstünü alacaq. — Əşrəf dedi.
-Qalxaq. -Şəfiqə ayağa qalxdı.
Çayçı oğlan elə o saat sanki yerin dibindən çıxıb onlara yaxınlaşdı və cidd-cəhdlə stolun üstündəki stəkan-nəlbəkini yığışdırmağa başladı. Şəhər satıcıları arasında dəbə düşmüş o mənasız və əttökən «təklifi» ağızucu bu da elədi:
— Qonaq olardınız…
      Əşrəfin əti ürpəşdi, çayın pulunu stolun üstünə ataraq cavab vermədi.
Onlar çayxana həyətindən üzüaşağı küçəyə çıxdılar. İstinin axmaq vaxtı idi. Qızmar günəş düz başlarının üstündə qaynar qazan kimi idi. İki stol onlardan o tərəfdə başını kompüterə soxmuş yaşılköynək oğlan tənbəl-tənbəl onların arxasınca baxdı…
— İndi bunun pulunu verməyib gedək, dalımızca lələyə-lələyə düşüb gələcək… Mən belələrini yaxşı tanıyıram. — Əşrəf heç cür bu yekəbaşlığa («qonaq olun») alışa bilmirdi.
-Fikir vermə…
-Mən redaksiyaya getməliyəm. — Əşrəf üzünü-gözünü yana qaçıraraq dedi.
— Mən də gedirəm. Polisə dəyim, hələ bəlkə ora bir də qayıtdım.
     Şəfiqə cinayət yerinə təklikdə getməyi, orada səbəbli-səbəbsiz vaxt keçirməyi uzun illər ağır cinayət axtarışları ilə məşğul ola-ola öz iş üsulunda adətə çevirmişdi. İndi cəsəd artıq orada olmamalıydı, yeni icad olunmuş robosensor üsulu ilə bütün otaqda, eləcə də dəhliz və pilləkənlərdə əl-ayaq izlərinin surəti artıq kompüterə köçürülmüşdü. Şəfiqə sükut içində, tək bir xeyli o məşum otaqda ora-bura var-gəl edəcək, nəyisə anlamağa çalışacaq, amma nəyi — bunu özü də bilmirdi. Adətən belə var-gəlin nəticəsi olurdu. Özünü gah cinayətkarın, gah da caninin yerinə qoya-qoya, otaqda ən ağlagəlməz yerlərə göz gəzdirə-gəzdirə qəfildən doğru istiqamətin ona «gəl-gəl» deyən isti nəfəsini duyurdu. Şəfiqə bilirdi: əsas məsələ istiqamətin doğru seçilməsidir. İstiqamət doğru seçilirsə doğru yol öz-özünə gəlir.Ayrılmazdan əvvəl hər ikisi üzbəsurət durub yenə də nəyisə xatırlamağa çalışdı.
— Sağ ol. Görüşərik. Bir şey məlum olsa…
— Görüşərik.
— Redaksiyanın məndə telefon nömrəsi var. Mən səni taparam. Mənə başqa bir sözün yoxdu?
— Kimin, mənim?..
— Yox, mənim. Mənə elə gəldi ki, sən mənə nə isə demək istəyirsən. «Açar sözü unutma, söylə.»
— Deyəsən yox. Bəs sən? «Açar-söz olmayaydı…»
— Deyəsən… mən də yox. Hələlik. — Şəfiqənin ürəyindən nəsə qırılıb yerə düşdü.
— Hələlik. — Əşrəfin fikri yenə də uzaqlarda idi.
Ayrıldılar. Nazilə sağa, Əşrəf isə sola getdi. Əşrəf az qala quş kimi uçurdu.
        …Səlimə cinayət baş verən yerə yenidən gəlib çıxanda hava yavaş-yavaş qaralırdı. Soyumağa meyilli payız axşamı bir azdan gecəyə çevriləcəkdi. Asta-asta, tam zülmət içində mənzilə aparan dik pilləkənlərlə yuxarı qalxdı. Mənzilin açarını səhər burda olarkən şeşəbığ kapitandan almışdı, çox asanlıqla evin qapısını acdı və içəri girdi.
        Mənzil kifayət qədər böyük idi. Qapıdan içəri girən kimi hündür pəncərələri binanın balaca həyətinə açılan geniş aynabəndə girirdin. Aynabənddən yol iki istiqamətə ayrılırdı — biri dar dəhlizlə hamam-tualet tərəfə, o biri isə birbaşa qonaq otağına. Otaqların qapısı həm şüşəbəndə açılırdı, həm də qonaq otağından yataq otağına qalın, tünd çəhrayı rəngdə pərdə ilə arası tutulmuş yol vardı, o yol bir-birinin içində olan o biri otaqlara aparırdı. «Burda azmaq olar» düşünüb südçü arvad qonaq otağından keçərək cəsədi elə bu yataq otağında tapmışdı. Öldürülən ev sahibəsinin səsi isə südçü arvad and-aman edirdi ki, əvvəlcə qonaq otagından gəlirmiş…
        Səlimə qonaq otağında o yan, bu yana gedib var-gəl eləməyə başladı. Sağ divardakı iki pəncərədən o tərəfdə bu otağın uzunluğuna bərabər uzunluqda aynabənd idi. Deyəsən, evdəkilərin gün keçirdikləri əsas yer bu aynabənddi. Səlimə aynabəndə çıxdı. Həyətə açılan pəncərə sürahisinin düz altında balaca yemək masasının üstündə iki çay stəkanı, qəndqabı, boş meyvəqabı, iki qab, iki çəngəl…Qabların birində kəsilmiş alma dilimi çəngəlin ucunda qalmışdı.          Yaralanmış almanın özü qabın yanında idi. Stəkanların ikisində də çaylar ancaq yarıya qədər içilmişdi. Səlimə ağzında alma dadı hiss elədi.
         Yenidən içəriyə keçdi. Qonaq otağının ortasında böyük dəyirmi yemək masası, ətrafında stullar, divar boyu içi cürbəcür servislərlə, qab-qacaqla dolu servantlar dururdu. Səlimənin diqqətini həm də o çəkdi ki, otağın yuxarı tərəfindəki divanın üstündə bənövşəyi rəngdə bir qadın jaketi atılıb qalıb. Eyni rəngdə, eyni biçimdə onun özünün belə (bəli, eynən belə) bir jaketi vardı. «Kimsə bunu görüb götürməyibsə… Bu niyə burda qalmalıdı? Öldürülənə məxsus olmamalıdı, çünki onun dolu bədəninə heç uyğun gəlməz… O zaman bu kimin jaketidi? Südçü arvadınkı da deyil — belə jaket onunçün çox…»yağlı» olardı. Səhərdən burda çalışan əməliyyatçıların arasında isə qadın yox idi. “Yaxşı, sən vurmadın, mən də yıxılmadım, bəs nə oldu?..» Səlimə başa düşdü ki, bu jaket məsələsində bir sirr var…
       …Qəfildən Afətin beyninə bir iti neştər ildırım sürətilə bu yandan girib o yandan çıxdı. Ürəyinə daman şübhədən vəhmələndi. Əlini atıb yavaş-yavaş jaketin iç tərəfini o yan bu yana çevirib asılqanını axtardı. Asılqanın bir yanı qırıq idi. Bunu görən kimi Afətin ürəyi guppuldadı…
        …Vaqif günün bütün sonrakı hissəsini redaksiyada oturub vaxtını ikinci, üçüncü dərəcəli qəzet materiallarının hazırlanmasına sərf etdi. Diqqəti çox dağınıq idi. Hələ də Samirə ilə bugünkü görüşün «mənfi energiyasının» təsiri altında idi. Bu qız haqqında çox eşitmişdi, amma belə yaxın ünsiyyətləri heç olmamışdı. Eşitmişdi ki, qadın olmasına baxmayaraq öz işinin professionalıdır, haqqı nahaqqa verməyəndir, dəmir məntiqi var, xeyli yaraşıqlı olması da öz yerində. Ona nədənsə elə gəlirdi ki, bu qaragöz, iti baxışlı qızı çoxdan tanıyır, amma hardan, amma necə — məsələnin bu tərəfi xeyli qaranlıq idi. Vaqif əmin idi ki, bunu məcburən də olsa hökmən yadına salacaq. Bəzən dilinin ucuna yapışaraq tərslik edib heç cür işıqlı dünyaya gəlmək istəməyən o son dərəcə vacib söz kimi bu da xatırlanacaq. Xatırlanacaq ki, Samirə ilə onu birləşdirən nədir, niyə bu qız bu qədər birdən-birə belə doğma göründü, niyə Vaqif onun hər hərəkətini, hər sözünü yüz ilin yaxını kimi qəbul edə bildi, niyə, niyə, nə üçün??? Vaqif heç istəmirdi bu qadın barədə düşünsün, amma düşünməyə bilmirdi.
        …Əsas olan isə başqa şeydi. Uzun zamandan bəri qəlbini verdiyi Dürdanə onun beyninin düz içində oturub Samirə ilə bağlı nə vardısa, bu istiqamətdə Vaqif nə düşünürdüsə, hamısına nəzarət edirdi. Əlbəttə, Dürdanə ondan heç nə soruşmayacaqdı. Gün ərzindəVaqifin əhvalındakı dəyişməni hiss etsə də (bunu hiss etməmək isə mümkün deyildi), bir kəlmə ilə də olsun, daxili gərginliyini büruzə verməmişdi. Dürdanə üçün dəqiq sərhəd var idi. Onun bir qadın kimi əsas prinsipi bu idi: kişinin kişi yeri var, arvadın arvad. Bəlkə də xüsusi gözəlliyi ilə bir elə seçilməyən bu qız elə bu xüsusiyyətinə görə uzun illərdən bəri bir yerdə işlədikləri İslamın məhəbbətini qazanmışdı. Bəli, qazanmışdı, çünki, ilk gördüyü gündən, yox, gündən yox, dəqiqədən vurulduğu Vaqif ona ürəyini açan zaman üzünün bir qırışığı da tərpənməyən Dürdanə o gecə evə necə gəlib çatdığını bilməmişdi, axşam saat səkkiz hələ olmasa da, soyunub yerinə girmiş və səhərə qədər oyaq qalmışdı — gah ağlamış, gah qəlbi fərəhdən və sevincdən şiddətlə vurmuş, gah da üz-gözündə təbəssüm şirin xəyallara dalmışdı…
         Redaksiyada gün beləcə üzüntülü və dolambaclı fikirlərin axarında keçdi. Vaqif, elə bil, quyuya düşmüşdü, heç cürə oradan çıxa bilmirdi. Gizli-gizli Dürdanəyə baxır, istər-istəməz onu Samirə ilə müqayisə edir, sonra da bu müqayisəni etdiyinə görə özünə nifrət edirdi. Labirintdən çıxmaq üçün ip ucu yox idi, ip ucu…
 
 
…Tesey Ariadnanın ona verdiyi ipi aça-aça qaranlıq labirintin yolları ilə irəliləyirdi. «Həqiqətən, bu ipi özümlə götürməsəydim, bu qaranlıq dünyadan necə qayıdıb çıxa bilərdim?! Bura eynən Aidin səltənəti kimidir.» Yenə Minotavrın müdhiş, qandonduran böyürtüsü eşidildi. Səs bu dəfə lap yaxından gəldi. Əks-səda yox idi. Hər tərəf səssizliyə qərq oldu.
…Mənzilin içində ölü bir sükut hökm sürürdü. Afaq o otaqdan bu otağa, bu otaqdan o otağa gedib-gəlsə də uzaqdan, yaxından bu mavi jaketi gözlərilə deşməyə bilmirdi. Nəhayət, dözmədi, götürüb bir daha jaketin astarını üzünə çevirdi. Mat qaldı. Asılqan qırıq idi. Onun jaketinin də asılqan ipi beləcə qırılıb qopmuşdu, tənbəllik eləyib tikməyə ərinmişdi. Belə… belə… Afaq otaqda sağa gedir, sola gedir, düşünür, xatırlamağa, anlamağa çalışır, amma jaketin bura necə gəlib düşməsini heç cür anlaya bilmirdi. Divanda oturub jaketi bir daha əlinə aldı, ora-burasını artıq neçənci dəfə diqqətlə nəzərdən keçirməyə başladı. Bəlkə… Yox, bu lap ağ oldu ki…
Ata və oğul adsız dənizin kənarındakı sıldırım qayanın başında durub vidalaşırdılar.
— Mən səni bu uca qayanın başında dayanıb gözləyəcəyəm. Sənin gəmini, Tesey, ilk mən görməliyəm. Amma…
— Söylə ata, nə ürəyindən keçir, hamısını söylə, əmr et!
— Mən istəyirəm ki, sənin qələbə çalmağından birinci mən xəbər tutum. Amma necə?..
— Bunu Elladada birinci sən biləcəksən, ata!
— ??
— Ulu Zevsin köməyilə mən Minotavrı yensəm, mənim dənizçilərim dor ağacından ağ yelkən asacaqlar. Yox əgər…- Teseyin səsi kədərlə doldu.- Əgər mən bu savaşdan sağ çıxmasam və bir daha vətənə dönmək, sənin əlini öpmək mənə qismət olmasa, o zaman dor ağacından qara yelkən asılacaq.
Qəhrəman Teseyin atası Egey onu hüznlə dinlədi. Sonsuz qüssə və sevgi onun qəlbini doldurmuşdu. Sevimli oğlu Teseyin başını titrəyən sinəsinə sıxaraq o, yavaş bir səslə son xahişini etdi:
-Bircə səni bu gedər-gəlməz yoldan saxlaya bilsəydim. Amma bilirəm. Bu mümkün deyil. Yalvarıram, Tesey, unutma. Ağ yelkənlə qayıt. Yoxsa, mən də sənin ardınca Stiks çayının sahillərinə, Aidin səltənətinə yollanacağam. Sənsiz mənə bu dünyada həyat yoxdur. Zevs köməyim olsun…
       …Qayalardan aşağıda, adsız dənizin başqa bir sahilində dəcəl suların qoynunda kiçik bir gəmi səbrsizliklə Teseyi gözləyirdi. On iki dənizçi əllərində avar hazır vəziyyətdə idilər. Hündür qaya üstündən onları izləyənlərin nifrətli baxışları altında Tesey Ariadnanın əlindən bərk-bərk yapışaraq onunla bir yerdə yaxın daşların üstündən gəminin düz göyərtəsinə tullandı. Sevinc içində bağırışıb onları salamlayan dənizçilər dərhal avarları hərəkətə gətirdilər, onları əvvəlcə ehmal-ehmal, sonra, sahildən kifayət qədər aralanandan sonra isə daha dərindən və həvəslə sulara batıraraq gəmini kağız oyuncaq kimi dalğaların üstü ilə uçurdular.
          Krit adasında dənizin içindən sıyrılan uca qayanın başında arxasını mağaraya çevirib heykəl kimi tərpənməz qalmış Ariadnanın atası Minos sürətlə uzaqlaşan gəmidən ona baxanların gözündə balaca bir nöqtəyə dönməkdə idi. Eyni balaca nöqtəyə Minosun gözlərində, nəhayət, gəmi də döndü.
 
 
…Nə qədər ağlasığmaz olsa da, artıq şübhə ola bilməzdi. Divanın üstündəki jaket onunku idi. Jaket onun, Şəbnəmin evində qarderobdan səliqə ilə asılmaq əvəzinə burda, cinayət törədilmiş bu otaqda, divanın üstündə atılıb qalmışdı. Ağlasığası deyildi. Heç deyildi, amma belə idi.
         Əlindəki jaketin astarına, üzünə yenə də diqqətlə baxa-baxa fikri qarışdı. Hansısa əyri-üyrü vaqeələr, uzaq həyatın yarımçıq məqamları yavaş-yavaş gözlərinin qarşısında canlanmağa başladı. Bəziləri tanış gəlirdi, bəziləri tanış gəlmirdi. Gördüyü isə bir röya kimiydi. Bu röyada hərdən-birdən Nadirin də surəti qaranlıqdan süzülüb çıxırdı. «Bu adamın nə işi var mənim həyatımda?!» — Şəbnəm, hələ ki, düz-əməlli bir şey anlaya bilmirdi. Nadirlə bugünkü tanışlıq, ürəyinə dammışdı ki, adi tanışlıq deyil. Nadirlə onu çox dərin qatlarda nə isə birləşdirir.  Beyninin bu dərin qatlarında qəribə sözlər bir-birinə qarışmaqda idi, qəribə mənalar sayrışırdı və tanış olmayan xaotik hisslər onu artıq yormağa başladı. Niyə Nadir bu qədər doğma idi?! Nə idi bunun mənası, nə?! Yox, indi bu çözümün sırası deyil. Əsas məsələ jaket məsələsidir. Onun (onun, onun!) jaketi bu mənzildə, bu divanın üstündə niyə olsun?! O bu jaketi özü ilə bura gətirməmişdi, buna yüz faiz əmin idi. Yenə fikri qarışdı. Bəs bu uzun burun, bu uzun burunu ora-bura başını döndərməklə gizlətmək cəhdi, sözləri özünə sərf etməyəndə tez-tez, tələsik tələffüz edərək sözün sonunu «yeməsi» və bir də sözə çevrilməsi mümkün olmayan, ancaq hiss edilə bilən bir sürü başqa məqamlar… necə izah olunmalıdır?!
          Kim idi bu adam?! Şəbnəmin yaddaşına söz ola bilməzdi — o, Nadirin nüfuzlu, oxunan qəzetləri az qala zəbt edən, şəhərin və ölkənin criminal həyatı ilə bağlı bir-birindən maraqlı məqalələrini çox böyük maraq və həvəslə oxuyurdu. Nadirə professional jurnalist kimi simpatiyası vardı. Ancaq bu qədər. Onlar bir dəfə də olsun görüşməmişdilər. Bir-birilə bu günə qədər söhbət etməmişdilər. O zaman niyə? «Nə üçün bu adam bu qədər doğmadır» sualı Şəbnəmə rahatlıq vermirdi. Hər hərəkəti, hər sözü yüz ilin yaxın adamınınkı idi. Şəbnəm hiss edirdi ki, müəmmanın həlli dilinin ucundadır. Açar söz! Axı açar bir söz olmalıydı. Nadirlə onu faciə görüşdürmüşdü. Amma bu görüş kifayət deyildi, elə bil, bir müəmma bu görüşün ətrafında fırlanırdı. Onlar bir-birini tanıya bilmirdilər. Şəbnəmə elə gəldi ki, bir az da diqqətini cəmləsə, bir az da güc versə nəinki Nadirlə bağlı məsələni aydınlaşdıracaq, hətta jaketinin bu mənzilə necə gəlib düşməsinin sirrini də açıb çözəcək. Bu iki məsələ bir-birilə əlaqəlidir. Kimdir Nadir? Onları bağlayan nəsə var. Hökmən var. Buna Şəbnəmin şübhəsi yoxdu…
 
 
…Tesey bu əyri-üyrü yolların birində, nəhayət ki, Minotavrın səsini deyil, hənirtisini eşitdi və aydın şəkildə qoxusunu duydu.
Minotavrın Elladanı qorxuya salan vəhməsi varmış. Onun öküz başı insan bədəninə əməlli-başlı ağırlıq edirdi.Tesey var gücünü toplayıb bu əcaib varlığın əvvəlcə iki buynuzunu ələ keçirdi. Başı gülməli şəkildə yana əyilmiş Minotavrın gözləri bərələ qalmışdı, xırıldaya-xırıldaya ağzının yapışqan kimi suyu tökülürdü. O, nə baş verdiyini anlamırdı. Teseyin ağlasığmaz cəsarəti bu savaşın aqibətini çox tez həll elədi. Minotavrın başının kəsilib bədənindən ayrılması bir göz qırpımında baş verdi. Öküz başı insan bədənindən ayrılandan sonra da Minotavr dişlərini ağarda-ağarda, matdım-matdım Teseyə baxmağında idi. Tesey Minotavrın başını bir torbaya salıb dikəldi. «Allahlara eşq olsun!» ucadan səslənib torbanı çiyninə atdı, aça-aça gəldiyi Ariadnanın ipini bu dəfə yığa-yığa geriyə, labirintin girişinə doğru yol aldı…
 
…Xatirələrdən heç cür yaxa qurtara bilməyən Nərminin gözü qarşısında tanış və yarıtanış vaqeələr yavaş-yavaş bir bütöv mənzərə yaratmaqda idilər. Bu balaca otaq ona heç də yad gəlmir. O burada yaşayır. Çarpayıda onunla yanaşı uzanmış bu kişi isə onun əridir. Bu kişi, əlbəttə, Samirdir. Nərmin yalnız indi başa düşür ki, Samirə qarşı duyduğu doğmalığın əsl səbəbi hardan gəlir. Samir ona deyir:
— İstidi, yata bilmirəm. Aman Allah, bu necə bürküdü…
Nərmin arxasını ona çevirib cavab vermir. Nərmin bu axşam ondan küsüb.
— Noldu sənə?.. Yenə küsdün?!
       Nərmin dinmir. Samir qızın bu davramının səbəbini bilir. Arxası ona uzanmış Nərmini qucaqlamağa çalışır. Nərmin dartınıb onun qolları arasından çıxır. Samir yenə nəsə deyir. Nərminin könlünü almağa çalışır. Əslində, Nərminin küsməyi yalançı küsməkdir, bir az keçsin, bu küsməkdən əsər-əlamət qalmayacaq…
      …Gözlərini yumaraq divan üstündə hərəkətsiz oturub qalmış Fəridə əlindəki jaketi ora-burasına çevirərək, elə bu yaşıl jaketin üzündə Kərimin əsəbi halda nəsə dediyini görür, amma aydın eşitdiyi sözlərin mənasını anlamır.
— Yaxşı, yaxşı, sən nə təhər deyirsən, qoy elə olsun. — Nəhayət, Kərimin son sözlərini Fəridə eşidir və anlayır. Amma anlayan kimi də unudur. Bu an həmən yaşıl jaketin «ekranında» çayxanadakı kompüterin arxasından çəkilməyən yaşılköynək oğlan görünür. Onun üzünə hiyləgər bir təbəssüm qonub…
                                                 
 
Gəmi bu mənfur adanı sürətlə arxada qoymaqda idi. Ariadnadan bu cür əlacsız ayrılandan sonra Teseyin heç nə vecinə deyildi. Çaldığı qələbəni də unutmuşdu. Bir könüldən min könülə vurulduğu gözəl Ariadnanın hicranından sərxoş kimi idi. Yerin dibində, Aidin səltənətində özünü hiss edirdi. Dərin fikirlər aləminə batıb çıxa bilmirdi.Tesey unutmuşdu ki, səfərə çıxarkən atasına söz verib: əgər qələbə ilə geri dönərsə gəmisində qara deyil, ağ yelkən qaldıracaq və atasını sevindirəcək. Belə olmazsa, atası Egey özünə qəsd edəcək. Əfsuslar! Teseyin əzablı fikirləri bu balaca adada tərk edib məhv olmağa düçar etdiyi sevimli Ariadnanın yanında idi, başqa yerdə deyildi. Tesey atasına verdiyi sözü unudur.
       …Teseyi üzüntü və səbirsizliklə gözləyən atası Egey hər gün gəlib dəniz sahilindəki sıldırım qayanın başına çıxır, gözlərilə uzaq sularda ağaran yelkəni arayırdı. Budur, Krit adası tərəfdən bir qaraltı gözə dəyir. Şübhə yoxdur, bu, Teseyin gəmisidir. Gəmi sürətlə yaxınlaşır. Diqqətlə baxanda artıq gəminin gövdəsi, göy sularda bir-birilə yarışırmış kimi batıb qalxan avarları, dor ağacı görünür. Heyhat!.. Uzaqdan oğlu Teseyin gəmisini tanıyan kral Egey dor ağacından ağ deyil, qara yelkənin asıldığını görür. «Tesey məhv olmuşdur. Tesey artıq yoxdur. Mənim yaşamağımın mənası qalmadı…» Kral Egey zar-zar ağlayır.
         Oğlundan sonra həyatının mənasını puç sayan ata özünü qayanın başından dənizə atır. Dənizin suları kral Egeyi qoynuna alıb ehmalca itələyə-itələyə Aidin səltənətinə doğru aparır.
 
 
Nəhayət, Aliyə və Bəhram ümumi bir razılığa gələ bildilər.İrəli sürülən plan tükürpədici bir plan idi. Bundan daha dəhşətlisini təsəvvür etmək mümkün deyildi. Amma plan hökmən baş tutmalı idi. Onlar yeni həyatlarında da bir-birini hökmən tanımalıydılar. Bunun üçün nəsə son dərəcə fövqəladə bir hadisə baş verməli idi. Bu fövqəladə hadisə onları bir-birilə görüşdürməliydi. Sonra isə bir açar söz olmalıydı. Bu açar söz vasitəsilə onlar yenidən bir-birini tanımalıydılar. Açar söz vacib idi. Çünki üz-üzə gəlmək hələ bir-birini tanımaq demək deyil. Yeni həyatda bir yerdə olmaq üçün, yenidən bir-birinin qolları arasında uyumaq üçün, dodaqlarını bir-birinə yapışdırmaq üçün, sən demə, cəmisi ikicə məqama ehtiyac var: fövqəladə bir hadisəyə və açar sözə.
        Onların heç biri bütün varlıqları kimi inandıqları «ölümdən sonrakı yenidən doğuluşlarında» talelərinin başqa bir adamla birləşə biləcəyini ağıllarına belə gətirmək istəmirdi. Bir şeyə, elə bir ciddi əsasları olmasa da, bir şeyə qəti inanırdılar ki, onların yeni doğuluşu da hökmən bu dünyada, hətta bu şəhərdə baş verəcək. Bundan sonrası isə «asandır» — həmən iki, cəmisi iki məqam… Xeyli müddət idi ki, Aliyənin müxtəlif təklifləri Bəhramın dəmir məntiqi qarşısında tab gətirmirdi. Aliyə belə deyirdi:
— Bəlkə və çox güman ki, biz səninlə yenə də öz evlərimizdə doğulduq. Ola bilər, ya…
— Ola bilər. Hətta mən düşünürəm ki, elə belə də olmalıdır. — Bu ehtimalla Bəhram razılaşırdı.
— Məktəblərimiz evlərimizə yaxın olduğu üçün bizi məhz öz məktəbimizə verəcəklər. Düzdü?
— Düzdü.
— Düzdü… O zaman qalır, bir söz tapıb onu bir-birimizə deməyimiz. Açar söz… Nədi, bu da xoşuna gəlmədi?!
— Çox xoşuma gəldi. Bir az hind filmlərinə oxşadı. Amma bir şey var axı. Onu nəzərə almaq lazımdır ki, biz bir-birimizi tanımadan hardan biləcəyik ki, bu sözü sən məhz mənə deməlisən?! Ya da ki, mən o sözü məhz sənə deməliyəm?! Başa düş axı, biz o zaman bir-birimizi ta-nı-ma-ya-ca-ğıq. Bir məktəbdə oxuyan, hərdən məktəb dəhlizlərində, ya da ümumi iclaslarda — akt zalında görüşən, amma bir-birinə etinasız iki nəfər olacaq. Biz o zaman bilməyəcəyik ki, bizim bundan əvvəlki başqa doğuluşumuz zamanı birgə həyatımız olub və bu başqa həyatda biz bir-birimizi sevmişik, hətta evlənmişik…- Bəhramın dodağı qaçdı.- O dərəcədə sevmişik ki, indi başımızı gör bir necə əndiribadi fikirlərlə qatırıq…
Küsüşmə də elə bu sözlərdən sonra baş verdi.
— Həqiqətən, sən… sevsən, belə danışmazsan. Görürsən, necə asanlıqla hər şeyi zarafata çevirirsən?!..
… ???
        Bəhram özü bu məsələ ilə bağlı, hələ ki, heç bir təklif verməmişdi. Bəhram susurdu. Aliyə xeyli ümidsiz bir şəkildə ondan real bir təklif gözləyə-gözləyə gün-gündən göz önündə bir çiçək kimi solur, şuxluğunu, təravətini yavaş-yavaş itirirdi. O özü də Bəhramın dediklərilə bir tərəfdən razılaşırdı ki, məsələ xeyli çətin, xeyli qəliz məsələdir. Son dərəcə dərin və məsuliyyətli yanaşma tələb edir. Hətta belə də demək olar: həllolunmaz məsələdir. Amma ehtiras vulkanı alovlanmışdı və indi artıq öz pik nöqtəsini keçib yavaş-yavaş sönməkdə idi. Məqam öz sirriçindəliyini itirməkdəydi. O söndükcə Aliyə də susurdu, hətta elə bir zaman kəsiyi oldu ki, onlar uzun müddət bu mövzuya qayıtmadılar. Bir-birilə çox az-az, xüsusi ehtiyac olanda, «xala xətrin» danışmağa başladılar. Bu hal, xüsusilə, Bəhram üçün dözülməz idi. Canından çox sevdiyi arvadını bu cür naçar görmək ona əzabdan başqa heç nə vermirdi. Bəhramın beyni gizlicə — Aliyədən xəbərsiz gecə-gündüz bu məsələ ilə məşğul olduğundan Bəhram pərvanə odun ətrafında min oyundan çıxan kimi vurnuxa-vurnuxa qalmışdı. Bu hal uzun müddət davam edə bilməzdi, necə ki etmədi. Nəhayət, günlərin bir günü Bəhram redaksiyadan tələm-tələsik və bir qədər də həyəcan içində evə qayıdanda mətbəxdə nə iləsə qurtdalanan Aliyə ona tərəf dönmədən yavaşdan belə dedi:
— Mən, deyəsən, bizim məsələnin çarəsini tapdım.
     Uzun müddət bu mövzu ilə bağlı söhbət olmadığından, Bəhram əvvəl-əvvəl Aliyənin nə demək istədiyinin fərqinə varmadı. Bir an keçdi, ya keçmədi, hər ikisinin beyni işıqlandı və qəlbləri şiddətlə vurmağa başladı.
 
 
… Gözəl Ariadna dincəlmək üçün yenicə yan aldıqları səfalı bulaqları, sıx və sərin meşəsi olan bu kiçik adada uca bir ağacın altında yatıb hər şeydən xəbərsiz bərk yuxuya getmişdi. Onun yanında uzanıb Tesey də şirin-şirin yatırdı. Qəflətən Tesey diksinib yuxudan ayıldı. Gözlərini döyə-döyə çaşqın bir halda ətrafına baxdı.Sonra nə düşündüsə dərhal dəlicəsinə ağacın altından sıçrayıb Ariadnanı tərk etdi və Hipnosun təsirinə düşmüş adamlar kimi ləngər vura-vura gəmiyə qayıtdı. O,səsini ucaltmadan dənizçilərə yelkəni tələsik və sakitcə qaldırmaq əmrini verdi. Tesey və onun on iki səfər yoldaşı var güclərilə avarlara yatıb istirahət üçün yan aldıqları bu balaca adadan sürətlə uzaqlaşdılar. Avarlar dənizin şıltaq sularına ehmalca dəydikcə dənizçilərə elə gəlirdi ki, gəminin yanı ilə onların görə bilmədikləri gənc bir qız üzür və o qız üzə-üzə yavaşdan ağlayır. Avarların ucundan qayıdıb dənizə tökülən damcıların səsi bu gənc qızın göz yaşlarının səsi, damcıların özü isə qızın göz yaşları idi.
        Ağacın altında hər şeydən xəbərsiz dərin yuxuya dalmış Ariadna qəflətən yuxusunda diksindi…
        Gəmi bu adadan uzaqlaşdıqca Teseyin fikirləri bir-birinə qarışmaqdaydı.Tələsik yola düşdüklərinə görə Tesey gəminin dor ağacındakı yelkəni dəyişmədi. Atası Egeyə verdiyi sözü yerinə yetirmədi. Asmalı olduğu ağ yelkən barədə unutdu. Teseyin gəmisi başı üstündə səmt küləyinin yelləndirdiyi qara yelkən Ellada sahillərinə üz tutdu.
        Tesey ürəyindən qara qanlar axa-axa gəminin göyərtəsində durub məhzun baxışlarını Ariadnanı tərk edib qoyduğu bu kiçik adadan ayıra bilmirdi. Amma əlindən bir iş də gələ bilməzdi. Allahlar onunla oyun oynadılar. Ariadnanın yanında uzanıb yatarkən Tesey bir yuxu gördü. Onun yuxusuna ölümsüzlərdən biri olan Dionisi girmişdi. Məhz Dionisi Teseyə gözəl Ariadnanı buraxıb adanı tələsik tərk etmək əmrini vermişdi. Gözəl Ariadnanı təsadüfən adada görüb anındaca ona vurulan Dionisi onu özünə arvad edib Olimpə aparmaq fikrinə düşmüşdü. Tesey hiddət və həyəcandan bütün vücudu titrəsə də, Dionisinin əmrindən boyun qaçırmağa cəsarət edə bilmədi…
 
 
— Eşidirəm. Sözünü de.
Cəmilənin səsi soyuqqanlı idi,amma ürəyi səbirsizlikdən gup-gup vururdu.
       «Bilirsənmi, mən sənsiz nə qədər yaşaya bilərəm?! Üç gün. Üç gündən sonra ağzım sudan çıxmış balıq kimi səssizcə açılıb, yumulacaq.»
Cəmilə bunu belə bilirdi. Cəmilə həm də onu bilirdi ki, Fərhad açıb-ağartmasa da, gecə-gündüz onların problemini düşünür. Başqa cür ola bilməzdi. Yadına evliliklərinin ilk vaxtları düşdü. O məsələ belə başlamışdı. Bir gecə yataqda heç birinin gözünə yuxu getmirdi. O tərəf, bu tərəfə o qədər çöndülər ki, nəhayət, hər ikisi yoruldu. Bir müddət yataqda heysiz düşüb hərəkətsiz qaldılar. Fərhad əlini atıb Cəmilənin saçlarını qarışdıra-qarışdıra tumarlamağa başladı:
— Cəmilə, yaxşı qız, sən o biri dünyaya inanırsan? — Fərhadın səsində bir qüssə, bir xiffət var idi.
        Cəmilə ondan belə sual gözləmirdi. Amma sual xoşuna gəldi. Yuxuların ərşə çəkildiyi vaxtın sualı idi. Qızın gözləri ləzzətdən süzüldü:
— Mən inanıram. Bəs sən?..
— Mən bir az başqa şeyə inanıram.
— ???
— Bilirsən, mən ona inanıram ki, adam öldükdən sonra yenidən dirilir.
Cəmiləni maraq götürdü:
— O necə olur elə?
— Mən nə bilim?!»Necə olur?!»-Fərhad onu yamsıladı. Cəmilə dodaqlarını büzdü.- Olur da. Nə təhərsə olur. Olmalıdı. Başqa cür ola bilməz. Mümkün deyil…
       … Ortalığa namünasib bir sükut çökdü. Asif az qala təəssüf etdi ki, arvadı ilə onu çoxdan narahat edən bir mövzuya bu şəkildə qəfildən toxundu. İnanmadı ki, Tamilla onu başa düşəcək. Tamilla isə bir kəlmə danışmadı, amma fikrə getdi. Asifin ona dediklərini «həzm» eləməyə çalışdı. Çox gizli mənalardan söhbət açırdı Asif. Özü də inamla danışırdı. Hiss olunurdu ki, dediklərini uzun müddət beynində götür-qoy edib.
Sükutu Tamilla pozdu:
— Asifka, biz ki bir-birimizi bu qədər istəyirik… Ölüm niyə bizi ayırmalıdı?! Bu düz deyil axı…—  Tamillanın dodaqları büzüldü, o, ağlamsındı.
        Asif özü də nə zamansa baş verəcək bu məqamı ədalətsiz məqam sayırdı, amma bu məqamın müqabilində gücsüzlüyünü də başa düşürdü. Tamilla, nəhayət, özünə gəldi, susub diqqətlə cavab gözlədi. Onun bu halı Asifə təsir elədi. Asifə elə gəldi ki, qız çarəsiz adamlar kimi ondan bir kömək, bir imdad gözləyir. Onun isə əlindən heç nə gəlmir. Asif bacardığı qədər Tamillaya ürək-dirək verməyə çalışdı:
— Bilirsən, mən nə düşünürəm?! Mən öləndən sonra hökmən, hökmən yenidən doğulacağam, başa düşürsən?! Bilmirəm, necə — amma hökmən doğulacagam! — Asif uzandığı yerdəncə əlini atıb çarpayının yanındakı stulun üstündə şalvarı vardı, cibindən eşələyib siqaret qutusunu tapdı. İçindən bir siqaret çıxarıb yandırdı. Həsrətlə tüstünü sinəsinə çəkdi.
— Çəkmə…- Tamilla ona həm nəvaziş dolu səsilə, həm də nazik yorğanüzünün altında balıq kimi qıvrılan vücudu ilə qısıldı. — Bəs mən?! Mən necə olacağam, Asifka?!
Asif Tamillanın sözünə fikir vermədi, amma əli ilə havada quruyub qalmış tüstünü açıq pəncərə tərəfə qovdu.
— … Sən necə olacaqsan?! Qorxma, sən də mənim kimi olacaqsan. Amma bu işdə çox ağır bir məqam var. — Asif təəssüflə, — çox ağır… — deyə təkrar edib Tamillaya sarı çöndü.
— Nədi, nədi, nədi o ağır olan məqam, gözümün işığı?? — Tamillanı artıq məqam-filan düşündürmürdü. Tamillanın şirmayı barmaqları yavaş-yavaş Asifin sinəsindəki buruq-buruq tüklərlə oynamağa başlamışdı. Asif onun barmaqlarını ovcunun içinə alıb yüngülcə sıxdı, nəvazişlə tumarladı:
— Dayan, dayan deyirəm. Sənə mən dediklərim maraqlı deyil?
— Maraqlıdı… Çox maraqlıdı. — Tamilla könülsüz-könülsüz bədənini ondan bir balaca aralayıb guya ki, diqqətlə qulaq asmaga hazırlaşdı.
Asif gözünün ucu ilə arvadının göz qamaşdıran çılpaq boynunu, yaraşıqlı qollarını süzüb yenə də səsində təəssüf dilləndi:
— O məqam budur. Hayıf ki, insan yenidən doğulandan sonra əvvəlki həyatını heç cür xatırlaya bilmir. Bunu bacarmır.
Ortalığa sükut çökdü.
Bir azdan Tamilla onun fikirlərini öz bildiyi kimi davam etdirməyə çalışdı:
— Çox… maraqlıdı, çox qəlizdi. Amma yox, dayan görüm. O zaman biz belə də düşünə bilərik: biz hər birimiz bu həyata sonsuz dəfə gəlmişik.-Tamilla dərindən düşünməyib dediyi vaxtlarda olan kimi yenə də «doqquzluğa» vurmuşdu.
— Gəlmişik! — Asif sevinən kimi oldu, çünki Tamilla onunla onun «dilində» danışmağa başlamışdı. Asif dediklərinə asanlıqla bu cür münasib həmfikir tapacağına ümid etmirdi. — Əhsən sənə. Məsələnin canını əlüstü tutdun.
— Mən beləyəm,- deyə nazlı bir cavab gəldi. — Təəssüf, təəssüf… Bu niyə belədi, Asifka?
— …bir də təəssüf… Bax, bunu mən bilmirəm. — Asif kədərli bir səslə cavab verdi.
Tamilla düşüncəli-düşüncəli Asiflə razılaşdı ki, doğrudan da bu məqam çox ağır, çox dözülməz, «Asifka, sən düz deyirsən, ədalətsiz bir məqamdır.» Əgər insan yenidən doğulandan sonra öz əvvəlki həyatını, sevib-sevildiyi adamları, doğmaları, əzizləri, tanışları, dostları, yadları (??) xatırlaya bilsəydi, həqiqətən də bu, çox gözəl olardı, ölmək də indiki kimi belə qorxulu olmazdı.»
— Hayıf…-Tamilla sidq-ürəklə təəssüf etdi. — Yəni, bu heç cür mümkün deyil?!..
Özü də öz sualına cavab verdi:
— Mümkün deyil…
Bir az keçdi. Sükutun uzanacağından, bəlkə də Asifin yuxuya getməsindən qorxub Tamilla:
— Asifka, ay Asifka!..-deyə onu çağırdı, daha doğrusu, dümsüklədi.
-Nədi?
— Asifka, bəlkə… bilirsən, ağlıma bir fikir gəldi…
— Ay səni Allah güldürsün. Ağlına nə gəldi?
— Sən elə həmişə beləsən. Deməyəcəyəm. Mənim ağlıma fikir gələ bilməz də…
— Yaxşı, de görək, naz eləmə.
— Sənsən daha, keçdim günahından.-Tamilla ciddiləşdi.- Bəlkə biz səninlə bu indiki həyatımızda şərtləşək, bir-birimizə parol kimi bir şey…belə bir tanıma sözü deyək?! Nə cürsə razılaşaq ki, yeni dünyamızda o sözü deyib bir-birimizi tanıya bilək?!
Asif gülümsədi. «Bu boyda da sadəlövhlük olar?!» Əlindəki siqareti dolabın üstündəki külqabıya sürtə-sürtə söndürdü:
— Yat, daha gecdi, yat görək yata biləcəyik?! Sən də zəhərləndin bu fikirlərlə…
-Yatırsan?! Gecən xeyrə, Asifka. — Tamilla istəməyə-istəməyə o biri böyrü üstə çevrildi.
— Şirin yuxular…
Bir saata yaxın, elə bil, gözlərinə yuxu getməyən heç bunlar deyildi. Gözlərini yummaqları ilə yuxuya getməkləri bir oldu.
Günlər yavaş-yavaş, bəzən isə sürətlə ötüb keçirdi. Bir-birinə söz vermiş adamlar kimi onlar evdə nədən söhbət eləsələr də, o məsələ barədə bir kəlmə belə kəsmirdilər. Bu dünya, o dünya, yeni həyat, köhnə həyat, əslində, onları yenə də əvvəlki kimi çox maraqlandırırdı, amma hər biri bunu öz-özlüyündə, öz beynində götür-qoy edir, bir-biriyləsə bu barədə kəlmə kəsmirdilər…
        … Budur, yenə həmən yarıqaranlıq, yarıişıqlı vaqeələr divanın arxasındakı küncdən peyda olub Gülnarənin gözü qarşısında canlanır. Budur, Gülnarə evdə iş görə-görə, küçəyə çıxarkən, bazarda-dükanda alış-veriş edərkən cidd-cəhdlə açar-söz axtarır. Bunu onun gərgin baxışlarından, çatılmış qaşlarından aşkarca hiss etmək olur. «Necə ola bilər, axı necə ola bilər ki, biz yenidən doğulaq, yenidən dünyaya gələk, amma hər şeyi unudaq, bir-birimizi tanımayaq, bu axı necə ola bilər?!..» Gülnarə aramsız bu barədə düşünür, bunun bir çarəsini arayırdı.
Kərim isə belə məqamlarda həmişəki kimi təsadüfə arxalanmağa üstünlük verirdi. Özünü hər şeyi unutmağa, bu barədə düşünməməyə məcbur etməyə çalışır, ona elə gəlirdi ki, həmən açar söz birdən-birə, qəfildən onun beyninin dərinliklərində gur işığa bürünəcək və onlar ikisi də həyatlarının sonuna qədər bu işığa bürünmüş sözü ürəklərinin ən isti yerində qoruyub saxlayacaqlar. Zamanı gələndə o sözü özləri ilə o biri dünyaya aparacaq, bu söz vasitəsilə bir-birini yeni dünyalarında da tanıya biləcəklər. O zaman isə onlar daha təcrübəli olacaqlar, buraxdıqları səhvləri bir daha təkrar etməyəcək, naqisliklər və nöqsanlar əvvəlcədən onların həyatından silinəcək və beləcə hər şey uğurla nəticələnsə, bu parol-söz sürət qatarı kimi heç yerdə lazım olandan çox dayanmadan onları bir həyatdan o biri həyata aparacaqdır. Ən əsası, ən vacibi isə onların bir-birinə bu möhtəşəm sevgisi, onların həyatı hər dəfə bir az da olsa təmizlənib təkmilləşəcək, nəhayətdə, ideala, bəlkə bunu ölümsüzlük də adlandıra bilərik, bəli, sonunda ideala çevriləcəkdi. İdeala qovuşmağın ən məntiqli və ən «məsləhətli» yolu elə budur…
Bir gecə gözünə yenə yuxu getməyən Gülnarə qəfildən Kərimə sarı çevrildi. Allah bilir, neçənci yuxunu seyr edən sevimli ərinin doğma çöhrəsinə bir müddət zənlə baxandan sonra onu ehtiyatla dümsüklədi:
— Kərimka, ay Kərimka, yatmısan?! Ayıl, nolar, yatma , gözümə bax…- Bu arzu idi, xahiş idi, əmr idi, bilinmədi.
Kərim onun axırıncı sözlərini zorla eşitdi, ürəyində deyinə-deyinə o biri tərəfə çevrildi, gözləri yumulu halda Gülnarənin dümsüklərinə cavab olaraq ayağıyla dal-dalı bir təpik atdı, sonra anladı ki, bunun köməyi olmayacaq və o, gözlərini açmağa məhkumdur, yenə ürəyində deyinə-deyinə, bu dəfə bu biri böyrü üstünə, Gülnarəyə tərəf çevrildi.
— Kərimka, ay Kərimka…
— Nədi, nə deyirsən, ay Allahın cəzası?..-Kərimin gözləri hələ də yarıyumuluydu.
— Yatma deyirəm. Gözümə bax! — Bu isə artıq əmr idi.
         Kərim naəlac qalıb gözlərini açdı. Gözlərini açınca yuxusu bir andaca uçub getdi. Çünki diksinmişdi. Gülnarə üzünü az qala onun üzünə toxundurub durmuşdu, gözlərini də qırpmadan düz onun gözlərinə zilləmişdi. Onun belə qorxulu oyunları olurdu. Qeyri-şüuri olaraq Kərim dumanlı beynilə təyin eləməyə çalışdı ki, saat neçədi. Hər halda gecədən xeyli keçmişdi.
— Nədi, nə olub, niyə yatmırsan?..
— Gözümə bax! — Gülnarə yorğan altından çılpaq ayaqlarını onun ayaqlarına sürtməyə başladı. Müqavimət göstərməyə dəyməzdi:
— Nədi, nə deyirsən? — Kərimin dodağına incə bir təbəssüm qondu, amma qızın diqqətli baxışlarından başa düşdü ki, məsələ o düşündüyü kimi deyil. — Eh… yuxumu qaçırdın…
-Qaçsın qoy sənin yuxun. Kərimka, mən, deyəsən, tapdım axı…
 
 
…Tesey atasının faciəli ölümündə ancaq özünü günahlandırırdı. Hər gün gəlib Egey sahilindəki o məşum qayanın üstünə çıxır, uzaq sahillərə baxdıqca baxır, dənizin ortasındakı o mənfur, kiçik adanı axtarıb tapmağa çalışırdı. «Ariadna! Hər şeyə bais o oldu. O mənim həyatımı məhv etdi. Ariadna, Ariadna… İndi sən haradasan, sevimli Ariadna?!..»
Beləcə, gün günü, ay ayı əvəzlədi. Elladada, Afinada çox qarışıq sular axdı. Tesey yaşlandıqca çoxlu səhvlərə yol verməyə başladı. Afina camaatı ilə onun arasında uçurum yarandı. O, dostlarını, düşmənlərini doğru-dürüst seçməyi bacarmadı. Günlərin bir günü onun da Aidin səltənətinə getmək vaxtı gəlib çatdı. Əvvəlcə qocalmış Teseyi Afinadan sürgün etdilər. Elə uzaq sürgündə də o, hiylə ilə öldürüldü. Onu aldadıb dəniz kənarındakı uca bir qayanın başına aparmış, oradan da aşağı itələmişdilər. Amma Tesey nəfəsi qədər sevdiyi Afinaya ölümündən sonra hələ qayıdacaqdı. Afinada ölümündən sonra onu əsl triumf gözləyəcəkdi. İranlılarla ağır ölüm-dürüm müharibəsində o öz həmvətənlərinin qəhrəmanlıq simvoluna çevriləcəkdi.
 
 
…İlk anda Zaurun ağlından keçdi ki, soruşsun: «Nəyi, sən nəyi tapdın?» Amma soruşmadı. Zümrüdün gözlərinə baxan kimi ona hər şey aydın oldu.
Yuxusu harasa qaçıb getdi. Sirli bir məqam gəlmişdi. Zaur bilmirdi ki, sevinsin, yoxsa kədərlənsin:
— Yaxşı, de görüm, nə deyirsən?!
— Zaurka, bir məqam tamamilə bizim yadımızdan çıxıb. — Zümrüd xeyli ciddi bir tərzdə sözünə davam etdi.
— ???
— Demək istəyirəm, biz çalışmışıq ki, məsələni ikimiz arasında həll edək. Biz isə gərək bu işə başqa adamları da qataq.
— ???
— Yəni, biz öz sirrimizi başqalarıyla gərək bölüşək.
— Onda o, sirr olmadı ki…
— Olmasın. Amma məsələ ancaq bu cür həll ola bilər.
      Zaur fikrə getdi. O, Zümrüdün dediklərini beynində götür-qoy etməyə başladı. «Əlbəttə, düz deyir. Mən də artıq bilirəm ki, bu iş iki adamın işi deyil. Amma o biri adamı, yaxud adamları necə tapaq?! Hardan, necə?!»
       Yenidən yuxuya getmək asan olmayacaqdı. Gərək yuxu qayıdıb özü gələydi.
       … Bu vaqeələri Səmayə əlində çəhrayı jaket divanın üstündə əyləşib seyr edə bilirdi.          Gözlərini otağın qaranlıq pəncərəsinə dikmişdi. Bu pəncərə şüşəsi, üzərində cürbəcür işarələr, hərəkətlər peyda olan ekran kimiydi. Səmayə gördüyü vaqeələri bu pəncərə-ekranda seyr edirdi. Burada seyr etdikləri o qədər tanış, o qədər doğma idi ki…
 
 
…Yuxudan ayılan kimi Gözəl Ariadna gözlərilə sağa-sola nəzər yetirib Teseyi axtardı, amma tapmadı. Əvvəl-əvvəl ağlına bir şey gəlmədi. Uzandığı yerdən durmaq istəyəndə gözlərini gur işıq seli aldı, başı gicəlləndi. Özünə gələndə isə gördü ki, bu işıq seli ona istiqamət göstərir. Ariadnanı bu istiqamət dəniz kənarına, Teseyin gəmisinin sahilə yan aldığı yerə gətirdi. Gəmi öz yerində yox idi, ətrafda nə bir səs, nə bir hənirti. Bu zaman Ariadna başa düşdü ki, Tesey onu aldadıb və bu adada tək buraxaraq gəmisi ilə üzüb gedib. Dəhşətli bir xəyanət!!! Ariadnanın ölümdən qurtardığı bu insan onun özünü kimsəsiz bir adada ölümə düçar etmişdi. Allahlar bu zülmü, bu cinayəti bağışlarlarmı? Bağışlamazlar!
       «Ulu Zevs, sən özün mənim intiqamımı Teseydən al» deyə Ariadna üzünü göylərə tutdu. Elə bu zaman Ariadnanın gözləri qamaşdı. Bayaqkı işıq zolağı bu dəfə göydən yerə doğru, düz onun yanına süzülüb gəlməkdə idi. İşıq zolağı süzülüb-süzülüb Ariadnanın düz qənşərində torpağa toxunan kimi başında dəfnə yarpağından çələng, uca boylu, gözəl bir gəncə çevrildi. Gülər üzlü, başdan-ayağa işıqla dolu bu gənc istədi ki, Ariadna onu tanısın. Ariadna onu tanıdı. Bu, Olimp dağının ölümsüz allahlarından biri olan Dionisi idi…
 
 
Pəncərədən çölə baxana bayırın soyuğu, şaxtası göz üşüdərdi. Otaq yavaş-yavaş soyuyurdu. Rəhilənin planı bu idi: «vaxta ki, onlar o biri dünyaya gedəcəkləri o məşum ana qovuşanda, yəni, öldükləri zaman yenidən doğulacaqlarına inanırlar, əlbəttə, elə etməlidirlər ki, yeni həyatlarında da bir-birlərini tanısınlar. Bu cür möhtəşəm sevgi yer üzündən birdəfəlik yox olub itə bilməz. Bu ən böyük ədalətsizlik olardı. Çətini yeni həyatlarında bir-birini tanımaqdır. Tanıdılarmı — başqa cür olmayacaq, bir-birini yenə sevəcəklər, buna şübhə yoxdur. Onlar təkcə bu dünyada yox, onlar bu kainatda bir-birlərini sevmək üçün yaranıblar. Nə isə elə bir iş tutmaq lazımdır ki, o iş bunları öz-özlüyündə bir-birinə yaxınlaşdırsın, onlar yenidən bir-birini tanısınlar…»
— Çox güman ki, biz səninlə yenə də eyni həyat yolunu seçəcəyik. Sən necə bilirsən?-Rəhilə soruşdu.
— Çox güman.-Rəhim onunla razılaşdı.
— Mən cinayətkarları tutuqlamaqla məşğul olacağam, sən isə qəzetçiliklə.
— Tutalım, belə olacaq.
— O zaman bizim milyonda bir olsa da, şansımız var.
       Rəhilə hər hansı bir məsələni çözməyə başlayanda bu çözüm prosesinin özünə olan aludəçilik onun bütün ruhuna hakim kəsilirdi. Rəhim bunu bildiyindən diqqətini cəmlədi. Rəhilə      Rəhimin ciddiliyini hiss edib ruhlandı və sözünə belə davam etdi:
— Ya sən, ya da mən elə bir iş tutmalıyaq ki, hamı bu işdən sarsılsın. Məsələn… bu bir cinayət ola bilər… Kimisə, kimlərisə elə bir şəkildə … o dünyaya göndərmək olar… olar ki, biz ikimiz də özümüzdən asılı olmadan bu işin ətrafında fırlanaq. Sonrası asandı. Biz bir-birimizi tanıyacağıq. Hökmən tanıyacağıq…
       Rəhilə öz professional təxəyyülünü işə salmışdı. Rəhim onun sözünü kəsmədən diqqətlə dinləyirdi.
…—  Başa düşürsən, mən nə demək istəyirəm?! — Rəhilə getdikcə özü də bilmirdi ki, nə danışır. O artıq improvizə edirdi.
— Rəhilə xanım, sən nə dediyini heç düşünürsən? — Rəhim bu deyilənlərin perspektivini ən abstrakt şəkildə təsəvvür etməyi belə ağlına gətirməkdən qorxdu. — «Bircə səni bu gedər-gəlməz yoldan saxlaya bilsəydim…» deyə düşündü.
        Rəhilənin isə beyninə bir şey girdisə, onu oradan çıxarmaq müşkül məsələ idi.
    …Vaqeələr bir-birini əvəz elədikcə Xədicə şüşə kimi qırıq vaqeə parçalarını birləşdirməyə çalışırdı. Bu parçalar həvəssiz-həvəssiz birləşib tezcə də yenidən dağılır, dağıldıqdan sonra tamam başqa bir biçim alırdılar. Birdən otaq işıqlandı. Elə bil, kimsə evin bütün işıqlarını birdən yandırdı. Pəncərədəki ekran yox oldu. Qapı tərəfdən güclə eşidilən bir hənirti səsi gəldi. Kim idisə bayır qapını yavaş-yavaş, ehtiyatla açıb içəri girmişdi. Xədicə heç də qorxaq qadın deyildi, amma bu dəfə damarında qanının donduğunu hiss elədi.
        Dəhlizdəki qədimi saat zəhmli və boğuq səslə havanı doldurmağa başladı.
    …Onlar o biri, ölümdən sonrakı həyatda görüşmələri barədə şərtləşəndən sonra bütün digər adamlar kimi illə, ayla deyil, həftəylə, günlə, saatla qocalmağa başladılar. Bir həftə onları görməyən adam gördüyündə mat-məəttəl qalırdı; saçlar ağarır və tökülür, dişlər çürüyür, düşür və protezlər onların yerini tutur, gözlərin işığı gedir, eynəklər taxılırdı…
Həqiqətən də Xavər deyən kimi oldu. Əhməd gözlərini bu fani dünyaya yuman gündən düz üç gün sonra Xavər gecənin bir zamanında üç dəfə dərindən nəfəs aldı, verdi. Dördüncü dəfə nəfəs aldı, amma qaytara bilmədi, canını tapşırdı.
        Elə o an yeni doğulan bir qız uşağının qaraqışqırığı onu doğan ananın ağrıdan qıvrılan iniltisinə qarışdı. Belə qışqırığı bu doğum evində ikinci dəfə idi ki, eşidirdilər. Üç gün əvvəl eyni doğum evində doğulan bir oğlan uşağı da eynən bu cür qaraqışqırıq salmışdı…
 
 
… Onu düşmənləri hiylə ilə dəniz kənarındakı uca bir qaya başına aparıb arxadan itələyərək üzüaşağı hellədilər. Dənizə tərəf uçduqca o ancaq bir kəlmə sözü beynindən keçirməyə macal tapdı: «Ah, Ariadna…»
        Uzun illərin arxasından Ariadna əlində ip kələfi qayanın altında peyda olub ağarmış saçları üzünə səpələnmiş Teseyin cansız cəsədinin üstünə əyildi və ip kələfini ehmalca onun sinəsinin üstünə qoydu. Kim bilir, Tesey Aidin səltənətinə səyahət etdiyi zaman onu bu çətin, tanış olmayan yolda nələr gözləyirdi.
 
 
…Bunu etmək o düşündüyü qədər də çətin olmadı. Nə etdiyini başa düşmürdü. Bircə onu bilirdi ki, nəhayət, plan baş tutmuşdu. Qanına qəltan olmuş qadın artıq qışqırmırdı, müqavimət göstərməyə də taqəti yox idi. Aldığı bıçaq yaralarından yerə sərildi. Bədənindəki ağrıları unudub əli ilə qan fışqıran boğazından tutmağa çalışdı. İlk zərbəni Səbinə ora endirmişdi. Sonra yenə, sonra yenə. İndi də əlində qanlı bıçaq bir kənarda dayanıb yerdə qıvrılıb açılan, heç nə anlamayan və dəhşətdən böyümüş gözlərini ona zilləyən bu arvada o da eyni cür — heç nə anlamayan bir baxışla, az qala təəccüblə baxdı. Arvad artıq xırıldamağa başlayanda Səbinə mənzilin qapısı tərəfdən gələn səsə boylandı. Mənzilə kimsə girirdi. Sonra divar saatı vurmağa başladı.
         Səbinə əlindəki bıçağın dəstəyini çarpayının üstündən yerə sürüşmüş yorğanın bir ucuna silib yerə atdı. O, səsin gəldiyi tərəfdən deyil, dövrələmə gedib o biri qapıdan aynabəndə keçdi və addımlarını səs salmasın deyə ehtiyatla yerə basa-basa, amma sürətlə mənzilin açıq qapısından bayıra çıxdı. Pilləkənlərlə tələsik aşağı enməyə başladı. Hələ də özündə deyildi. Nə baş verdi, nə baş vermədi — anlamırdı. Bircə onu bilirdi ki, bu yerdən tezcə uzaqlaşmalıdır. Buna baxmayaraq, addımları yavaş-yavaş öz adi ahəngini aldı və Səbinə binanın qapısından çıxan kimi beş dəqiqə əvvəl nə baş verdiyini xatırlamayaraq yavaş-yavaş öz yolunu gedən bir bağça müəlliməsinə bənzədi. Bağça müəlliməsi iki tin piyada gedib yanından ötən bir taksini saxladı, tələsmədən əyləşib köhnə iş yerinin adını sürücüyə dedi:
— «Gül-çiçək meydanı»nın arxasındakı prokurorluğa.
       Maşın sürət yığıb göz qırpımında bu müdhiş yerdən uzaqlaşdı.
   …Dürdanə redaksiyadan çıxan zaman qəribə bir yağış başladı. Qəribəliyi onda idi ki, şəhərin qızmar yay günündə belə yağışın yağması nəinki ağlasığmaz, hətta möcüzə qədər əlçatmaz bir xülya idi. Elə bil, göydən yerə rəngbərəng iplər sallanmışdı. Elə bil, göylərin yeddinci qatında bu iplərin bir kələfi vardı, kimsə bu kələfi səbrlə açırdı. Dürdanə əvvəlcə istədi tələsik gedib metroya girsin və islanmaqdan qorunsun. Amma fikrini dəyişdi. Metroya tərəf yavaş-yavaş, hətta istəməyə-istəməyə addımlamağa başladı. İki-üç addımdan sonra tamamilə islandı. Qəribə idi, bütün şəhərin yağışı bir yerə toplanıb heç bir başqasının deyil, düz onun başına, vücuduna yağırdı. Dürdanənin ətrafında isə seyrək damlalar tənbəl-tənbəl onun-bunun üstünə qonmaqda idi. Qəfildən başlayan bu yağış, elə bil, hər damlası ilə Dürdanənin bütün həyəcanlarına, tərəddüd və şübhələrinə nöqtə qoyurdu. Bütün sualları yuyur, yerinə inamlı nöqtələr düzürdü.  Yeni latın əlifbasındakı «i»lərin üstünə qoyulan nöqtələr kimi. Bu nöqtələr məsələni qətiyyətlə qapayır, səhifəni bağlayırdı, yeni işıqlı və maraqlı səhifələr açırdı. Dürdanə bütün varlığıyla çox rahat bir sakitliyin, yüngüllüyün içinə girmişdi. Əzablarını, yuxusuz gecələrinin yorğunluğunu, Vaqifin xiffətini, hər şeyi, hər şeyi bu yağış yuduqca yudu.
      …Qız yağışın altında yavaş-yavaş özünə gəldi.Özündə olmamasının isə bir səbəbi vardı. Bu gün səhər inanılmaz hadisə baş vermişdi. Dürdanə, nəhayət, dözməyib Vaqifin arxasınca düşərək onu izləmişdi. Ürəyinə daman şübhənin arxasınca Vaqifin dalınca əvvəlcə cinayət baş verən evin yanına, sonra isə onun və bu yaraşıqlı qadının arxasınca yaxınlıqdakı çayxanaya qədər getmişdi. Artıq neçə saatdı ki, bunun əzabını çəkirdi, bu hərəkətini özünə bağışlaya bilmirdi. Utandığından işin sonuna qədər gözləmək də istəmədi, üz-üzə gəlməmək üçün Vaqif redaksiyaya qayıdana qədər tələsik ordan çıxdı. Haman yağış da elə bu zaman başladı.
       …Dürdanə çayxanada baş verənləri öz gözlərilə görürdü. Dürdanə onlardan bir qədər aralı, yaşılköynək oğlanın düz arxasında oturub gizlənə-gizlənə bu iki nəfərə göz qoyurdu. Bir söz belə eşitməsə də, hərəkətlər, mimikalar, jestlər öz-özlüyündə hər şeyi açıb ona danışırdı. Yaraşıqlı qadın Vaqifdən nə isə intizarla gözləyirdi, Vaqifin isə susub bu işdən yayındığını Dürdanə o saat anladı. Məsələ burasında idi ki, Dürdanə onların arasında nə baş verdiyini yaxşı bilirdi. Bu ani tanışlığın möhtəşəm tarixi üzə çıxacaqdı, yoxsa yox — Dürdanə buna əmin deyildi. Vaqif açar sözü deyəcək, deməyəcək?! Açar söz tələffüz olunsaydı və onlar bir-birini tanısaydılar, bu, hər şeyin sonu demək olacaqdı. Onları daha bir-birindən ayırmaq mümkün olmayacaqdı. O, Dürdanə — Vaqifin bu dünyadakı sevgilisi açar sözün mövcud olduğunu bilirdi. Vaqifin ondan gizli heç nəyi yox idi.
— …Mən sənə, istəsən, həmən açar sözü açıb deyə də bilərəm. — Vaqif bir gecə susub fikrə getmiş Dürdanənin yanında ona tərəf dirsəklənib təmiz vicdanla düz qızın gözlərinin içinə baxdı. O dünyanın etirafını elə indicə etmişdi.
— Yox, demə, bu mənim sirrim deyil.
      Vaqif minnətdarlıqla Dürdanənin əlini axtarıb yorğanın altında tapdı və nəvazişlə sıxdı. «Bu ürək sahibinin qəlbini ağrıtmaq, onu kədərlə doldurmaq rəvadımı, günah deyilmi, əlbəttə, rəva deyil, əlbəttə, günahdı…» — Vaqif belə düşündü.
      «…O, açar sözü demədi, deməli, o mənimdir, mənim də olaraq qalacaq, o getmək istəmir, o mənimdir, mənimdir…» Dürdanə vedrədən düz başına tökülən yağış altında metroya tərəf yeriyir, dodaqlarına qonan təbəssüm isə, əslində, təbəssüm deyil, möcüzə olduğunu, elə bil, anlayaraq öz yerini bir az da möhkəmlədir, dodaqlarından başlayıb Dürdanənin üzünə-gözünə, gözündən də o tərəfə sürüşüb naməlum yerə — əməlli-başlı bir labirintin içinə düşür, onun dolambaclı yollarını qətiyyətlə keçib bütün ruhuna yayılırdı.
 
 
…Krit adasında  azğın küləklər əsirdi.
         «…Söylə, söz ver ki, mağaradan qalib kimi dönəcəksən. Hökmən, mütləq dönəcəksən. Mən hər açılan sabahı sənin güclü qolların arasında açmaq istəyirəm. Bircə səni qoruya bilsəydim… Ah, Tesey, Tesey…» — Gözəl Ariadna beynində dəniz küləkləri kimi dolaşan bu hərcayi fikirlərdən qaçmaq üçün bütün bədəni ilə bərk-bərk Teseyə qısıldı:
— Söylə, mənə bir şey söylə. Elə bir şey olsun ki, mən burada oturub səni gözlədiyim zaman hər an, hər dəqiqə mənim qəlbimə sığal çəksin. O söz mənim qəlbimdə yaşayıb mənimlə birgə səni gözləsin. Hər an… Hər an… — Ariadna ehtirasla az qala bağırdı. Külək sözləri onun ağzından qapıb alırdı.
— Mənim sənə sevgimin adı olsun o söz.
— Sənin mənə olan sevginin adımı?..
— Mənim sənə olan sevgimin adı. — Tesey anladı ki, bundan dəqiq cavab tapmaq mümkün deyil. — Onun adı budur. Biz geriyə bir yerdə qayıdacağıq. And olsun Zevsə — bu belə olacaq!
Külək vıyıltıyla hər sonrakı an daha şiddətlə əsir, həm Teseyin, həm də Ariadnanın ağzından çıxan sözləri şikar kimi qamarlayıb dənizin ortasına, oradan da daha uzağa, Elladaya, Olimp dağının ətəklərinə aparırdı.
 
 
…Qətibədən ayrılıb çayxanadan çıxandan sonra Vaqifin çiyinlərindən,elə bil, daş götürüldü. Bir daha heç bir zaman! Heç bir zaman, heç bir vəchlə bu qadınla görüşmək olmaz!! O səni özüylə o biri, başqa dünyaya aparmaq istəyir. Yox! Yox! Bir də yox! Ona bu dünyadan və Dürdanədən başqa heç nə lazım deyil. O istəmir. İstəmir, vəssəlam! Onun başqa dünyalara nəfəsi çatmadı. Açar sözü isə bir qədər əvvəl Vaqif bilə-bilə demədi. Amma az qalmışdı, desin. Qəflətən gözləri yaşılköynək oğlanın gözlərinə sataşdı. Yaşılköynək oğlan başını kompüterdən ayırıb ona təəccüblə baxırdı, yəni, «doğrudanmı sən o sözü demək istəyirsən?!» Vaqif o sözü desəydi, onlar bir-birinə bağlanacaqdılar. Olmaz. Dürdanə! Ancaq Dürdanə! Əslində, gərək — Vaqif düşünürdü, — əslində, o bu dəhşətli cinayətin baş verdiyi yerə getməməli idi. Qətibənin bu «çağırışına» cavab verməməli idi. Hər şey qorxulu yuxularda olan kimi oldu. Sonadək inanmırdı ki, Qətibə bu işi tuta bilər. Ancaq Qətibə bu cinayəti etdi və Vaqifi bu şəkildə öz yanına çağırdı. Baş tutmuşdu. Onların planı, daha doğrusu, Qətibənin planı baş tutmuşdu.
        Baş tutmuşdumu??? Xeyr, baş tutmamışdı. Sevən ürəklər bizim qulağımıza başqa şeylər pıçıldayır. Vaqifin onun yanına qayıtmayacağını anlayan Qətibə əlində asılqanı qırıq jaket pərişan bir halda mindiyi taksidən «Gül-çiçək» meydanında düşəndən sonra onu bir daha görən olmur. İş yerində o şeşəbığ polis kapitanı gəlib uzun-uzadı sorğu-sual edirsə də bu nişanədə olan qadın barədə kimsə bir söz söyləyə bilmir. Belə bir qadının burada nə zamansa işlədiyini heç kim xatırlamır. Beləliklə, hər dünya yenə də öz məhvəri ətrafında fırlanmağına davam edir.
       …Vaqif və Dürdanəyə gəlincə. Onlar bu gün də bir evdə və bir yerdə yavaş-yavaş, səbrlə yaşayıb qocalmaqlarındadılar. Uzaq yay günü hara və nə üçün yağdığını dəqiq bilən o dəhşətli yağışı onların heç biri bir dəfə də olsun xatırlamayıb. Dövriyyədən çıxmış lazımsız dəmir pul evin bir küncündə itib öz-özünə paslanan kimi, açar söz də yaddaşın bir küncünə atılıb qalıb. Unudulub. Başqa cür ola da bilməzdi.
         Mənə nədənsə elə gəlir ki, bu deyilənlərdən nəticə çıxarmaq bizə yenə də müyəssər olmayacaq.
 
 
…Teseyin isə əhvalatı bizə bəzi şeylər öyrədir. Bunları bilmək faydalıdır.
Labirintə girməzdən əvvəl oradan çıxmaq barədə düşünməlisən. Bu, əsas şərtdir. Lazım olan yerdə və lazım olan vaxt sənin yanında sənin Ariadnan olmaya bilər. Bu bir.
         Xəyanətin ödənci var. Hətta yenilməz güc qarşısında belə sevdiyin adama xəyanət etmə. Çünki xəyanət səni əvvəlcə unutqanlığa gətirəcək, sarsıntı və faciələrə yol açacaq. Bu iki.
Və nəhayət. Uca sıldırım qaya başında arxanı heç kəsə çevirmə. Bu da üç.

MilliYol.Az



Xəbərin oxunma sayı : 100

loading...

Ədəbiyyat

Önəmli

Son xəbərlər

16 YANVAR 2017

14:54 Rəfael Cəbrayılovla Eldar Mahmudovun biznes sirləri

14:37 Kardiologiya İnstitutunun adamı infarkt edən rüşvət qiymətləri

15 YANVAR 2017

14:25 Bütün kəndin kişiləri əqli qüsurlu qadına təcavüz etdi - ŞOK HADİSƏ

13:26 Azərbaycanlı qızın videosu rekord qırır

13:22 Şəhid Fikrət Bəşirov harda dəfn olunacaq?

12:27 Kamran Ağayev Portuqaliyada dala saldı - FOTO/VİDEO

11:58 Azərbaycanlılar “O səs Türkiyə”dən belə ayrıldı - VİDEO

11:30 Cəbhədən acı xəbər gəldi: Şəhidimiz var

11:00 Göyərtəsində 110 miqrantın olduğu gəmi batdı

14 YANVAR 2017

16:02 Ramil Usubov 2 rəisi işdən çıxartdı

14:43 İlham Əliyev Davosda yeni prezidentlə görüşəcək

13:35 Azərbaycanda silah alverçilərinə qarşı əməliyyat: həbs olunanlar var

12:43 Bakıda vəzifəli şəxs özünü niyə asdı? - TƏFƏRRÜAT

11:37 Supermarketdə təcavüz ŞOKU - Sahibkar qadın işçisini zorladı

11:03 Nokia 8-in ilk görüntüsü sızdırılıb - VİDEO

10:30 Azərbaycanda yol terroru: 6 ölü, 19 yaralı

10:05 Əqli-qüsurlu kişi ilə dəfələrlə əlaqədə olan çilingər... - Mingəçevirdə dəhşət

13 YANVAR 2017

20:23 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

14:59 “Eldar Mahmudovla danışmışam, dedi ki,...”

13:52 İlham Əliyevin məqaləsinin TAM MƏTNİ

13:40 Bakıda supermarket müştəriləri necə aldadır? - FOTOFAKT

13:30 Məktəb direktorunun səs yazısı yayıldı - “Gəl yanıma...”

12:36 General əmlak tələb edir, azadlıq vəd edir - İş adamının vəkilindən Prezidentə müraciət

12:28 “Aİ-92“ markalı benzinin qiyməti qalxacaqmı? - DİQQƏT

12:14 Məşhur aparıcı “Lider“dən getdi

12:00 Bakıda toydan çıxan tanınmış müğənnilərin pulları əllərindən alındı

11:00 Azərbaycanda benzin bahalaşdı

12 YANVAR 2017

20:08 DİN Mehman Hüseynovla bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırdı

18:56 Prezident sərəncam imzaladı: vergi borcları üzrə faizlər silinir

16:57 “Bunu direktor xoşlayırdı və dəfələrlə ərimə...“ - Seks qalmaqalının qurbanı olan xanım müəllim

16:47 “Ərim məni vururdu, fiziki təcavüz...” - Azərbaycanlı müğənni

16:39 Bu raket İrəvanı yerlə yeksan edə bilər - Dağıdıcı silahlarımız

16:30 Daha bir türk klubu “Qarabağ“ın futbolçusuna elçi düşdü

15:38 Pensiyalar niyə gecikdirilir? - Rəsmi açıqlama

14:01 “Avropa haradır?“ -Orxan Pamukun essesi

13:48 Prokuror vitse-admiral Sultanova ağır cəza tələb etdi

13:32 Dollar satışının bərpası “qara bazarı” çökdürdü - QİYMƏTLƏR

12:27 “Mənə Aygün Kazımovayla qızının seks videosunu göstərdi“ - Məktəb direktoru

12:20 Nazir müavini təyin edilən Mətin Eynullayev kimdir?

12:15 Sami Yusif Bakıya gəlir

11:25 Prezident yeni nazir müavini təyin etdi

10:44 Slavyan Universitetində növbəti qalmaqal

10:35 Bakıda yol faciəsi: 3 nəfər maşının altında qalıb öldü

10:25 Prezident qızı yeni vəzifəsi, həyatı və gələcək dəyişikliklərdən danışdı

9:30 Mario Varqas Lyosa: Romanlar yalan danışır

9:20 “Taliban” girovların görüntülərini yaydı - VİDEO

9:17 Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

11 YANVAR 2017

21:48 İlham Əliyev hansı oliqarxları və niyə hədələdi?

21:37 Türkiyədə çevriliş baş tutsaydı Ərdoğanın yerinə bu şəxs gələcəkdi - İDDİA

21:28 Mehriban Əliyeva dövlət katibi ilə görüşüb

21:15 Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA

19:34 Şəmkirdə direktorla müəllimə arasında seks videosu QALMAQALI

18:25 Vüsal Kərimli vəzifəsindən qovulur - BNA fiaskosundan sonra...

18:10 Banklara “yaşıl işıq“ - ŞAD XƏBƏR

16:06 Prezident yeni hərbi texnikalarla tanış oldu - FOTO

15:40 AZAL Türkiyədə narazılıq yaratdı - Baqajlar ünvana çatmadı

15:30 “Mehman Hüseynovun aldığı nəfəs də yalandan gedib-gəlir” - DİN

13:53 İdarə müdirinin Əhmədzadənin xeyir-duası ilə taladığı dövlət vəsaiti

13:44 Daha bir generala cinayət işi açılıb

13:18 “Bizə ən böyük zərbəni bank sektoru vurdu“ - Prezident

12:46 Telekanallar Flora Kərimovaya qadağa qoyub

11:37 Lənkəranda bacısı öldürüb dənizə atdığını deyən qardaş azadlıqda

11:27 Neftçalada pambıq reketi - İcra başçısı sahibkarlara divan tutur

10:40 Mübariz Mənsimov 35 tanker aldı

9:55 Türkiyədəki soyuq hava bizə gəlir - Diqqət!

9:50 Maşın bazarında vəziyyət necədir?

9:17 “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir” - İlham Əliyev

9:01 Bakıda nəvəsini öldürən baba: “Məni söydüyü üçün onu boğdum”

10 YANVAR 2017

20:08 “İkinci toyumu Bakıda edəcəyəm“ - MÜSAHİBƏ

19:47 Dollar 1.89-a manat oldu - Azərbaycanda

19:45 Əli İnsanovla bağlı qərar verildi

19:31 Həmyerlilərimizin “O səs”də başına gətirilən şok oyunlar - MÜSAHİBƏ

19:15 Çavuşoğlu çevriliş gecəsi Kəmaləddin Heydərova niyə zəng edib?

19:00 Ermənistan əsgərimizin meyitini niyə qaytarmır?

16:32 Beynəlxalq Banka yeni rəhbər seçildi

16:20 69 qadını öldürən keçmiş polisdən ŞOK ETİRAF

15:18 “Maaş və pensiyalar yenə də artmalıdır“ - Prezident

15:11 Kəskin soyuqlar Azərbaycana gəlir - XƏBƏRDARLIQ!

14:49 “Böhrandan çıxış yolu tapılıb“ - İlham Əliyev

14:07 ANS-in keçmiş aparıcısının əri ilə özəl videosu yayıldı

14:00 Nurayı ağladan məhkəmə icraçıları haqda araşdırma başladı

13:31 Bir neçə illik borclar da yeni tariflə ödəniləcək - “Azəriqaz”dan Yeni İl “sürprizi”

13:00 İlham Əliyev nazirləri topladı

10:48 Lotu Quli Bakıdakı atışmadan danışdı

10:31 Tramp qələbə qazandı, azərbaycanlı milyarder 1,8 milyard varlandı

10:23 Bu gün Beynəlxalq Banka yeni rəhbər təyin olunacaq

9:53 Bakıda müəllim 9 və 11 yaşlı şagirdlərinə təcavüz edib

09 YANVAR 2017

15:45 Rüstəm Usubovdan ANS-lə bağlı danışdı

15:30 “İlk ərim məndən 16, indiki ərim isə 18 yaş böyükdür“ - Azərbaycanlı müğənni

15:08 Mübariz Mənsimovdan FHN-ə xüsusi hədiyyə - VİDEO

15:03 “Baş Prokurorluğa məlumat vermişik” - Mirşahin danışdı

14:34 Azərbaycanda ölümcül virus yayılıb? - AÇIQLAMA

13:53 Bakı və Moskva arasında GİZLİ SAZİŞ

13:23 “Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin!” - Ekspert

13:11 “Dağıstanda kimi tapdılar, gətirib millidə oynadırlar“ - MÜSAHİBƏ

12:52 Azərbaycanlı milyarder Türkiyəni ayağa qaldırdı

12:37 Metroda gediş haqqı qalxacaq? - AÇIQLAMA

12:18 Kriminal qruplaşmalar arasında atışma oldu - Bakıda

12:00 Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub - FOTOFAKT

08 YANVAR 2017

14:47 Sərxoş Lisa yenə özünü rüsvay etdi - FOTO

14:30 “Bəlkə Tramp Rusiyanın casusudur?”

12:42 Baş nazir “offşor“lara qadağa qoydu

12:24 Evini Azərbaycan bayrağının rənglərinə bürüdü - FOTOLAR

12:18 Millət vəkili və komitənin sədr müavini Nurayla görüşdü

11:43 Naxçıvanın 2017-ci il dövlət büdcəsi təsdiq edilib

11:38 Azərbaycanlı müğənni mikroinfarkt keçirdi - FOTO

11:24 Qənirə Paşayevaya yeni vəzifəyə verildi

11:10 Prezidentin qızı 113 dollarlıq libas geyindi - FOTOLAR

07 YANVAR 2017

17:21 “Qarabağ məsələsində artıq məğlub olmuşuq” - Sarkisyan

17:06 Nurayın atası danışdı: “Uşaq məndən imtina etdi“

17:00 Bakı-Şamaxı yolunda təhlükə

15:50 Nurayın doğma atası Əvəz Bayramov doğum evinin həkimi imiş

14:48 “Atamı ilk dəfə məhkəmədə gördüm” - 10 yaşlı Nuray danışdı

14:09 Həbsxanada dəhşət: məhbusların başları kəsildi - FOTO

13:43 Məşhur şirkətin sahibinin erməni ilə biznes əlaqəsi - Mahmudovun imzası ilə araşdırılıb

13:12 10 yaşlı Nurayı yerdə sürüyən icraçılarla bağlı qərar verildi - VİDEO

13:00 Azərbaycanlı qadın avtobusda zorlandı

12:03 10 yaşlı Nurayı ağladan icra məmuru DANIŞDI

11:52 “Lənkəranskiyə atəş açanlar arasında İŞİD-çi olub”

11:41 “Nurayın atası dedi ki, arvadımla qızımı buraxın kanalizasiyaya”



loading...
8 yaşında varlandı, heç vaxt evlənmədi - Milyonçu mason üzvünün qəribə həyatı

O, dünyaca məşhur çay brendinin yaradıcısıdır. 8 yaşından işləməyə başlayıb. Amerikanın müxtəlif ştatlarında ən qara işlərdə işləyib. 25 yaşında iş adamına, 35 yaşında böyük bir markanın sahibinə çevrilib. Söhbət Tomas Liptondan gedir.
Rusiya səfirini öldürən polislə bağlı maraqlı faktlar


Dünən Ankarada sərgi salonunda keçirilən tədbir zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyərək öldürən 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaşla bağlı yeni faktlar üzə çıxıb.
Məşhur aparıcı “Lider“dən getdi
"Lider TV"nin məşhur aparıcısı kanalla vidalaşıb.
Televiziyalardan Qənirə Paşayevanın açıqlamasına REAKSİYA
Millət vəkili Qənirə Paşayevanın Azərbaycan televiziyaları haqda sosial şəbəkələrdə fikirlərinə televiziya kanallarından münasibət bildirilib.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016