Adları bu qalmaqallarda çəkilən prodüser və aktyorların, demək olar ki, hamısı Demokrat partiyasının qızğın dəstəkçiləridir
Artıq bir aydan çoxdur ki, Hollivudu ard-arda üzə çıxan seks-qalmaqallar silkələyir. Lakin bu hadisə zəlzələ effekti ilə siyasi sahəyə də sıçraya bilər.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ kino sənayesində cərəyan edən rüsvayçı hadisələr ən çox Demokrat partiyasının imicinə zərbə vurur. Çünki bilindiyi üzrə kino sənətçilərinin əksəriyyəti bu partiyanın dəstəkçiləri sayılırlar.
Xatırladaq ki, hər şey məşhur aktrisa Eşli Caddın oktyabrın 5-də “The New York Times” qəzetinə verdiyi müsahibədə kinoprodüser Harvi Vaynşteynin ona qarşı seksual xarakterli hərəkətlər etməkdə günahlandıran müsahibə ilə start alıb. Kinosevərlərin “Kriminal qiraət”, “Üzüklərin hökmdarı” kimi filmlərdən yaxşı tanıdığı prodüserin müsibətləri bundan sonra başlayıb. Eşli Caddın ifşaedici müsahibəsindən sonra bir çox aktrisalar onu eyni qəbildən olan ittihama məruz qoyublar.
İş o yerə çatıb ki, H.Vaynşteyn əsasını qoyduğu və öz adını daşıyan “Weinstein Company” şirkətindən qovulub. Bu yaxınlarda onun həbs ediləcəyi gözlənilir.
Vaynşteynin Demokrat partiyasına yaxınlığı isə məsələnin siyasi xarakter almasına səbəb olub.
Belə ki 2000-ci ildən bu yana prodüser Demokrat partiyasına 1 milyon dollardan çox ianə köçürüb. Təkcə onun rəsmi olaraq keçmiş prezident Barak Obamanın seçki kampaniyasına 45 min, Hillari Klintonun seçki qərargahına isə 26 min dollar pul bağışladığı bilinir.
İndi prodüserin adının rüsvayçı əməllərdə hallanması vaxtilə sponsorluq etdiyi təşkilatın ondan üz döndərməsinə səbəb olub.
“Demokrat parityası heç bir formada seksual tərzdə sataşmanı və təcavüzü dəstəkləyə bilməz . Ümid edirik ki, respublikaçılar da öz prezidentlərinin vaxtilə qadınlara sataşmaqla lovğalandığını göstərən video-materialdan sonra eyni mövqedə qalarlar”, - partiyanın mətbuat xidmətinin rəhbəri Hoçitl Hinojos bildirib.
Burada söhbət ABŞ-ın indiki prezidenti Donald Trampın 2005-ci ildə bir söhbət zamanı ağzından qaçırdığı və mətbuata səsyazma şəklində sızdırılan sözlərindən gedir. Orada Tramp həmsöhbəti televiziya aparıcısı Billi Buşa sarışın bir qadının yanında (aktrisa Arian Suker) qadınları tovlamaq üçün daha sərt davranmağı məsləhət görür. “Əgər sən ulduzsansa qadınla istədiyini edə bilərsən (burada Tramp olduqca kobud ifadə işlədir-red.), sadəcə onun belindən yapış, vəssalam”, - Tramp “dəyərli məsləhət”ini edib.
Qalmaqaldan sonra Demokrat partiyasının Senatdakı lideri Çak Şumer Vaynşteyndən aldığı pulları seksual sataşmalara məruz qalan qadınların hüquqlarını müdafiə edən fondlara bağışlayacağını bildirib. Eyni addımı Nyu-Yorkun qubernatoru Endryu Kuomo, senatorlar Patrik Lixi, Kamala Harris və Elizabet Uorren də atacaqlar.
Demokrat partiyasının son seçkilərdə prezidentliyə namizədi Hillari Klinton da məşhur jurnalist Fərid Zəkəriyaya verdiyi müsahibədə Vaynşteyndən aldığı bütün ianələri xeyriyyə fondlarına köçürəcəyini söyləyib.
Lakin Klintonların təsisçisi olduğu “The Clinton Foundation” isə Vaynşteynin onlara verdiyi 250 min dolları geri qaytarmaq fikrində deyil. Fond nümayəndəsi bu pulun onsuz da minlərlə insanın həyatının qurtarılması üçün xərcləndiyini bildirib.
Vaynşteyn qalmaqalı keçmiş prezident Barak Obamanın da qəzəbli çağırışına səbəb olub. Lakin bu məsələ onun da başını ağrıda bilər. Belə ki Obamanın qızı Mali, Harvard universitetini bitirdikdən sonra öz stajını məhz Vaynşteynin şirkətində keçirib.
Hollivud Harvi Vaynşteyinin rəzalətindən özünə gəlməmiş, məşhur aktyor Kevin Speysinin açıqlamlamaları ilə sarsılıb. Speysi vaxtilə gənc oğlan aktyorlara girişdiyini etiraf edib. Daha sonra homoseksual olduğunu bəyan edən aktyor reabilitasiya klinikasında müalicə alacağını söyləyib.
Vaynşteyn kimi K.Speysi də Demokrat partiyasının dəstəkçilərindən sayılır. Onun Bill və Hillari Klintonlara yaxınlığı da hamıya məlumdur. Aktyorun Klintonların fonduna külli miqdarda pul köçürdüyü heç kimə gizli deyil.
Son qalmaqal Speysiyə ABŞ-da olduqca populyar olan “Kartlar evi” (House of cards) siyasi serialdakı rolundan məhrum olmasına başa gəlib. Həmin serialda o, prinsipsiz, və heç bir əxlaqi dəyərə malik olmayan ABŞ prezidenti “Frenk Andervud” rolunu canlandırırdı. Nəticədə filmi yayımlayan “Netflix” şirkəti serialın bir sonrakı sezonlarını dayandırmağa məcbur olub.
Lakin Hollivuddakı seks qalmaqalları bununla da bitməyib. Kinosevərlərə yaxşı tanış olan, Oskar mükafatçısı Dastin Hoffman da bənzər ittihamlara məruz qalıb. Bu dəfə onu yazıçı Anna Qrem Harter günahlandırıb.
Bundan başqa, aktyor Leonardo di Kaprio və onun rəhbərlik etdiyi Greenhour Corp şirkətində qadın işçilərə qarşı seksual sataşmaların baş verdiyi barədə mətbuatda yazılar peyda olmağa başlayıb.
Di Kaprio Demokrat partiyasının ən məşhur sponsorlarından hesab olunur. 2016-cı ildin avqustunda o, Hillari Klintonun dəstək gecəsini təşkil edib. Tədbirdə yığılan 3,4 milyon dollarlıq pul Hillari Klintonun seçki qərargahına köçürülüb.
MilliYol.Az
Digər xəbərlər
loading...