Müğənni Nadir Qafarzadə fəxri ad almadığı üçün sosial şəbəkədə etiraz edib
O, adının fəxri ad siyahısında olmamasına video vasitəsilə reaksiya verib:
“Fəxri ad nəyə görə verilir? Ona layiq olmalısan, bizdəsə kimin kimdən xoşu gəlir saldırır siyahıya. Buna nə vaxt son qoyulacaq? İndi mənim adamım yoxdur deyə haqqım tapdalanmalıdır? Daha bu qədər də yox da… Ölkədə haqsızlıq baş alıb gedir. Həmkarlarım elə düşünməsin ki, mən onların paxıllığını edirəm. Yox bu belə deyil. İllərdir dövlət tədbirlərində, cəbhə bölgəsində, halal xoşları olsun, seçkilər ərəfəsində külüng döy, çalış-vuruş canla başla çalış. Sonunda mükafatın olmasın. Bilmirəm bəlkə də bu videodan sonra məni aparacaqlar. Amma yenə də düşündüklərimi dilə gətirmək istədim. Allah canımıza dəyməsin. Yəqin ki, heç kim məni yanlış anlamaz. Ən azından, bir Allah bilir ki, nə qədər əziyyətim olub. Bu heç də paxıllıq deyil, sadəcə haqqımı tələb etməkdir. Bu videom heç kimi təəccübləndirməyəcək. Çünki mən dünənki uşaq deyiləm. Buna haqqım var”.
Onun etirazına müğənni Xatirə İslam da qoşulub. İfaçı sosial şəbəkədə video paylaşaraq etiraz edən Nadirin postuna rəy yazıb: “Əzizlərim, 18 ildir dayanmadan oxuyuram. Ön cəbhəyə qədər gedib çıxmışam, düz xəritənin o biri ucuna… Bütün dövlət tədbirlərinin hamısında təmannasız oxumuşam. Yəni mən yəqin ki, insanlar tərəfindən tələb olunmuşam ona görə də, aparıblar. Son vaxtlar ad alanların 90 faizini tanımıram, yəqin, yaxşı dostlarımız yoxdur, günah özümüzdədir. Seçkilərdə müğənnilərə ayrılan pula heç vaxt barmağımı vurmamışam. Çoxları qonorarsız getməyib və bu gün ən hörmətli olanları da onlardır. Allah hamısının canını sağ eləsin. İnşallah, vaxt gələr həqiqi istedadlar da öz layiqli yerlərini tutar. Qaqa, yəqin qarışıqlıq olub, yaddan çıxmışıq”.
Bir müddət sonra isə Nadir məlum paylaşımı silib.
Musavat.com məsələ ilə bağlı Nadir Qafarzadə ilə əlaqə saxlayıb. İfaçı bu haqda danışmaq istəmədiyini deyib: “Hazırda rayondayam, dincəlirəm. Nə zaman gələcəyimi bilmirəm. Sözümü videoda dedim. Artıq deyəcəyim söz yoxdur. Sözüm dedim, paylaşdım, sonra da sildim. Bu qədər”.
Qeyd edək ki, mayın 27-də Azərbaycan Prezidenti İlham Əliyev respublikanın mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Digər xəbərlər
loading...