Səbəblər arasında “qayınana” faktoru...
Azərbaycanda boşanma halları kəskin artıb. 20 il öncə ilə müqayisədə il ərzində boşanma statistikası 10 mini ötür. Belə ki, Azərbaycanda rəsmi orqanlar tərəfindən 1995-ci ildə 5 669, 2005-ci ildə 8 895, 2010-cu ildə 8900, 2011-ci ildə 10 747, 2012-ci ildə 11 087, 2013-cü ildə 11 730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma qeydə alınıb.
2016-cı ildə 13 114 boşanma qeydə alınıb. 2017-ci ilin ilk 4 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 18 min 229 nikah qeydə alınıb, boşananların sayı isə 4 min 896 olub.
Artan tendensiya odur ki, boşanan ailələr arasında 1 -2 illik, hətta 2-3 aylıq evli olan cütlüklərin sayı da artır.
Əksər məhkəmə işlərində isə səbəb kimi, gənc ailələrə böyüklərin, valideynlərin kənar müdaxilələri göstərilir. Buna səbəbi kimi, bəzən internet, sosial şəbəkələr, xarici seriallar və digər faktorlar göstərilsə də, ənənəvi faktorlar - sosial vəziyyət, köhnəlmiş adət-ənənələr, qayınana-gəlin problemləri və sair də böyük rol oynayır.
Ailədə, bağçada və məktəbdə uşaqların təhsil və tərbiyəsində qadının rolu böyük olduğundan həyatın növbəti mərhələsində də oğlan uşaqları anadan tam ayrılaraq müstəqil qərar verə, hərəkət edə bilmir.
Bu durumu “Yeni Müsavat”a açıqlamasında şərh edən psixoloq Azad İsazadə bildirdi ki, qayınana faktoru ailə institutunda çox böyük problemdir: “Bu problem hər zaman olub. Böyüklərin ailənin işinə müdaxilə etməsi həm müsbət, həm də mənfi təsir edə bilər. Müsbət ənənəyə görə, böyüklərin məsləhəti, gənclərin işinə qarışması bir müdriklik kimi qəbul olunur. Təəssüf ki, sadəcə, yaş müdrikliyin rəmzi deyil. Yaşlı insanlar gənc ailəyə müdaxilə edəndə, belə bir arqument gətirirlər ki, vaxtilə məni də qayınanam incidib və belə də lazımdır. Bu, gəlini tərbiyə etməyin bir yoludur.
İkinci söhbət isə böyüklərin ailəyə qarışmasından əlavə, sosial statusun dəyişməsidir. Artıq xanımlarımız daha müstəqil olub, savadlıdırlar, işləyirlər, bəzən ərlərindən heç də az qazanmırlar. Ailə içində onların statusu ikinci dərəcəli qalır. Son qərarları ər qəbil edir, icazə verir və ya vermir. Bu da istər-istəməz prosesə mənfi təsir göstərir, o cümlədən boşanmalara səbəb olur".
Psixoloqun sözlərinə görə, ailələrin dağılmasına internet, sosial şəbəkənin verdiyi imkanlar, seriallar və sair təsir etsə də, bu heç zaman əsas faktor olmayıb: “İnformasiya bolluğu sözsüz ki, ailə institutuna təsir göstərir. Hər bir təsirin də müsbət və mənfi tərəfləri var. Aydındır ki, sosial şəbəkəyə və seriala görə ana uşağını atmır. Deməli, o, əvvəlcədən belə bir tərbiyə alıb, bünövrəsində də var idi. Üstəgəl, bu kimi xarici təsirlər bu prosesi tətikləyir. Ancaq hamımız bu sosial şəbəkələrdən istifadə edir və seriallara baxırıq, lakin uşağımızı, ailəmizi tərk etmirik. Hansısa daxili senzor, qadağalar və qaydalar bizi əyləncədən imtina etməyə, övladımıza üstünlük verməyə məcbur edir. Uşağımız xəstələnərsə, işə getməkdə belə imtina edirik. Azərbaycan mental baxışına görə, normal işəgötürənlər də uşağa görə icazə verirlər. İstər qadın, istərsə də kişi öz övladını atıb gedirsə, deməli, tərbiyədə problem var. Ailənin içində də problem var, bütövlük, birlik yoxdur”.
Azərbaycanda oğlan uşaqlarının tərbiyəsi ilə bağlı yaranan problemlərdən biri də odur ki, onlar tərbiyə və şəxsiyyətin formalaşma dövründə yalnız qadınların nəzarəti altında olurlar. Ata işdə olduğundan evdə ana və nənənin, məktəbdə isə qadın müəllimələrin tərbiyəsi ilə böyüyürlər. Məlum olduğu kimi, məktəblərdə kişi müəllimlərin sayı da kəskin azalıb. Müəllimlərin maaşı həddindən artıq aşağı olduğundan, kişilər ailə saxlamaq üçün daha çox gəliri olan işlərə baş vurmalı olurlar.
Psixoloq bunun səbəblərini belə izah edir: “Səbəblərdən biri də odur ki, biz Azərbaycan ailəsi anlayışını bir qədər itirmişik. Əvvəllər ailə dedikdə biz baba, nənə, əmi, bibi, xala, dayı - hamısını nəzərdə tuturduq. Böyük ailə məfhumu var idi. O böyük ailədə böyüyən istər oğlan, istər qız, hansısa problemini, intim məsələlərlə bağlı məsləhətləri belə ata-ana ilə yox, əmi ilə, xala ilə müzakirə edirdilər. Valideynlərlə pərdə saxlanılırdı. Biz bu böyük ailəni itirmişik, 3-4 nəfər qalmışıq, ata, ana və iki uşaq. Burada da rollar dəyişir, ata bütününü işdə olur, oğlan uşaqları da anası ilə böyüyür, məktəbdə qadın müəllimədən tərbiyə alır. Oğlanlara verilə bilən kişi məsləhəti azalıb. Oğlan uşaqlarının ətrafında kişi qohumları azalıb. Məhəllədə isə özündən böyük uşaqlardan oğlanlar heç də yaxşı şey öyrənmir. Onlardan siqaret çəkməyi, içki içməyi, söyüş söyməyi öyrənirlər və sair. Bu uşaqlara əmi, dayı təsiri xeyli azalıb”.
MilliYol.Az
Digər xəbərlər
loading...