Bakının Binəqədi rayonu Mir Cəlal küçəsi ötən ilin noyabr ayından bəri təmir olunur. Uzunluğu 1,7 kilometr olan yolda nəqliyyat tamamilə iflic olub. İntensiv hərəkət müşahidə olunan yolun bir zolağı tamamilə bağlandığından avtomobillər ensiz zolaqda ikitərəfli hərəkət etmək məcburiyyətində qalıblar
Yaxınlıqda yaşayan sakinlər virtualaz.org-a yolda yenidənqurma işlərinin həddindən artıq ləng getdiyindən şikayətlənirlər.
Onların sözlərinə görə, yolun hərəkət hissəsi qazıldığından küçədə xüsusən günün pik saatlarında dəhşətli tıxaclar olur. Asif Məhərrəmov və Moskva prospektləri istiqamətində də iri avtobusların hərəkətində çətinliklər yaranır.
“Bu yolda nə var ki, onu aylardır təmir edirlər, bitmir? Belə zülm olar? İnanın, həyatımızdan bezmişik, günümüz gün deyil. Bu yola görə hər gün əsəb keçiririk. Ona yanırıq ki, adını təmir qoyublar, aylardır iş görən yoxdur. Gəlin özünüz də baxın, küçənin başlanğıcından necə qazıblar, elə də qalıb. İşləmirlər, az qalırıq ki, özümüz düşüb onların yerinə fəhləlik edək. Bizim imkanımız yoxdur, siz bu işlərə rəhbərlik edən şəxslərə çatdırın ki, asfaltı versinlər, özümüz çəkək...”, - deyə 9-cu mikrorayon sakini Gülarə Mustafayeva bildirir.
Digər sakin Elşad Məstəliyev isə deyir ki, xüsusən axşam işdən qayıdan zaman tıxacı keçib evinə gedə bilmir: “Axşam evə qayıdanda burada elə tıxac olur ki, evə gedib çıxa bilmirəm. Camaat maşını saxlamağa yer tapmır. Biz də istəyirik təmir olunsun, gözəl yol çəkilsin, amma bu qədər vaxta təzə mikrorayon salmaq olardı. Bunlar bir kilometr yolu çəkib qurtara bilmirlər. Bu küçədə, yaxın küçələrdə yaşayan insanları da nəzərə alsınlar, axı biz də insanıq...”
Sakinlər həm də qarşıdan gələn yay aylarında yolu bürüyən toz-torpağın bir az da artacağını deyirlər. Uşaqlarını məktəbə aparan valideynlər azı 4 dəfə bu yolu keçmək məcburiyyətində qaldıqlarını deyirlər. Qazılan torpaq təpə kimi yığıldığından sakinlərin hərəkətinə mane olur.
Təmirin 5-6 ay ləngiməsi həm də yolun kənarında olan marketləri müflis edir. Xüsusən kiçik mağaza və obyekt sahibləri müştərilərinin iki dəfəyə yaxın azaldığını deyirlər.
Hazırda ərazidə “Azərsu” ASC-nin əməkdaşları işləyir. Lakin ləngimənin onlarla bağlı olmadığını deyirlər: “Yolu qazmalıdırlar ki, biz də boru çəkək. Qazıntı nə vaxt bitir, onda da biz işimizi görürük. Bizdən asılı olan səbəb yoxdur”.
“Azəriqaz” İB-in əməkdaşları da küçədə qaz borularını dəyişdirməklə məşğuldur. Onlar deyirlər ki, boruların dəyişdirilməsi metronun “Nəsimi” stansiyasına qədər davam edəcək. Bu işlər isə azı iki ay vaxt aparacaq.
“Yəni azı iki ay, bəlkə də, daha çox bu yol belə olacaq. Biz əlavə qaz xətləri çəkirik. Çünki əvvəlki borular sovet dövründən qalmışdı, yetərli deyildi. Bir milyon əhaliyə hesablanmışdı, indi isə Bakıda 5 milyona yaxın əhali yaşayır. Nə su çatır, nə qaz çatır. Ona görə də, böyük diametrli borular çəkilir. Bu işlər bitmədən asfalt çəkilə bilməz. Bu işləri görmək asan deyil, özünüz də görürsünüz ki, su borusu partlayıb. Ona görə bu gün işimiz xeyli yubandı. Olur ki, qəza olur, kiminsə əli əzilir, təhlükəli işdir. Biz bütün işləri bitirəndən sonra təhvil verəcəyik”, - deyə adını söyləmək istəməyən “Azəriqaz” əməkdaşı bildirir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də virtualaz.org-a açıqlamasında təmir işlərinin uzanmasını yolun altından keçəcək elektrik, qaz və su xətləri ilə əlaqələndirir.
“Təmir, yenidənqurma işləri çərçivəsində yüksək gərginlikli elektrik dirəklərinin sökülməsi, elektrik xətlərinin yerin altına keçirilməsi, həmçinin su və kanalizasiya xətlərinin çəkilməsi həyata keçirilir. Hazırda bu işlər aparıldığına görə bizim tərəfimizdən yolun yenidən qurulması bir qədər uzanıb. Həmin işlər yekunlaşandan sonra qısa müddət ərzində həmin yolun bərpası mümkün olacaq. İndi bu işlər yekunlaşmadığlna görə biz heç bir iş görə bilmirik. Orada yüksək gərginlikli elektrik xətləri olduğu üçün onların köçürülməsi bir qədər vaxt tələb edir. Həmin xətlər ölçüsü 2 metr olan xüsusi beton plitələrin altı ilə çəkilir. Artıq həmin xətlərin yerin altına köçürülməsinə başlanılıb”.
A.Nəcəfli həmçinin qeyd edib ki, yolun təmirinin təxminən bir ay ərzində yekunlaşdırılması nəzərdə tutulub.
Digər xəbərlər
loading...