ATƏT DTİHB Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərilə bağlı öz rəyini açıqlayıb
Qurumun ölkəmizə ezam olunmuş qısamüddətli müşahidə missiyasının rəhbəri Nilza de Sena bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının seçki öncəsi fəaliyyətini, həmçinin Azərbaycan hakimiyyətinin beynəlxalq müşahidəçilər üçün yaratdığı şəraiti yüksək qiymətləndirib.
N.Sena təmsil etdiyi qurumun bundan sonra da ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığın seçkinin əsl rəqabət şəraitində keçirilməsinə mane olan problemlərin aradan qaldırılmasına xidmət edəcəyinə inandığını deyib. Bununla yanaşı, müşahidə missiyasının rəyində bildirilir ki, seçki günü şəffaflığın lazımi səviyyədə olmaması və seçki qutularının bülletenlərlə doldurulması da daxil olmaqla, çoxsaylı qanun pozuntuları qeydə alınıb. Eləcə də, qeyd olunur ki, səslərin sayılması prosesi əsas etibarilə prosedurlara riayət edilməməsi və saxtakarlıq hallarının müşaiyəti ilə həyata keçirilib. Həmçinin, bir sıra müxalifət partiyalarının şəffaf rəqabət mühitinin olmaması səbəbindən seçkini boykot etdiyi, seçkiyə qatılan 8 namizəddən 7-nin regional strukturları və resursları olmadığından məhdud seçki kampaniyası keçirə bildiyi vurğulanıb.
ATƏT-in Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Marqarita Kiner Neplen də açıqlamasında seçki prosesilə bağlı müsbət fikirlərlə yanaşı, çatışmazlıqlara da toxunub. Neplen deyib ki, illərlə fikir azadlıqlarının boğulması və siyasi debatların məhdudlaşdırılması, namizədlərə bir neçə həftəlik təbliğat imkanının yaradılması ilə kompensasiya edilə bilməz. Bununla yanaşı, ATƏT PA hakimiyyətin əsl azad və ədalətli seçkiləri təmin edən açıq siyasi mühitin yaradılması istiqamətində atacağı bütün addımları dəstəkləməyə hazırdır.
Müşahidə missiyasında ATƏT-in bürosunu təmsil edən Korien Yonker isə deyib ki, ATƏT üzvü olaraq Azərbaycan hökuməti öz vətəndaşlarının demokratik haqlarını qorumalı və dəstəkləməlidir. Müşahidəçilər bildiriblər ki, seçkilərin təşkili və resurslarla təminatı yüksək səviyyədə həyata keçirilsə də, bitərəfliyin qorunub saxlanması sual altındadır.
Müşahidəçilər sırasında olan AŞPA nümayəndəsi V.Badea isə söyləyib ki, seçki günü bir neçə pozuntuya rast gəlsələr də, bu pozuntuların nəticələrə nə dərəcədə təsir etdiyini müəyyən edəcək mexanizmlər yoxdur. Sonda vurğulanıb ki, ATƏT DTİHB-nin Seçki Məcəlləsi ilə bağlı bundan öncəki tövsiyyələri nəzərə alınmasa da, ümumilikdə bu məcəllə geniş və yaxşı struktura malik sənəddir. (azpolitika.info)
Digər xəbərlər
loading...