İLƏ YEKUN VURMAĞIN VAXTIDIRMI?..
İlin sonunda insanlar adətən siyasi olayları yekunlaşdırmağı sevirlər. Amma növbəti il üçün proqnozları da maraqla izləyirlər.
Oxucunun bu xüsusiyyətini nəzərə alaraq elə biz də belə etməli idik – ilə yekun vurmalı və növbəti il üçün təxminlərimizi yazmalı idik...
Fəqət, ilin başa çatmasına hələ iki ay qalıbdır. Bu iki ay isə ölkə siyasətində də, xüsusən də Qarabağ problemində, necə deyərlər, nə iləsə yadda qala bilər. Hərçənd, bir daha deyirik ki, bunun ehtimalı elə də böyük deyildir.
Amma nə etmək olar? Bəlkə elə doğrudan da bu iki ay ən yeni tarixə hansısa siyasi olaylarla düşəcək?
Təbii ki, elə məsələlər var ki, onlar göz önündədir. Məsələn, təxminən bir həftədən sonra ABŞ-da prezident seçkiləri olacaq ki, bu da heç də az maraq kəsb etmir...
Amma bizi daha çox Qarabağ problemi düşündürür. Bəlkə də ona görə ki, bu, yeganə problemdir ki, hakimiyyətlə müstəqil və müxalif düşüncəli insanların münasibəti üst-üstə düşür.
Hakimiyyətə bu, ona görə lazımdır ki, ölkənin bir nömrəli problemini həll etməklə özünə sözün əsl mənasında birdəfəlik siyasi uzunömürlüyü təmin etmiş olsun...
Digərlərisə düşünür ki, heç olmasa, Qarabağ problemi həll olsun və cəmiyyət otuz ilin sınıqlığından çıxa bilsin. Həm də uşaqlarımız deməsin ki, bu nədir, atalar, bu problemi də bizi saxladınızmı?..
BİR PROBLEM, İKİ BƏYANAT...
Qərəz, böyük eyforiyadan və ümidverici diplomatik vədlərdən sonra gözlənildiyinin əksinə olaraq yayın son iki ayında bir qədər arxa plana keçmiş, elə bil unudlmuş Qarabağ problemi ətrafındakı sükut, nəhayət ki, yenidən pozulmaqda və kiçik də olsa, tərpəniş müşahidə olunmaqdadır...
Bəli, seyrək də olsa, bəyanatlar səslənir. Seyrək də olsa, diplomatik səfərlər olur. Belə ki, Minsk Qrupunun həmsədrləri elə bu yaxınlardaca bölgəyə daha bir səfər etdilər və dekabrın ilk günlərində Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməyə çalışçaqcaqlarını bildirdilər...
Azərbaycan tərəfdən isə təbii ki, daha çox ikicə detal yadda qaldı. Birincisi, rəsmi Bakı bir qədər gec də olsa da, ABŞ-ın dövlət katibi C.Kerrinin məşhur bəyanatı ilə bağlı açıqlama verdi və belə deyildi ki, Azərbaycan bunun heç də ABŞ-ın rəsmi, dövlət mövqeyi olduğuna inanmır, çünki bu ölkənin prezidenti də dəfələrlə Qarabağdakı status –kvonun məqbul olmadığını deyib...
Digər yadda qalan açıqlama isə Dağlıq Qarabağın siyasi statusu ilə bağlı oldu. Rəsmi Bakı Qarabağa müxtar respublika statusunu verməyə hazır olduğunu bəyan etdi. Amma buna qarşı tərəfdən – Ermənistandan heç bir münasibət gəlmədi...
Bəlkə də ona görə ki, əvvəlki vaxtlarda Bakı Qarabağa bundan da artıq status verməyə hazır olduğunu bildirmişdi. Di gəl, elə o vaxtlar da erməni tərəfi buna elə bir reaksiya verməmişdi. Məsələ də bundadır ki, ermənilər həmişə Dağlıq Qarabağın müstəqilliyində israr edib...
Elə bu səbəbdən də tamam mümkündür ki, bu il dekabr ayında prezidentlər bir daha görüşəcəklər. Amma bu görüş nəyi dəyişəcək? Nə ilə yadda qalacaq? Çox təəssüf, bu sualların elə bir nikbin cavabı yoxdur.
RUSİYA İLƏ AZƏRBAYCANIN DANIŞIĞI NİYƏ ALINMADI?..
Təsadüfi deyildir ki, bəlkə də məhz bunu irəlicədən duyaraq mediada artıq seyrək də olsa, yenidən hərbi əməliyyatlara müraciət etmək haqda çağırışlar səslənir...
Amma son söz medianın deyil, hökumətindir. Sözsüz ki, son anda hansı üsula və yola müraciət ediləcəyini hökumət müəyyən edəcək. Amma gəl ki, elə hökumət də bu haqda hələ konkret açıqlama vermir...
Bizə elə gəlir ki, bu, da səbəbsiz deyildir. Apreldə hərbi əməliyyatların çox qısa çəkməsi əslində o demək idi ki, bu yolda da konkret maneələr vardır. Üstəlik, ötən bir neçə ay ərzində Rusiyanın da mövqeyində müəyyən korrektələr hiss olundu. Sanki yayda Yerevanda polis binasının ələ keçirilməsilə başlanan siyasi insident Rusiyanı daha “tədbirli” olmağa və Ermənistandakı “ictimai ovqat”ı nəzərə almağa təhrik etdi...
Dağlıq Qarabağla bağlı “V.Putin planı” ətrafındakı böyük eyforiyadan sonra belə güman etmək olardı ki, Rusiya Ermənistana bir azacıq təzyiq edəcək, onu daha realist siyasət yürütməyə, Qarabağ üçün təklif olunan “aralıq status”la razılaşmağa sövq edəcək. Amma belə olmadı və sanki hər şey tərsinə çevrildi - Ermənistan Rusiyaya təzyiq etməyə başladı...
Hələ bu, da azmış kimi, “dost”umuz Rusiya Yerevanın küçələrində “İsgəndər”lərini nümayiş etdirdi. Bəs niyə belə oldu? Niyə görə Rusiya Ermənsitanı sülhə məcbur etməyin əvəzinə onu bir az da qızışdırmağa və daha da arxayınlaşdırmağa başladı?..
Bizə elə gəlir ki, bütün bunlar ona görə belə oldu ki, Azərbaycanla Rusiyanın “söhbət”i, danışığı baş tutmadı. Dəfələrlə yazmışdıq ki, Rusiya heç bir halda siyasi filantropiya ilə məşğul olmaz. Qarabağın, daha doğrusu isə, beş rayonun qaytarılmasının müqabilində o, heç şübhəsiz ki, Azərbaycandan Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatına (KTMT) və yaxud da Avrasiya İttifaqına üzv olmağı tələb edəcəkdi...
Həm də Rusiya Qarabağ kimi siyasi “rıçaq”lı heç vaxt əlindən verməz və bir daha vurğulayırıq ki, ilk olaraq ağla gələn də bu idi ki, beş və yaxud da yeddi rayon qaytarılnadan sonra Rusiya bölgəyə “sülhməramlı”larını gətirməyə çalışacaq...
Elə Yerevanda məşhur “İsgəndər”lərin nümayiş etdirilməsi də, hər halda, ciddi bir mesaj idi və sanki bununla Rusiya Azərbaycana da KTMT-də olmağın üstünlüklərini nümayiş etdirmək istəyirdi...
Ümumiyyətlə, bizə həmişə elə gəlib ki, nə qədər ki, Rusiya ayaq üstədir, nə qədər ki, bu ölkə dünya və bölgə siyasətində söz sahibidir, o, heç bir halda Qarabağın Azərbaycana qaytarılmasına imkan verməyəcək, çünki bu ölkənin “Qarabağ kartı” zamanın sınağından keçib və hətta Rusiyanın ən çətin bir durumunda da ona Azərbaycanı və Ermənistanı öz orbitində saxlamağa imkan verdi...
Burada yadıma bir detal düşür. Təxminən 93-94-cü illər olardı. Rusiyanın o vaxt dəbdə olan politoloqlarından biri – Andranik Miqranyan “Nezavisimaya qazeta”da böyük bir məqalə ilə çıxış etmişdi. Yazınının da məğzi də bu idi ki, nə qədər ki, Rusiya özü siyasi – iqtisadi böhrandan çıxmayıb ətrafındakı keçmiş sovet ölkələrindəki etnik və ərazi münaqişələrini qızışdırmalı, onları sönməyə qoymamalıdır. Yada salım ki, A.Miqranyan o vaxtlar Rusiyada prezident şurasının üzvü idi...
Demirəm ki, A.Miqranyan belə yazmasaydı Rusiya baçqa cür hərəkət edəcəkdi, yox, o, yazmasaydı da başqa birisi yazacaqdı. Amma bizimlə ermənilərin arasında həmişə ciddi bir fərq olub. O, da budur ki, erməni tərəfinin Rusiyanın siyasətini istiqamətləndirmək imkanları həmişə daha çox olub...
PROQNOZ VERMƏK DƏ ADAMI AĞRIDIR...
Təbii ki, Azərbaycanı hələ də Rusiyanın siyasi orbitində saxlayan təkcə Qarabağ problemi deyil, ölkədəki avtoritar siyasi sistemin özəl maraqları da burada az rol oynamır. Azərbaycan avtoritarizminin əsas siyasi dayaqlarından biri Rusiyadır. Burada keçirilən bütün səviyyəli seçkiləri ilk tanıyan ölkə də məhz Rusiya olur.
Üstəlik, rəsmi Bakı daim Qərb ölkələrini Rusiya ilə dostluğu ilə şantaj edir və Qərblə azacıq soyuqluq yaranan kimi Bakı Moskvaya doğru dreyf etməyə başlayır...
Amma heç şübhəsiz ki, Qarabağ problemi Rusiyanın bölgədə ən əsas “rıçaq”ıdır. O ki qaldı digər ölkələrə və xüsusən də ABŞ-a, əslində C.Kerri ölkəsinin məsələyə münasibətini açıqlamışdı...
Üstəlik, ABŞ indi prezident seçkisi ərəfəsindədir və B.Obama administrasiyanın üzvləri hazırda daha çox hakimiyyət dəyişikliyindən sonra nə ilə məşğul olacaqlarını düşünməklə məşğuldurlar...
Böyük ehtimalla seçkidə qalib H.Klinton olacaq və bunu bir neçə dəfə yazmışıq. Hərçənd ki, bu qələbə heç də asan başa gəlməyəcəkdir. Ən azı sosioloji sorğulara inansaq, D.Tramp da, necə deyərlər, “az aşın duzu” deyil. Bütün hallarda, düşünmək olar ki, hakimiyyət ölkə demokratlarının əlində qalacaq. Amma hətta belə olsa da, nə B.Obama özü, nə də ki, H.Klinton dövlət katibi olarkən Qarabağ problemilə bağlı hər hansı bir şəkildə yadda qalmadırlar.
Hələ bu, azmış kimi, dövlət katibi olarkən xanım Klintonun Türkiyə ilə Ermənistan arasında məşhur Sürix protokolları imzalanarkən sifətində elə bir təntənə və sevinc vardı ki, sanki ömrünün ən gözəl bir çağlarıını yaşayırdı – bu, elə bir detaldır ki, onu bir daha vurğulamaqdan özümüzü heç cür saxlaya bilmədik.
Məsələ bundadır ki, Hillari xanım da ilk öncə siyasətçidir və onu da bir ölkənin və yaxud da millətin haqqından çox amerikalı ermənilərin səsləri maraqlandırır...
Ona görə də yazının lap əvvəlindəki suala qayıdaraq bir daha demək olardı ki, böyük ehtimalla ilin sonuna qədər bir şey baş verməyəcəkdir. Bəli, ola bilsin, ilin sonlarına yaxın və ya gələn ilin əvvəlində prezidentlər görüşəcəklər...
Elə hərbi teatrda da hansı dəyişikliklərin baş verəcəyi də gələn il aydın olacaq. Qərəz ki, bu ilin son aylarının payına sadəcə, gələn il nələrin baş verəcəyini təxmin etmək düşür...
Bu isə artıq, necə deyərlər, bizim – siyasi təhlilçilərin işidir. Sadəcə, bir məsələ var – inanın, ümidsizlik fonunda proqnoz verməkdən ağrılı-acılı heç nə yoxdur...
Hüseynbala Səlimov
Digər xəbərlər
loading...