Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan 25 yaşlı Murad Həsənov və 20 yaşlı Yusif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib.
Prosesdə zərərçəkmişlər dindirilib. Zərərçəkmiş Emin İlyasov ifadəsində göstərib ki, ötən ilin noyabr ayında "Elmlər Akademiyası" metro stansiyasında karta pul yükləyən zaman iki nəfər ona yaxınlaşıb: ”Dedilər ki, kartımız yoxdur, sənin kartına pul yükləmək istəyirik. Razılaşdım, qatara da bir yerdə mindik. "20 Yanvar"da düşəndə yenə mənə yaxınlaşıb zəng vurmaq üçün telefon istədilər, verdim, amma qaytarmadılar. Pul tələb edəndə dedim ki, tələbəyəm, özümün pula ehtiyacım var. Nömrəmi və yaddaş kartımı qaytarmalarını xahiş etdim. Razılaşdılar, sonra da telefonu götürüb getdilər”.
Zərərçəkmiş telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib: “Məni hədələdilər. Sonradan adını bildiyim Yusif əlini belinə aparıb dedi ki, səni vuraram. Ona görə də, telefonu verdim”.
Təqsirləndirilən Yusif Nəbiyev isə hadisə zamanı tək olduğunu deyib. Zərərçəkmiş onun yalan danışdığını bildirib.
Zərərçəkmiş Kamran Şirinov ifadəsində göstərib ki, "Sahil" metro stansiyasının yaxınlığında bir nəfər yaxınlaşıb onunla söhbət etmək istəyib: "Dedi ki, "Torqovı” mənim ərazimdir. Nə söhbətin, nə problemin olsa, bir qardaş kimi qulluğunda hazıram. Telefonuma baxmaq istədi. Dedi ki, içəridə yaxşı qardaşlar var, onlara pul çatmalıdır”.
Y.Nəbiyev K.Şirinova telefonu girov qoyub pul götürəcəyini və bir həftəyə kimi geri qaytaracağını bildirib: “Razılaşmaq istəmədikdə hədələdi, dedi ki, onsuz da əlindən alacağam, buna mənim “zasluqa”m çatır”.
Hakim təqsirləndirilən şəxsdən “zasluqa” sözünün mənasını soruşsa da, Y.Nəbiyev cavab verə bilməyib.
Məhkəmə prosesi oktyabrın 25-də davam edəcək.
Qeyd edək ki, Y.Nəbiyev oğurluq etməkdə, soyğunçuluqda və quldurluq əməlləri törətməkdə ittiham olunur. O, özünü "kriminal aləmin adamı" kimi təqdim etməklə müxtəlif şəxslərin telefonunu hədə-qorxu yoluyla ələ keçirib. Y.Nəbiyev sadalan cinayətləri təkbaşına törətməyib. Ona bu işdə Murad Həsənov “yardım” edib.
Y.Nəbiyev quldurluq etdiyi adamlara telefonu satıb pulunu həbsxanada olan kriminal aləmin üzvlərinə göndərəcəyini deyirmiş.
Y.Nəbiyevin atası Mehman Nəbiyev də qətl törətdiyinə görə həbsxanadadır.
MilliYol.Az
Digər xəbərlər
loading...