Haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayevin əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla söhbətinin davamını təqdim edirik. Həmin söhbətin əvvəli ötən buraxılışlarımızdan birində dərc olunmuşdu
- Dərhal daha bir sual meydana çıxır. Necə düşünürsünüz, yerli bazarda özünüməşğulluq bu və ya digər sahədə hansı paya malik ola bilər?
- Ünvanlı sosial yardıma görə bizə təxminən 100 min ailə müraciət edib. Hazırda onların hamısı yardım alır. Biz hərtərəfli araşdırma apardıq və müəyyən etdik ki, müraciət edən ailələrin 30 faizində doğrudan da işləyən heç kim yoxdur. Lakin bu ailələrin bir üzvü işləsə və tutaq ki, ayda 500 manat qazansa belə o, ailənin ehtiyaclarını ödəyə bilməz. Bir qayda olaraq, belə ailələr çoxuşaqlıdır.
Biz qalan 70 faiz ailələri özünüməşğulluq proqramına cəlb etməyi planlaşdırırıq. Çünki bu ailələrdə əmək qabiliyyətli insanlar var, onlar işləyib qazanmaq istəyir. Bizim hesablamalarımıza görə, bu ailələr 300-400 min adam deməkdir. Yəni söhbət bizim cəmiyyətin böyük təbəqəsində həyatın dəyişməsindən gedir. Həmin 300-400 min adam dövlətdən yemək pulu yox, aktivlər alacaqlar və onun köməyi ilə öz işlərini quracaqlar. Sonradan bütün bu ayrılan vəsaitlər dövlət büdcəsinə geri qayıdacaq. Bu proqramı yerinə yetirərkən biz ÜDM-in artımını və ya digər makroiqtisadi göstəriciləri yaxşılaşdırmağı qarşıya məqsəd qoymuruq, əsas məqsəd sosial dövlətin əsas prinsiplərini - vətəndaşları dəstəkləməyi həyata keçirməkdir.
Biz Məşğulluq Mərkəzi vasitəsilə daha bir araşdırma apardıq və məlum oldu ki, ölkədə əmək qabiliyyətli 890 min qadın heç yerdə işləmir. Təsəvvür edirsiniz? Onların hamısı evdə oturub.
- Bu fantastik rəqəmdir! Əmək qabiliyyətli əhalinin az qala 20 faizi...
- Daha doğrusu, 15 faizi, əmək qabiliyyətli əhalinin sayı 6 milyondan yuxarıdır. Göründüyü kimi, qadınların çoxu işləmək istəmir və bu, böyük ölçüdə milli ənənələrin xüsusiyyətindən irəli gəlir. Qadınlar açıq deyirlər ki, işləmək istəmirik, çünki ev işləri ilə məşğuluq. Və onlar kömək üçün müraciət etmirlər, iş axtarmırlar, nəticədə, onları işsiz kateqoriyasına aid etmək olmaz.
- Bu qadınları özünüməşğulluq proqramına cəlb etmək olar, elə deyilmi? Xüsusən də söhbət ev təsərrüfatından gedirsə...
- Tamamilə doğrudur. Biz belə də planlaşdırırıq. Sovet dövründə əhalinin bu hissəsi tarlalarda işləyirdi. Bəli, onlar ev təsərrüfatı ilə də məşğul idilər, ancaq tarlada da işləyirdilər. Biz onları həmin proqrama cəlb etməklə gəlir əldə etmələrinə imkan yaradacağıq. Həmin gəlirləri onlar öz ailələrinə sərf edə bilər. Azərbaycanlılar kiminsə hesabına yaşamağa aludə deyil, biz öz zəhmətimizlə qazanmaq istəyirik, kiməsə yük olmağı deyil. Ona görə də, onlar işləyəcəklər və qazanacaqlar. Hazırda bizim siyasətimizin əsasında əhalinin özünü işlə təmin etməsi dayanıb. Bu gün Azərbaycanda cəmi 5 faiz işsiz var. Və bu, həqiqətdir, inanın! Bizə işlə bağlı 252 min adam müraciət edib və biz onları işsiz kimi qeydə almışıq.
- Axı bu rəsmi rəqəmdir. Yüz minlərlə işsiz var ki, sizə müraciət etmir. Ölkədə işszliyin real səviyyəsi necədir?
- Axı biz vətəndaşların işsiz statusu almasına mane olmuruq, elə deyil?! Mən dörd ildir nazir postunu tuturam. Tam məsuliyyətimlə deyirəm ki, bu müddət ərzində bir dəfə də olsun hansısa işsizin bizim mərkəzlər tərəfindən qeydə alınmaması ilə bağlı şikayət daxil olmayıb. Üstəlik, Beynəlxalq Əmək Təşkilatının kriterilərı var. Əgər kimsə məşğulluq mərkəzinə müraciət etmirsə, onu işsiz saymaq olmaz. Bu məsələdə subyektiv dəyərləndirmə yolverilməzdir.
- Düzünü desəm, mən inanıram ki, ölkədə işsizlərin sayı daha çoxdur...
- Mən sizə misal gətirdim - 890 min qadın bizə müraciət etməyib. Faktiki olaraq onlar işsizdir. Lakin özlərini işsiz saymırlar. Açıq danışaq, Bakıda və digər şəhərlərdə iş tapmaq olar, sadəcə olaraq, bir çox hallarda insanlar özləri işləmək istəmir. Kənd yerlərində isə iş yerləri ilə bağlı problem var.
- İcazə verin, sizinlə razılaşmayım. Biz Masallıda olanda çiyələk plantasiyalarınn sahibləri şikayətlənirdi ki, ayda 300-500 manat əmək haqqına işçi tapıb işlədə bilmirlər. Çünki rayon əhalisinin yarıdan çoxu sosial yardıma öyrəşib! Əgər dövlət müftəxorları yedirdirsə, onlar niyə işləsinlər ki?
- Ola bilməz, Masallıda yardım alanlar belə çox deyil.
- İnanın ki, çoxdur.
- Niyə mübahisə edirik? Statistika var, mənim əlimin altındadır.
Nazir öz iPad-nı açır, nazirliyin saytına daxil olub Masallı barədə məlumatlara birgə baxırıq. Mən nazirin təəcübləndiyini görürəm: “Hə, doğrudan da Masallıda yardım alan çoxlu ailə var. Oho, 3 minə yaxın! Bəli, bu yüksək göstəricidir. Ölkə üzrə göstəricidən yüksəkdir. Lakin ən çox Astaradadır. Bu bizim qanayan yaramızdır”.
- Mən də bunu deyirəm...
- Bizdə ümumiyyətlə cənub bölgəsi ilə bağlı problem var. İnsanlar işləmək istəmir...
- Sosial yardıma görə.
- Lakin biz hazırda buna qarşı real mübarizə aparırıq, xüsusən də qanunvericilikdə edilən düzəlişdən sonra. Yardım alanların sayını 163 min ailədən 97 min ailəyə endirmişik. Məsələn, kiminsə torpağı var, ancaq onu əkib-becərmir, işləmir. Əvvəllər bunu gizlətmək olurdu, ancaq Vergilər Nazirliyinin xətti ilə ümumi məlumat bazasının daxil edilməsindən sonra biz artıq bilirik ki, kim sahibkar kimi qeydiyyatdan keçib. Əgər adamın torpağı varsa və onu əkib-becərmirsə, dərhal ünvanlı sosial yardımdan məhrum edilir. Mən insanlardan soruşuram - torpağınız var, niyə əkib-becərmirsiniz, işləmirsiniz? Onlar deyirlər ki, buna çoxlu vəsait lazımdır. O zaman mən deyirəm ki, torpağı satın. İstəmirlər! İşləmək də istəmirlər. Bu nə məntiqdir? Üstəlik, dövlətdən ünvanlı yardım tələb edirlər.
İndi biz qanunvericilikdə daha bir düzəliş təklif etməyi planlaşdırırıq ki, ünvanlı yardım üçün ancaq bir ailə üzvünün öhdəsində 4 əmək qabiliyyətli olmayan ailə üzvü olanlar müraciət edə bilər.
Digər tərəfdən, ölkədə orta aylıq əmək haqqı 522 manatdır. Tutaq ki, ailə beş nəfərdən ibarətdir. Bu ailənin minimal ehtiyac zənbili 580 manatdır. Əgər ailə başçısı 522 manat qazanırsa, o zaman o ailəsinin minimal ehtiyaclarını təmin edə bilməz və deməli, bu ailənin ünvanlı yardım üçün müraciət etmək hüququ var, elə deyilmi? Lakin biz ailələrin yardım üçün müraciət etmək hüququnu məhdudlaşdırmalıyıq. Məsələn, ailə 8 nəfərdən ibarətdir, onlardan 5-i əmək qabiliyyətlidir. Lakin işləmək istəmirlər, sosial yardım tələb edirlər. Sual olunur, niyə?
Biz bu və ya digər ailənin sosial yardım üçün müraciət etmək haqqını müəyyənləşdirmək üçün vahid avtomatlaşdırılmış sistem tətbiq etmişik. Bu sistemin tətbiq olunduğu 4 ay ərzində bir çoxları yardımdan məhrum edilib. İnanın ki, bu sahədə sui-istifadə halları minimuma enib.
- Sizin nazirliyiniz yoxsulluğa qarşı mübarizə ilə bağlı hansısa proqram həyata keçirirmi?
- Yoxsulluqla mübarizəyə dair dövlət proqramı var və bizim nazirlik bu proqramın həyata keçirilməsində iştirak edir. İlk növbədə ünvanlı sosial yardım proqramı ilə. Təəsüf ki, bir ağrılı məsələni də qeyd etməliyik - əhalinin qeydiyyatdan kənar gəlirlərini. Bu, az qala hər ailədə var. Bizim vətəndaşlarımız gəlirlərinin xeyli hissəsini gizlədir.
- Hökumət bu gəlirləri hesablaya bilərmi?
- Əlbəttə, hesablayır. Hər il statistika aparılır, əhalinin gəlirləri bölməsində gəlirlərin tərkibi göstərilir. Və orada maaşlar, sosial transfertlər, digərləri əksini tapır. Qalan gəlirlər sahibkarlıq və digər fəaliyyət növlərindən əldə edilir. Əlbəttə, pul kütləsinin axını və istehlak xərcləri vasitəsilə gizlədilmiş gəlirləri də müəyyən etmək olar. Lakin maaşlar əhalinin gəlirlərində cəmi 26-27 faiz təşkil edir, bu çox aşağı göstəricidir!
- Fantastikdir! Bəs inkişaf etmiş ölkələrdə necədir?
- Avropa ölkələrində təxminən 67 faiz.
- Belə çıxır ki, hamı vergidən yayınır?
- Həm vergilərdən, həm sosial sığortadan. Kölgə iqtisadiyyatı və qeyri-leqal məşğulluq çox ölkələrə xasdır. Məsələn, Avropada leqal sektorda qeyri-leqal məşğulluq problemi çox aktualdır. Kriminal seqmentdə məşğulluq problemi də var.
- Sizin nazirliyinizin qarşısındakı əsas problemlərdən biri də saxta əlillik arayışları verən “VTEK”lərin kriminal fəaliyyəti idi. Hazırda bu sferada işlər necədir?
- Biz bu problemi tamamilə həll etdik. İnanın, bu sahədə korrupsiyaya qalib gəldik. Hətta avropalı həmkarlarımız da uğurlu təcrübəmizi öyrənirlər. Misal üçün, avstriyalı həmkarım cənab prezidentlə görüşdə uğurlarımızı xüsusi qeyd edib və etiraf edib ki, Azərbaycan təcrübəsini öyrənməyə gəlib. Bu problemin həllində biz çox sadə sxem tətbiq etmişdik.
Əlillik nədir? Bu, insanın həyat qabiliyyəti funksiyalarının bir qismini itirdiyi vəziyyətidir. İnsan hansısa xəstəlikdən əziyyət çəkir, yaxud yol qəzasına düşür, eyni zamanda, həyat qabiliyyəti funksiyalarının bir qismini itirdiyi üçün xəstəxanada müalicə olunur və 88 saylı forma - əlilliyin təyin edilməsi məqsədilə göndərişin alınması üçün həkim-məsləhət komissiyasına müraciət edir. Bu arayışlar HMK-da yaşayış yeri üzrə verilirdi. Tez-tez, açığını deyək, vətəndaşlar bu arayışı rüşvətlə alırdı. HMK-dan “VTEK”ə göndərirdilər ki, o da həmin rayonda – yaşayış yeri üzrə yerləşirdi. Burda da bir sövdələşmə və arayışın hazırdır.
Səmimi etiraf edirəm ki, təyinatımdan sonra cənab prezident ilk növbədə mənə tapşırıq verdi ki, bu komissiyalar ətrafında vəziyyəti qaydasına salım və həmin sui-istifadə hallarına son qoyum. Cənab prezident qarşıma iki əsas vəzifə qoydu – ünvanlı sosial yardım və əlillik. Bunlar ikisi qanayan yaralardı. Əvvəlcə kadrların təmizlənməsinə başladım. Mənə belə gəlirdi ki, rüşvətxorları aradan götürməklə vəziyyəti sağlamlaşdırmaq olar. Anladım ki, sui-istifadə halları insan amili ilə bağlı deyil – institusional islahat lazımdır.
Bundan əlavə, problemi öyrənərək nəticəyə gəldim ki, arayışların 80%-i ikinci dərəcə əlillik üzrə verilir. Halbuki “VTEK”də nə həkim, nə də həyat fəaliyyəti funksiyalarının itirilməsini təyin edəcək xüsusi diaqnostik aparatlar yox idi. Onlar yalnız HMK-nın qərarına möhür vururdular.
Elə bu vaxt prezidentin köməkçisi Fuad Ələsgərov məni dəvət etdi. O, mənə açıq şəkildə bildirdi: niyə belə əziyyət çəkirsən, problemi institusional islahat vasitəsilə həll etmək lazımdır! Başqa sözlə, sistemli şəkildə. Soruşdum ki, necə? F.Ələsgərov bildirdi ki, əlillik üzrə arayışların verilməsində “VTEK”in rolunu tamamilə heçə endirmək lazımdır. O, mənə bu problematika üzrə alman mütəxəssislərinin konsepsiyasını təqdim etdi. Mən Almaniya təcrübəsini öyrənməyə başladım.
Orada vəziyyət necədir? Uşaq anadan olan kimi Almaniyada onun adına kod verilir və bütün xəstəlik tarixi ölənə qədər həmin kodla aparılır. İnformasiya Səhiyyə Nazirliyində arxivləşdirilir. Əmək qabiliyyətinin bir hissəsini itirdikdə adam Əmək nazirliyinə müraciət edir. Əmək nazirliyinin mütəxəssisləri ərizəçinin xəstəlik tarixini öyrənirlər. Başqa sözlə, anonimlik sistemi bu sahədə sui-istifadə imkanlarını tamamilə heçə endirir.
Biz alman təcrübəsini necə tətbiq etdik? Mən səhiyyə naziri Oqtay Şirəliyevlə görüşdüm və ondan ümumi informasiya bazasının yaradılmasını və 88 saylı formanı elektron versiyaya keçirməyi xahiş etdim. Ərizəçilərin adlarını kodlaşdırdıq. Məsələn, kimsə əlilliyin təyin edilməsi üçün müraciət edir. Onun bütün xəstəlik tarixi Səhiyyə Nazirliyinə göndərilir, oradan isə “VTEK”lərdən (TSEK) birinə yollanır, lakin ad və familiya göstərilmədən – kod şəklində. Bundan başqa, Səhiyyə Nazirliyi əlilliyin təyin edilməsi üçün formanı yaşayış yeri üzrə göndərmir. Məsələn, kimsə Bakıda müraciət edir, onun işinə Gəncənin “VTEK”i baxır. Müraciətlər avtomatlaşdırılmış elektron proqramın köməyi ilə anonim və insan amilinin iştirakı olmadan yollanır. Bu sistemdə sui-istifadə halları 100 faiz aradan qalxır. Çünki sistem heç vaxt müraciətləri yaşayış yeri üzrə göndərmir. Nəticələr ümumi bazada yerləşdirilir. Ərizəçi isə öz ərizəsinin taleyi ilə bağlı məlumatı elektron sistemdə ala bilir.
Bax bu cür biz korrupsiyaya qalib gəldik, lakin başqa bir problemlə qarşılaşdıq.
- Hansı?
- Həkimlər kütləvi şəkildə işdən çıxır. Tezliklə bir əməkdaşımız da qalmayacaq. Əməkhaqqı çox kiçikdir. Həkimlər 400 manat alır. Maaşları qaldırmaq lazımdır. Bu il 111 nəfər həkim əlilliyə görə 45 mindən çox sifarişə baxıb. Və bu cür kiçik əməkhaqqı alırlar! Buna görə də, çoxları gedir. İndi komissiyaların sayının azaldılması barədə düşünürəm. Hələlik başqa çıxış yolu yoxdur...
MilliYol.Az
Digər xəbərlər
loading...